Baş nazir Artur Rasizadə 2011-ci il
üzrə ARDNF-in Müşahidə
Şurasının sədri seçilmişdir
İyunun 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
ARDNF-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin rəhbərliyi ilə keçirilən iclasda Fondun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2010-cu il büdcəsinin icrası, eləcə də 2011-ci il büdcəsində əlavə və dəyişikliklərin edilməsi məsələlərinə baxılmışdır.
Müşahidə Şurası ARDNF-in icraçı direktorunun təqdim etdiyi qurumun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatına, həmçinin 2010-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Ernst ənd Yanq" şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və Fondun 2010-cu il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.
Müşahidə Şurası, həmçinin ARDNF-in 2011-ci il büdcəsinə dəyişiklikləri də məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara almışdır.
İclasda Baş
nazir A.Rasizadə 2011-ci il
üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri
seçilmişdir.
Azərbaycan.- 2011.- 1 iyul.- S. 4.