"Müstəqil
Azərbaycanın inkişafı rəqəmlərdə" mövzusunda elmi simpozium keçirilmişdir
İyunun 30-da Dövlət Statistika Komitəsində (DSK) Təhsil Nazirliyi, DSK və AMEA-nın təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" mövzusunda elmi simpozium keçirilmişdir.
Simpoziumda AMEA-nın akademikləri və müxbir üzvləri ilə yanaşı, təhsil və statistika sahəsində mütəxəssislər, bir sıra dövlət qurumlarından və nazirliklərdən nümayəndələr də iştirak etmişlər.
DSK-nın sədri Arif Vəliyev müstəqillik illərində Azərbaycanın sosial, iqtisadi inkişafı, ölkənin inkişafının statistik göstəriciləri haqqında danışmışdır. Bildirmişdir ki, 2004-2010-cu illərdə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3 dəfə, adambaşına düşən ÜDM 2,7 dəfə, sənaye məhsulunun istehsalı 2,8 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əməkhaqqı 4,3 dəfə artmışdır.
Təhsil naziri Misir Mərdanov müstəqillik illərində təhsilin inkişafından danışmışdır. Vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təhsil sahəsində ciddi addımlar atılmağa başlamışdır. Hazırda bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsilə dövlət qayğısı ilbəil artır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələr, inşa olunan məktəbəqədər təhsil müəssisələri, məktəblər üçün yeni binaların tikilməsi və digər mühüm işlər təhsilin inkişafına öz töhfəsini verməkdədir.
AMEA-nın prezidenti akademik Mahmud Kərimov və AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov müstəqillik illərində elmin inkişafından danışmışlar. Vurğulamışlar ki, son 20 ildə dövlət büdcəsindən AMEA-ya ayrılan vəsaitin miqdarı 5,5 dəfə artırılmışdır. Akademiyanın 6 mindən çox əməkdaşı xarici ölkələrdə elmi ezamiyyətlərdə olmuş və birgə elmi işlər aparmışlar. 2011-ci ildə akademiyaya ayrılan vəsait 68 milyon manat olmuşdur.
Naxçıvan MR DSK-nın sədri Bəxtiyar İsmayılov müstəqillik illərində Naxçıvanın sosial, iqtisadi inkişafı haqqında məruzə ilə çıxış etmişdir. Diqqətə çatdırmışdır ki, ötən il ÜDM-in həcmi 1995-ci ilə nisbətən 27 dəfə, adambaşına düşən ÜDM-in həcmi 22 dəfə, sənaye məhsulunun həcmi 35 dəfə, əhalinin gəlirləri 32 dəfə, orta aylıq əməkhaqqı isə 19 dəfə artmışdır.
Sonra məruzələr ətrafında diskussiyalar və müzakirələr aparılmışdır.
DSK-nın foyesində DSK və Naxçıvan
MR DSK tərəfindən nəşr edilən kitabların sərgisi
açılmış, müstəqillik illərində Azərbaycanın
və Naxçıvanın sosial, iqtisadi inkişafını əks etdirən plakatlar nümayiş etdirilmişdir.
Azərbaycan.- 2011.-1 iyul.- S. 4.