Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament
Assambleyasının Bürosunun iclası
işə başlamışdır
Ukrayna
Parlamentinin mətbuat xidmətindən verilən məlumata
görə, bu gün Ukrayna Ali Radasının sədri, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyasının (QDİƏT PA) prezidenti Vladimir Litvin
Kiyevdə QDİƏT PA Bürosunun 44-cü iclasını
açmışdır. İclasda Azərbaycan nümayəndə
heyəti iştirak edir.
V.Litvin
QDİƏT PA-nın 37-ci Baş Assambleyasının
işinin konstruktiv olacağına ümid etdiyini
bildirmişdir. Onun fikrincə, Assambleyanın iclası “Qara dəniz
regionunda parlamentlərarası əməkdaşlığın
dinamikasını artırmağa imkan verəcəkdir”.
Xatırladaq
ki, iyunun 30-dan iyulun 2-dək Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının 37-ci Baş
Assambleyasının iclası və Assambleyanın Daimi Komitəsinin
iclası keçiriləcəkdir.
Milli
nümayəndə heyətlərinin üzvləri
“yaşıl” iqtisadiyyata keçidin qanunvericilik yolu ilə təmin
edilməsi, QDİƏT üzvü olan dövlətlərdə
genetik modifikasiyaya məruz qalmış orqanizmlərdən
iqtisadiyyat və ətraf mühit baxımından istifadə
edilməsi, elmi-texniki tərəqqinin qanunvericilik dəstəyinin
təmin edilməsində parlamentlərin rolu və QDİƏT
iştirakçısı olan dövlətlərdə
Dünya Səhiyyə Təşkilatının sanitar standartlarına
riayət edilməsi məsələlərini müzakirə
edəcəklər.
Assambleya
kadr məsələlərinə, o cümlədən QDİƏT-in
vitse-prezidentlərinin və Assambleyanın beynəlxalq
katibliyinin rəhbərliyinin seçilməsi məsələlərinə
də baxacaqdır.
İyulun
2-də QDİƏT-də sədrliyin Ukraynadan Albaniyaya
keçməsi mərasimi olacaqdır.
Zeynal Ağazadə,
AzərTAc-ın xüsusi
müxbiri
Kiyev
Azərbaycan.- 2011.- 1 iyul.- S. 4.