Bakıda ilk dəfə orta məktəb
məzunlarına həsr olunmuş tədbir
keçirilmişdir
İyunun 30-da "Buta" sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq "Məzun-2011" tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir dövlət himninin səslənməsi ilə başlamışdır.
Onbirillik məktəb mühitindən müstəqil həyata ilk addımlarını atan gənclərimizə uğurlar arzulayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva demişdir ki, cəmiyyət həyatının ən mühüm sahələrindən biri təhsildir. Bu strateji sahənin inkişafı millətin gələcəyini təmin edən başlıca amildir. Ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan böyük intellektual potensiala, böyük elmə, böyük mədəniyyətə, böyük təhsilə malikdir. Əgər bunlar olmasaydı, indi bizim müstəqil dövlətimiz yaşaya bilməzdi".
Natiq bildirmişdir ki, "biz maddi kapitalı insan kapitalına çevirməliyik", - deyən Prezident İlham Əliyevin təhsilə xüsusi önəm verməsi ulu öndərin yuxarıda qeyd etdiyimiz fikrinin yüksək səviyyədə həyata keçirilməsinin təsdiqidir.
Bu gün Azərbaycan təhsilinin tərkib və avanqard hissəsi olan Bakı təhsilinin sürətlə inkişaf etdiyini söyləyən Nailə Rzaquliyeva demişdir ki, 2010-cu ildə paytaxt abituriyentlərinin qəbul faizi 2006-cı ildəki 35 faizdən 45 faizə çatdırılmışdır. Bu müddətdə məzunlarımızın orta balı 232-dən 264-ə yüksəlmişdir. 2010-cu ildə 2 məzunumuz 700, hər 15 abituriyentdən biri 600-dən, hər 4 abituriyentdən biri isə 500-dən yuxarı bal toplamışdır. Fənn olimpiadalarının respublika turunda qalib gələn şagirdlərimizin sayı 2006-cı ildə 48 nəfər olduğu halda, 2011-ci ildə 108 nəfərə çatmışdır. İnanırıq ki, 2011-ci il məzunları bundan da böyük uğurlar qazanacaqlar.
Natiq vurğulamışdır ki, təhsilimizin hamisi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın diqqət və qayğısı bizi daha böyük uğurlar qazanmağa ruhlandırır.
Bu günlərdə daha bir xoş xəbər bizi sevindirdi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Bakı şəhərinin 22 məktəbi "İlin ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin, 49 müəllimi isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi elan edilmişdir. Fürsətdən istifadə edərək dövlətimizin başçısına təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə bir daha minnətdarlığımızı bildiririk.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə göstərdikləri diqqət və qayğını əks etdirən videomaterial nümayiş olunmuşdur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva Mehriban xanım Əliyevanın orta məktəb məzunlarına ünvanladığı təbrik məktubunu oxumuşdur. Mehriban xanım Əliyevanın təbriki sürəkli alqışlarla qarşılanmışdır.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək, müstəqil ölkəmizin təhsil tarixində ilk dəfə qızıl və gümüş medallara layiq görülən məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışlar.
Təhsildə fərqlənmiş məzunlar mükafatlandırılmışlar.
Məzunlar onların əməyinə verilən böyük qiymətə görə təşəkkürlərini bildirmiş, ölkəmizdə yaradılan əlverişli təhsil şəraitindən səmərəli istifadənin vacibliyini qeyd etmişlər. Dövlətin təhsilə diqqət və qayğısının gənclər tərəfindən ruh yüksəkliyi ilə qarşılandığını bildirən məzunlar göstərilən etimadı doğruldacaqlarını vurğulamışlar.
Bakının 650-yə yaxın əlaçı məzununun iştirak etdiyi "Məzun-2011" geniş konsert proqramı ilə davam etmişdir.
Azərbaycan.- 2011.- 1 iyul.- S. 6.