"Tərsinə
çevrilən dünya" bədii filminin təqdimatı olmuşdur
Polisin peşə bayramı ərəfəsində - iyunun 30-da Heydər Əliyev Sarayında "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Tərsinə çevrilən dünya" bədii filminin təqdimatı olmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilmiş yeni film daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsinə həsr olunmuşdur.
Filmin quruluşçu rejissoru Ənvər Əblucdur.
Filmin nümayişindən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və daxili işlər naziri Ramil Usubov çıxış edərək, bu ekran əsərinin ərsəyə gəlməsində əməyi olan yaradıcı kollektivi təbrik etmiş, onun əhəmiyyətindən danışmışlar. Hüquq-mühafizə orqanlarının çətin və şərəfli fəaliyyətindən bəhs edən belə filmlərin bundan sonra da çəkilməsinin vacibliyi vurğulanmışdır.
Sonra yaradıcı kollektivin bir qrupuna Daxili İşlər Nazirliyi adından mükafatlar təqdim olunmuşdur.
Qeyd edək ki,
bir hissəsi İran İslam Respublikasında yerli
aktyorların iştirakı ilə çəkilmiş filmin ərsəyə gəlməsinə qonşu dövlətin Mədəniyyət Nazirliyi və "Sədrafilm"
kinostudiyası yaxından kömək göstərmişdir.
Azərbaycan.- 2011.- 1 iyul.- S. 6.