Azərbaycan nümayəndə heyəti YUNESKO-nun Dünya İrs Komitəsinin 35-ci sessiyasında iştirak etmişdir

 

İyunun 19-dan 29-dək Parisdə YUNESKO-nun qərargahında Dünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarət edən Dünya İrs Komitəsinin 35-ci sessiyası keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin müşahidəçi qismində təmsilçiliyinin təmin olunması məqsədi ilə sessiyada nazirliyin nümayəndə heyəti, habelə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komitəsinin və YUNESKO yanında daimi nümayəndəliyimizin əməkdaşları iştirak etmişlər.

Sessiyanın açılış mərasimində komitənin sədri, Bəhreyn Krallığının mədəniyyət naziri xanım May Bint Muhəmməd Əl Xəlifə, YUNESKO-nun baş direktoru xanım İrina Bokova və digərləri çıxış edərək Dünya İrs Konvensiyasının yaranmasından, həmin vaxtdan keçən 40 il ərzində görülmüş işlərdən bəhs etmiş, Konvensiyanın bəşəriyyətin gələcəyi üçün oynadığı mühüm rolu vurğulamışlar.

Tədbirin davam etdiyi 10 gün ərzində Dünya İrs Komitəsi tərəfindən 169 ədəd dünya irsinə baxılmışdır. Onların 34-ü Təhlükədə Olan Dünya İrs Siyahısına, 37-si Dünya İrs Siyahısına qəbul edilmək üçün irəli sürülmüşdür. Digərləri isə artıq Dünya İrs Siyahısında olan və onların qorunması üçün yerləşdikləri ölkələr tərəfindən görülən işlərin nəzərdən keçirilməsi üçün iclasın gündəliyinə daxil edilmişdir.

İşgüzar müzakirələrdən sonra 25 yeni ərazi YUNESKO-nun Dünya İrs Siyahısına, 2 abidə Təhlükədə Olan Dünya İrs Siyahısına daxil edilmişdir. Bir ərazi isə (Manas Wildlife Sanctuary) görülmüş tədbirlər nəticəsində Təhlükədə Olan Dünya İrs Siyahısından çıxarılaraq Dünya İrs Siyahısına əlavə olunmuşdur. Bununla da 1972-ci ildə qəbul edilmiş Dünya İrs Konvensiyasının 40 illiyi ərəfəsində Dünya İrs Siyahısında yer alan ərazi və abidələrin sayı 936-ya çatmışdır. Onlardan 183-ü təbii, 725-i mədəni, 28-i isə qarışıq ərazi və abidələrə aid edilir.

Sessiyanın son günündə 2012-ci ildə keçiriləcək Dünya İrs Komitəsinin 36-cı sessiyasının gündəliyi təsdiq edilmişdir.

İclas zamanı YUNESKO-nun Dünya İrsinin ilkin siyahısında olan 6 ədəd tarixi abidəmizin Dünya İrs Siyahısına daxil edilməsi üçün lazım olan prosedurlar, başqa ölkələrin bu sahədə təcrübələri öyrənilmişdir. Sessiya çərçivəsində digər ölkələrin nümayəndələri ilə qeyri-rəsmi görüşlər keçirilmiş və gələcəkdə Azərbaycan Respublikasının Dünya İrs Komitəsinə üzv seçilməsi üçün müvafiq təşviqat işləri aparılmışdır.

Eyni zamanda, sessiyada iştirak edən nümayəndələr, o cümlədən Ukrayna, Latviya, Avstriya, Fransa və digər ölkələrin təmsilçiləri bu il aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xatırlamış və tədbirin yüksək səviyyədə keçirildiyini bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 1 iyul.- S.  7.