Beynəlxalq Valyuta Fondunun Sərəncamçı
direktoru xanım Kristin
Laqarda
Hörmətli xanım Laqard!
Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu mənada Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proqramlarına Beynəlxalq Valyuta Fondunun töhfəsini məmnunluqla qeyd etmək istərdim.
Bu gün Beynəlxalq Valyuta Fondunun qarşısında qlobal maliyyə-iqtisadi və valyuta sisteminin idarə edilməsi üsullarının təkmilləşdirilməsinə yönəlmiş islahatların həyata keçirilməsi, maliyyə-bank sektorunun sabitliyinin təmin edilməsi, kəskin borc problemlərinin yeni qlobal maliyyə böhranına çevrilməsi təhlükəsinin qarşısının alınması kimi mühüm vəzifələr durur. Ümidvaram ki, Sizin rəhbərliyinizlə Beynəlxalq Valyuta Fondu bu məsul vəzifələrin öhdəsindən gələrək beynəlxalq maliyyə əməkdaşlığının möhkəmləndirilməsinə əlavə təkan verəcəkdir.
Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, səadət, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 1 iyul 2011-ci il
Azərbaycan.- 2011.- 2 iyul.- S. 1.