Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun görüşü olmuşdur

 

İyulun 1-də Milli Məclisdə Azərbaycan-İran parlamentlərarası dostluq qrupu üzvlərinin görüşü olmuşdur.

Görüşdə dostluq qrupu rəhbərinin müavini, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkələrimiz arasında əlaqələrin inkişafından söhbət açmışdır. O demişdir ki, hər iki ölkə deputatlarının görüşləri və parlamentlərarası əlaqələrin dərinləşməsi Azərbaycanın və İranın mənafeyinə xidmət edir.

E.İbrahimov vurğulamışdır ki, Azərbaycan ilə İran mövcud imkanlardan maksimum istifadə etməklə bütün sahələrdə əməkdaşlığı daha da genişləndirməlidirlər.

Dostluq qrupunun Azərbaycandan olan deputatları ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışlar. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün dost İrana təşəkkürlərini bildirmişlər.

İranlı parlamentarilər stratejigeosiyasi baxımdan çox önəmli ölkə olan Azərbaycan ilə yaxın qonşuluqdostluq əlaqələrinin möhkəmlənməsində maraqlı olduqlarını diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, xalqlarımız arasındakı tarixi, dini, mədəni, mənəvi əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərilməlidir və bu işdə parlamentlərarası dostluq qrupu xüsusi rol oynayır.

Bildirilmişdir ki, hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır və bu mövqeyində qətidir. Qeyd olunmuşdur ki, iranlı deputatlar nüfuzlu beynəlxalq təşkilatlarda azərbaycanlı həmkarlarını daim dəstəkləmişlər və bundan sonra da dəstəkləyəcəklər.

Görüşdə müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməyin, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-2 iyul.- S.  5.