Polis Akademiyasında 2010-2011-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

Azərbaycan Polisinin yaranmasının 93-cü ildönümü ərəfəsində iyulun 1-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2010-2011-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə daxili işlər orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyi və məzunların valideynləri iştirak etmişlər.

Akademiyanın rəisi polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri Ramil Usubova raport vermişdir.

R. Usubov Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini tədris ilinin başa çatması münasibətilə təbrik etmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda, eləcə də xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Nazim Əliyev akademiyanın yaranma zərurəti, keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, 2010-2011-ci tədris ilində Polis Akademiyasının əyani fakültəsini 124 məzun bitirir. Onlardan 4 nəfəri akademiyanı fərqlənmə diplomu ilə başa vurmuşdur.

Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenantı Tural Kazımov onlara göstərilən diqqət və qayğıya, aldıqları bilik və təcrübəyə görə DİN rəhbərliyinə və müəllim heyətinə minnətdarlığını bildirmişdir.

General-polkovnik Ramil Usubov müdavimlərə akademiyanı bitirmələri münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırmışdır.

Ölkəmizdə gedən siyasi, iqtisadi, hüquqi və digər islahatlar nəticəsində bu gün Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayan nazir qeyd etmişdir ki, bu gün Polis Akademiyası beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisəsinə çevrilmişdir. Akademiyanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrdə gənc kadrların seçilməsinə, onların yüksək hazırlığının təşkilinə, bu sahədə şəffaflığın təmin edilməsinə xüsusi diqqət yetirilmişdir. Akademiyada müdavimlərin təhsil almaları üçün hər cür şərait yaradılmış, maddi-texniki baza gücləndirilmiş, ən müasir texniki vasitələr alınmışdır. Bütün bunların hamısı Prezident İlham Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olmuşdur.

Müdavimlərin valideynlərini də təbrik edən nazir demişdir ki, Prezident İlham Əliyevin dövlətimizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması istiqamətində həyata keçirdiyi davamlı tədbirlər Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsində əhəmiyyətli rol oynamışdır. Dövlətimizin başçısının ali diqqət və qayğısı sayəsində şəxsi heyətin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır.

Müdavimlərin Polis Akademiyasında mükəmməl təhsil aldıqlarını, hərtərəfli biliklərə yiyələndiklərini nəzərə çatdıran nazir bu bilik və vərdişlərin təcrübədə uğurlu tətbiqinə, Azərbaycan polisinin gələcəyi olan məzunların DİO-nun ən yaxşı ənənələrini davam etdirəcəklərinə əminliyini ifadə etmişdir. Onlara Vətənə məhəbbət, dövlətçiliyə sədaqətlə xidmət etməkdə, Azərbaycan Prezidentinin daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərməkdə, ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamışdır.

Çıxışının sonunda Ramil Usubov şəxsi heyət adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, daxili işlər orqanlarının əməkdaşları öz andına sadiq qalaraq qanunla müəyyən edilmiş mühüm və şərəfli vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, xalqa, Vətənə sədaqətlə xidmət edəcəklər.

Daxili işlər naziri Ramil Usubov təhsili əla qiymətlərlə başa vurduqlarına görə 4 məzuna fərqlənmə diplomunu təqdim etmişdir.

Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş Rahib Əliyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurmuşdur.

Sonra Polis Akademiyası bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilmiş, "Polis Akademiyasının marşı" ifa olunmuşdur.

Polis Akademiyasının şəxsi heyəti və məzunları təntənəli marşın sədaları altında tribunanın qarşısından keçmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 iyul.- S.  5.