Bakıda möhtəşəm
"Kempinski Badamdar" otel kompleksi istifadəyə
verilmişdir
İyulun 2-də Bakıda beşulduzlu "Kempinski Badamdar" otel kompleksinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimində iştirak etmişlər.
Mərasimə toplaşanlar dövlətimizin başçısını və ailə üzvlərini hərarətlə qarşıladılar.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Arzu Əliyevaya gül dəstələri təqdim edildi.
Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, respublikamızın paytaxtında "Kempinski Badamdar" otel kompleksi kimi möhtəşəm obyektin inşası Azərbaycanın qarşıya qoyduğu böyük məqsədlərin növbəti əyani nümunəsidir. Müxtəlif çeşidli yüksək xidmətin göstəriləcəyi otel kompleksi, eyni zamanda, beynəlxalq səviyyəli nadir memarlıq incilərindən biridir. Obyekt insanın intellektual potensialının, təxəyyül imkanlarının tükənməzliyi və hədsiz dərəcədə zənginliyinin bariz sübutudur. Bu lüks otel Avropada və dünyada xüsusi imicə malik Kempinski otellər qrupunun standartlarına uyğun inşa edilmişdir. 1897-ci ildə Berlində yaranan, mərkəzi ofisi Cenevrədə yerləşən Kempinski otellər qrupu dünyada ən böyük otel təşkilatının - Beynəlxalq Otellər Alyansının yaradıcısıdır. Kempinski otellər qrupu dünyanın 28 ölkəsində beşulduzlu 65 otelin sahibidir. İstər "Kempinski Badamdar" oteli, istərsə də Avropa, Orta Şərq, Afrika və Asiyadakı bu cür xidmət obyektləri fərdi üslubu ilə seçilməklə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı bənzərsiz xidmət növləri təklif etməsi ilə də fərqlənir. "Kempinski Badamdar" otel kompleksinin bu sahədə ən yüksək standartlara cavab verməsi həmin obyektin inşasının dünyanın müxtəlif bölgələrində ən zəngin tarixi qrand, adi şəhər, lüks kurort otellər və super iqamətgahlar yaradılmasında bir əsrdən çox təcrübəyə malik iqtisadi quruma həvalə edilməsi ilə bağlıdır.
Qeyd olundu ki, belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycan bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühitindən irəli gəlir. Dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bundan başqa, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi respublikamızda turizmin inkişafı da sürətlənir. Bu və digər reallıqlar ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. "Kempinski Badamdar" otel kompleksi də həmin istiqamətdə atılan əsaslı addımlardan biridir.
Bildirildi ki, paytaxtın Yasamal rayonunda Mikayıl Müşfiq küçəsində yerləşən "Kempinski Badamdar" otel kompleksi 2,5 hektar ərazini əhatə edir. Üç mərhələdə inşa edilən bu kompleksin ümumi sahəsi 84 min kvadratmetrdir. Ərazidə kompleks abadlaşdırma işləri aparılmış, müxtəlif çeşidli dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Mükəmməl infrastruktura malik kompleksin avadanlıqla təchizatı ən müasir standartlara uyğundur.
Prezident İlham Əliyevə məlumat verildi
ki, "Kempinski Badamdar" otel kompleksi istirahət mərkəzi
kimi də fəaliyyət göstərəcəkdir. Yalnız
dünyanın ən inkişaf etmiş ölkələrində
rast gəlinən bu cür obyektlər iş adamları,
turistlər və qonaqlar üçün maksimum xidmətlər
təklif edir. Otel kompleksi Heydər Əliyev Beynəlxalq
Aeroportundan təxminən 30 kilometr məsafədə yerləşir.
Olduqca müasir dizaynı ilə seçilən obyektdə
beynəlxalq və milli memarlıq üslubu böyük
peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan
dövlətinin xalqımızın milli mənəvi dəyərlərinə,
zəngin irsinə göstərdiyi həssas münasibət
otel kompleksinin inşası zamanı nəzərə
alınan başlıca meyarlardan olmuşdur. Kompleksin tikintisini "Gilan"
MMC-nin sifarişi ilə "Gilan İnşaat" MMC
aparmışdır.
Diqqətə
çatdırıldı ki, otelin birinci mərtəbəsində
müxtəlif ofis və mağazalar fəaliyyət göstərəcəkdir.
Burada üç iclas salonu da yerləşir. İclas
salonlarında işgüzar şəxslər müxtəlif tədbirlər
keçirə bilərlər. Kompleksin 14-cü mərtəbəsində
isə ən yüksək standartlara cavab verən otaqlar yerləşir.
Prezident nömrəsi də məhz bu mərtəbədədir.
Burada dünya otel biznesində mövcud olan ən yüksək
xidmət göstəriləcəkdir. Otaqlarda istirahət
üçün hər cür şərait
yaradılmışdır. Oteldəki restoranlar müxtəlif
zövqlü müştərilərin tələbatını
tam ödəyəcəkdir. Buradakı səhər,
günorta və axşam yeməkləri çeşidbəçeşiddir.
Restoranlarda yerli mətbəxlə yanaşı,
dünyanın ən tanınmış mətbəxlərinin
ləziz yeməkləri də müştərilərə təqdim
ediləcəkdir.
Prezident
İlham Əliyevin və ailə üzvlərinin diqqətinə
çatdırıldı ki, otel kompleksindəki SPA və
Sağlamlıq Mərkəzi də müasirliyi ilə diqqət
çəkir. İdeal şərait yaradılmış mərkəzin
ümumi sahəsi 3,5 min kvadratmetrdir. Burada türk hamamı da
fəaliyyət göstərəcəkdir. Qapalı
üzgüçülük hovuzunun uzunluğu 21, eni isə
12 metrdir. Bütün istirahət məkanlarında vitamin
barları fəaliyyət göstərir. SPA və
Sağlamlıq Mərkəzində müştərilərə
pulsuz xidmət göstərilməklə yanaşı, istənilən
şəxsin buranın əlverişli imkanlarından
yararlanması üçün də şərait yaradılmışdır.
Bu mərkəzdə dincəlmək istəyənlər
haqqını ödəmək şərti ilə müxtəlif
çeşidli xidmətlərdən yararlana bilərlər.
Qeyd olundu ki, mərkəzdə
müştərilərə müxtəlif növ masaj xidməti
göstərmək üçün 25 otaq vardır. Burada
VİP masaj otağı da xüsusi zövqlü müştərilərin
xidmətində olacaqdır. Mərkəzdəki yapon
bağçası isə, sadəcə, nağıl təsiri
bağışlayır. Burada səsləndirilən həzin
musiqi və su şırıltısı insanda xoş ovqat
yaradır, ruha təravət gətirir. Səkkiz metrlik
bütöv akvariumdakı müxtəlif növ balıqlar Yaponiyadan
gətirilmişdir. "Kempinski Badamdar" otel kompleksinin SPA və
Sağlamlıq Mərkəzində göstərilən xidmət
müştərilərdə zəngin təəssürat
yaradacaq və onlara mənalı istirahət bəxş edəcəkdir.
* * *
Prezident İlham ƏLİYEV mərasim
iştirakçılarını təbrik edərək dedi:
-
Sabahınız xeyir olsun!
Sizi
Kempinski otelinin açılışı münasibətilə
ürəkdən təbrik edirəm. Çox böyük
hadisədir. Bakı şəhərində dünya
şöhrətli otellər şəbəkəsi olan
Kempinski oteli açılır. Otel həm gözəlliyi ilə
fərqlənir, həm də ki, burada ən yüksək
şərait yaradılıbdır.
Kempinski
otelinin Azərbaycanda fəaliyyətə başlaması
çox gözəl hadisədir. Çünki bu otellər
dünya miqyasında otellər içində mühüm yer
tutur. Bakıda Kempinskinin açılışı, eyni
zamanda, Azərbaycanın inkişafının göstəricisidir.
Şəhərimiz inkişaf edir, gözəlləşir,
yeni otellər açılır. İnvestorların Azərbaycan
iqtisadiyyatına, xüsusilə xidmət sektoruna diqqəti və
marağı, əlbəttə ki, bizi çox sevindirir.
Mən
çox şadam ki, Bakıda belə gözəl,
yaraşıqlı otel fəaliyyətə başlayır. Bu,
şəhərimizə də əlavə yaraşıq,
gözəllik verəcəkdir. Çox şadam ki, otelin
xarici görünüşü də gözəldir və
daxili tərtibatı da ən yüksək səviyyədədir.
Həm otaqlar, həm ictimai yerlər, restoranlar, əyləncə
yerləri, istirahət zonaları ən yüksək səviyyədədir.
Bu il Azərbaycanda
"Turizm ili" elan edilibdir. Bu, təsadüfi deyildir.
Çünki turizm sektorunun inkişafına böyük diqqət
göstərilir. Hesab edirəm ki, növbəti illərdə
turizm sektoru Azərbaycanın iqtisadi potensialında
mühüm yer tutacaqdır. İnkişaf etmiş, xüsusən
də zəngin təbiətə malik olan ölkələrin
iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin
ölkədir, turizmin inkişafı üçün gözəl
yerlər vardır və biz bu imkanlardan istifadə etməliyik.
İndi
bütün bölgələrdə yeni, gözəl,
müasir mehmanxanalar, turizm məntəqələri
açılır. Əlbəttə ki, ən gözəl
otellər Bakı şəhərində fəaliyyətə
başlayır. Bu il təkcə Bakıda beşulduzlu altı
otel istifadəyə veriləcəkdir. Onların içində
birinci otel "Kempinski Badamdar" otelidir.
Bu,
özlüyündə gözəl bir göstəricidir. Bir
il ərzində bir şəhərdə beşulduzlu altı
otelin, özü də ən məşhur otellər şəbəkəsinə
mənsub olan otellərin fəaliyyətə başlaması
onu göstərir ki, Azərbaycan sürətlə inkişaf
edir, ölkəmizdə xidmət sektoru inkişaf edir. Əvvəlki
dövrdə - 10-15 il bundan əvvəl investorları Azərbaycanda
cəlb edən sahələr enerji sektoru ilə məhdudlaşırdı.
Bu da yəqin ki, təbii idi. Çünki o vaxt Azərbaycanda
infrastruktur, şəhər nəqliyyatı lazımi səviyyədə
deyildi, ümumiyyətlə, müstəqil ölkəmizin
inkişafı birinci mərhələdə idi. Ancaq bu gün,
ölkəmizin indiki dövründə xidmət sektoruna
qoyulan sərmayə xüsusi əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, növbəti illərdə bu işlər
bütün istiqamətlərdə daha da sürətlə
aparılacaqdır.
Bakı
dünyanın ən gözəl şəhərlərindən
biridir. Bunu həm biz deyirik, həm də şəhərimizin
qonaqları etiraf edirlər. Gözəl şəhərdə
qonaqları qəbul etmək üçün gözəl
şərait olmalıdır. Burada yaradılan şərait
dünya səviyyəsindədir. Hesab edirəm ki, Kempinski
otellər şəbəkəsinin çərçivəsində
bu otel öz gözəlliyi və funksional mahiyyəti ilə
fərqlənəcəkdir. Eyni zamanda, bilirəm ki, Kempinski
otelinin Azərbaycan ilə bağlı başqa planları da
vardır. Bakıda, bəlkə də ölkəmizin digər
şəhərlərində yeni təşəbbüslər
irəli sürülə bilər. Hər halda, bu otelin fəaliyyətə
başlaması Azərbaycanda otel biznesinə böyük təkan
verəcəkdir.
Azərbaycanda
xarici investisiyalar lazımi səviyyədə qorunur. Həm
qanunvericilik bunu təmin edir, həm də ölkə rəhbərliyinin
siyasəti bundan ibarətdir. Bir daha təkrar edirəm Azərbaycanda
həm yerli, həm xarici investorların sərmayələri
lazımi səviyyədə qorunur. Məhz bunun nəticəsidir
ki, adambaşına düşən birbaşa xarici sərmayələrin
həcminə görə Azərbaycan uzun illərdir MDB məkanında
birinci yerdədir. Təkcə keçən il Azərbaycan
iqtisadiyyatına təxminən 16 milyard dollar sərmayə
yatırılıb. Hesab edirəm ki, bu il ölkəmizə
qoyulan investisiyaların həcmi daha da çox olacaq və beləliklə,
Azərbaycanın hərtərəfli inkişafı
üçün yeni imkanlar yaradılacaqdır.
Bu gözəl
otelin tikilməsi, fəaliyyətə başlaması
böyük hadisədir. Əlbəttə ki, buraya gələcək
qonaqlara yaxşı xidmət göstərilməlidir. Bu isə
oteldə çalışan insanların peşəkarlığından
asılı olacaqdır. Əminəm ki, bu oteldə onun
adına layiq xidmət göstəriləcək, qonaqlar burada
qalmaqlarından məmnun olacaqlar.
Mən bu
gün bu tədbirdə iştirak etmək üçün
ölkəmizə gəlmiş Kempinski otel şəbəkəsinin
Avropa üzrə prezidentini xüsusilə salamlamaq istəyirəm.
Bütün qonaqları salamlamaq istəyirəm və bu
gözəl otelin açılışı münasibətilə
sizi bir daha ürəkdən təbrik edirəm. Sağ olun.
Kempinski
otellər qrupunun Avropadakı otellər şəbəkəsinin
prezidenti Canni van Daalen mərasimdə iştirakına görə
Prezident İlham Əliyevə minnətdarlığını
bildirdi. O, sürətlə inkişaf edən Azərbaycanın
böyük gələcəyi olacağına əminliyini
vurğuladı.
Canni van
Daalen qeyd etdi ki, Kempinski otellər qrupu Azərbaycanda fəaliyyətə
başlamaqdan məmnundur və bu əməkdaşlığın
böyük perspektivi vardır. O bildirdi ki, otel kompleksində
yerli kadrların işlə təmin olunması və
onların ixtisaslarını artırması daim diqqət mərkəzində
saxlanılacaqdır. Canni van Daalen müştərilərə
yüksək səviyyədə xidmət göstərmək
üçün səylərini əsirgəməyəcəklərini
vurğuladı.
Prezident
İlham Əliyev "Kempinski Badamdar" otel kompleksinin xatirə
kitabına ürək sözlərini yazdı.
Mərasim
iştirakçıları dövlətimizin
başçısı və ailə üzvləri ilə
xatirə şəkli çəkdirdilər.
Sonra
Prezident İlham Əliyev "Kempinski Badamdar" otel
kompleksinin iqamətgahlar və ofislər binası ilə də
tanış oldu. On dörd mərtəbəli binanın
birinci mərtəbəsində 850 nəfərlik ziyafət
salonu yerləşir. Burada xidmət ən yüksək beynəlxalq
standartlara cavab verir. On dördüncü mərtəbədəki
iqamətgahlar da müasirliyi ilə seçilir. Sahəsi 750
kvadratmetr olan ən böyük iqamətgah dövlət və
hökumət başçıları, eləcə də digər
yüksək səviyyəli qonaqlar üçün nəzərdə
tutulmuşdur. Hər bir iqamətgah bir neçə otaqdan ibarətdir.
Burada təchizat maksimum səviyyədədir və kompleks
xarakter daşıyır. Binanın 14-cü mərtəbəsində
bar da fəaliyyət göstərir. Buradan ətrafı və
paytaxtımızın gözəl panoramını seyr etmək
mümkündür. Səkkiz və onuncu mərtəbədəki
iqamətgahlarda hər cür şərait
yaradılmışdır. Bu iqamətgahlar bir, iki,
üç və dördotaqlıdır.
Diqqətə
çatdırıldı ki, 4-7-ci mərtəbələrdə
ofislər yerləşəcəkdir. Burada işgüzar şəxslərin
istənilən səviyyəli tədbirləri keçirmələri
üçün ən xırda incəliklər belə nəzərə
alınmışdır. Üçüncü mərtəbədə
14 toplantı otağı vardır. Həmin otaqlarda
videomaterialların nümayişi və istənilən
informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək
mümkündür. İkinci mərtəbədə də
toplantı otaqları fəaliyyət göstərəcəkdir.
Ən böyük toplantı otağı da bu mərtəbədə
yerləşir. Burada 525 nəfər istənilən tədbirə
qatıla bilər. Toplantı otağının səhnəsi
də vardır. İşıqlandırma sistemi mükəmməlliyi
ilə seçilir. Burada beş dildə sinxron tərcümə
üçün texniki imkan yaradılmışdır.
Prezident
İlham Əliyev paytaxtın infrastrukturunun inkişafından
bəhs edən qısa filmə baxdı.
Məlumat
verildi ki, birinci mərtəbədəki restoran da müxtəlif
çeşidli yeməkləri ilə müştərilərin
xidmətində olacaqdır.
Daha sonra
dövlətimizin başçısına "Kempinski
Badamdar" otel kompleksinin alış-veriş və əyləncə
mərkəzi barədə məlumat verildi. Qeyd olundu ki,
buradakı istirahət yerləri ən müasir standartlara
cavab verir.
Prezident
İlham Əliyevə otel kompleksinin dördüncü mərhələsi
çərçivəsində reallaşdırılacaq tədbirlər
barədə ətraflı məlumat verildi. Bildirildi ki, bu mərkəzin
də sonuncu mərtəbəsindən Bakının
panoramını seyr etmək mümkündür. Mərkəzdə
silsilə restoranlar və barlar fəaliyyət göstərir.
Təbii ki, dəniz məhsullarından hazırlanan yeməklər
müştəriləri daha çox cəlb edir. "Kempinski
Badamdar" otel kompleksində Azərbaycan mətbəxinə
də geniş yer ayrılmışdır. Bundan başqa,
dünyada məşhur digər mətbəxlərin ləziz
təamları da buranın müştərilərinə təqdim
olunacaqdır. İrland barına da sayılıb-seçilən
otellərdə geniş tələbat vardır. "Kempinski
Badamdar" otel kompleksində bu və digər incə məqamlar
da maksimum nəzərə alınmışdır. Bu obyektdəki
alış-veriş mərkəzi müştərilərə
müxtəlif ərzaq, geyim, suvenir və aksessuarlar təqdim
edəcəkdir.
Kompleksin əyləncə
mərkəzi ilə tanışlıq zamanı bildirildi ki,
bura müştərilərin ürəyincə olacaqdır.
Müştərilər burada boulinq, bilyard və digər
müxtəlif oyunlarla da məşğul olacaqlar. Əyləncə
mərkəzi təklif olunan xidmətlərin rəngarəngliyi
və müasir dizaynı ilə də diqqəti cəlb edir.
Mərkəzdəki buz meydançası isə müştərilərə
əvəzsiz töhfə olacaqdır.
Dövlətimizin
başçısı və ailə üzvləri buz
meydançasında kompozisiya zənginliyi və texniki elementlərin
mürəkkəbliyi ilə bir-birindən fərqlənən
nümunəvi çıxışları izlədilər.
"Kempinski
Badamdar" otel kompleksi ilə tanış olan Prezident
İlham Əliyev görülən işləri yüksək
qiymətləndirdi və kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2011.- 3 iyul.- S. 1, 2.