İran İslam Şurası Məclisinin Sədri Əli Laricani Gəncədə olmuşdur

 

İran İslam Respublikası İslam Şurası Məclisinin Sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 2-də Gəncəyə gəlmişdir.

AzərTAc xəbər verir ki, Gəncə Beynəlxalq hava limanında qarşılanma mərasimindən sonra nümayəndə heyətinin üzvləri şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətində nümayəndə heyəti ilə görüş keçirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə haqqında qonaqlara ətraflı məlumat vermiş, tarixi köklərlə bağlı olan Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsində hər iki dövlətin başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmışdır.

Görüşdən sonra iranlı qonaqlar şəhərin mərkəzi meydanında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə hazırlıq çərçivəsində açılmış sərgiyə tamaşa etmişlər. Sərginin eksponatları ilə tanış olduqdan sonra İran İslam Şurası Məclisinin Sədri Əli Laricani XVII əsrdə inşa edilmiş Şah Abbas məscidinə gəlmişdir.

Burada dindarlar tərəfindən mehribanlıqla qarşılanan iranlı qonaqlara məscidin tarixi, eləcə də son illər Heydər Əliyev Fondu tərəfindən burada aparılan təmir-bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Əli Laricaniyə nəfis şəkildə nəşr edilmiş Qurani-Kərim bağışlanmışdır.

İran İslam Şurası Məclisi Sədrinin başçılıq etdiyi nümayəndə heyəti məsciddə namaz qıldıqdan sonra Cavad Xanın məqbərəsini ziyarət etmişdir.

Gəncəyə səfəri çərçivəsində iranlı qonaqlar dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini də ziyarət etmiş, şairin məzarı üzərinə gül dəstələri düzmüşlər.

Azərbaycanın ikinci ən böyük şəhərinə birgünlük səfərini başa vuran İran İslam Şurası Məclisinin Sədri Əli Laricani Gəncə Beynəlxalq hava limanından vətənə yola düşmüşdür.

Ali qonağı Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər yola salmışlar.

 

 

Azərbaycan.- 2011.-3 iyul.- S. 2.