Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onlar tərəfindən qulluq vəzifələrinin icrasına nəzarəti artırmaq məqsədilə qərara alıram:

1. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

2.1. ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"ni bir ay müddətində bu fərmana uyğunlaşdırsın;

2.3. iki ay müddətində mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə müvafiq formanı təsdiq etsin, habelə həmin hesabatın dərc olunması qaydasını və müddətini müəyyən etsin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlar tərəfindən qulluq vəzifələrinin icrası və inzibati xətalara baxılması zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına nəzarəti gücləndirsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2011-ci il

 

Azərbaycan.- 2011.- 3 iyul.- S. 3.