Azərbaycan polisi Vətənə və xalqa
xidmət missiyasını şərəflə yerinə yetirir
İyulun 2-də Polis Günü münasibətilə Daxili İşlər Nazirliyində təntənəli mərasim keçirilmişdir.
Tədbirin keçirildiyi zala dövlət bayrağı gətirilmiş, müstəqil Azərbaycanın himni səsləndirilmişdir.
Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək peşə bayramları münasibətilə DİN rəhbərliyini və daxili işlər orqanlarının şəxsi heyətini təbrik etmiş, onların cinayətkarlıqla mübarizədə göstərdikləri şücaətdən danışmış və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov geniş məruzə ilə çıxış etmişdir. O, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin peşə bayramı münasibətilə səmimi təbriklərini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırmışdır.
Nazir qeyd etmişdir ki, ötən onilliklər ərzində mərdlik, cəsarət və rəşadətlərlə zəngin yol keçən Azərbaycan polisi Vətənə və xalqa xidmət missiyasını layiqincə yerinə yetirmiş, cinayətkarlıqla mübarizənin, asayişin və təhlükəsizliyin təmin edilməsinin ön sıralarında olmuşdur. Vurğulanmışdır ki, daxili işlər orqanlarının keçdiyi Heydər Əliyev dövlətçilik məktəbinin uğurları son dərəcə möhtəşəm olmuşdur. Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi sabitliyin sarsılmaz təməlləri üzərində milli yüksəliş davam edir. Dövlətimizin başçısı fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsini daxili işlər orqanlarının ən mühüm vəzifəsi kimi müəyyən etmişdir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələrlə təchizatı ən yüksək səviyyədədir. Hazırda cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, yol hərəkəti təhlükəsizliyinin təşkili və digər sahələr üzrə nazirlikdə 13 informasiya resursu mövcuddur.
Qeyd edilmişdir ki, son 3 ildə fəaliyyətə başlamış "102" və "Təhlükəsiz şəhər" xidmətləri qısa müddətdə öz effektivliyini tam təsdiqləmişdir. Adları çəkilən sistemlər əməliyyat şəraitinə və əməliyyat qruplarının hadisə yerlərinə vaxtında çıxmasına mərkəzləşdirilmiş nəzarəti xeyli gücləndirmiş, bütövlükdə ərazi polis orqanlarının, nizami hissələrin operativliyini və çevikliyini yüksəltmişdir. Təsadüfi deyil ki, 2009-2010-cu illərdə "102" zəng-mərkəzinə daxil olmuş məlumatların sayı əvvəlki illərlə müqayisədə 2 dəfədən çox artmışdır.
"Təhlükəsiz şəhər" xidmətinin videonəzarət vasitələrinin əhatə dairəsi də mərhələli şəkildə genişləndirilmiş və bu informasiya resursunun fəaliyyətə başladığı dövrdən yol hərəkəti qaydaları əleyhinə olan 47 minə yaxın inzibati xəta, 6000-dən çox hadisə aşkarlanaraq zəruri tədbirlər görülmüşdür.
Bu gün daxili işlər orqanlarında qanunla müəyyən edilmiş mühüm vəzifələri layiqincə yerinə yetirə bilən istedadlı və yüksək ixtisaslı kadr potensialı, peşəkar özək formalaşmışdır. Orta və böyük rəis heyətində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1994-cü illə müqayisədə 58,3 faizdən 90 faizə, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3 faizdən 77 faizədək yüksəlmişdir. Kadrların, xüsusən gənclərin xidmətdə möhkəmlənməsi və inkişafı üzrə tədbirlər də sistemli şəkildə həyata keçirilir. Artıq 5 ildir ki, xidmətə qəbul müsabiqə və şəffaflıq şəraitində - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən test imtahanları vasitəsilə aparılır.
Nazir bildirmişdir ki, ümumiyyətlə, Azərbaycan polisinin cəmiyyətdə nüfuzu yüksəkdir. Bunu ölkədə keçirilən rəy sorğuları da təsdiqləyir. Əminliklə demək olar ki, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, peşəkar kadr potensialına malik daxili işlər orqanları müasir dövrün təhdidlərinə adekvat cavab verməyə tam qadirdir. Bununla belə, dəyişən zaman və yeni çağırışlar qarşıya daha yüksək hədəflər qoyur. Dövlət quruculuğunun müasirləşmə mərhələsində DİN-in fəaliyyətinin prioritet istiqamətləri ölkə başçısının proqram xarakterli çıxışlarından qaynaqlanır.
Azərbaycan Prezidenti 2010-cu ilin noyabr ayında bölgələrə etdiyi səfərində demişdir: "Xarici siyasətdə uğurlarımızı təmin edən nədir? Daxildə gedən iş. Möhkəm təməl üzərində qurulan iqtisadiyyat, sosial rifah, sabitlik, xalqla iqtidar arasında birlik. Budur bizim bir ölkə kimi beynəlxalq mövqelərimizi gücləndirən amillər. Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır".
Əldə edilən nailiyyətləri ifadə edən konkret statistika və rəqəmlər də vardır. Cinayətlərin bütün təzahürləri, xüsusən transmilli mütəşəkkil növləri ilə mübarizədə yüksək göstəricilər əldə edilmişdir. Ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin başlanğıcını qoymuş ulu öndər Heydər Əliyevin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərmandan ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılmış və qeyd olunan illərdə onun tətbiqilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalmışdır. Bu müddətdə axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılmışdır.
Həyata keçirilən profilaktik tədbirlər nəticəsində son illər bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur.
Ötən il əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlərdən olan qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7 fakt, quldurluqlar 1,9, hədə-qorxu ilə tələb etmələr 0,3, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.
Bütün bunlar həm həyata keçirilən kompleks qabaqlayıcı tədbirlərin, həm də daxili işlər orqanlarının fədakar əməyinin nəticəsidir. Təkcə ötən il xidməti vəzifələrinin icrası zamanı 153 əməkdaş xəsarət almış, 5 nəfər həlak olmuşdur. Bu, heç də adi rəqəm deyil, deyərdim ki, şəxsi heyətimizin xidməti vəzifələrinin icrası zamanı hər cür rəşadətə hazır olduğunun göstəricisidir.
Peşə bayramı ərəfəsində möhtərəm Prezidentin sərəncamları ilə bir qrup əməkdaşın dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi dövlət rəhbərinin daxili işlər orqanlarına yüksək etimadının növbəti əyani ifadəsi, xalqa, Vətənə sədaqətli xidmətinə verdiyi əvəzsiz dəyərdir.
R.Usubov bildirmişdir ki, bu il, həm də müstəqil Azərbaycanın yaşıdı olan polisin milli dövlətçiliyə xidmət etməsinin, onun asayişinin keşiyində durmasının 20-ci ilidir. Müstəqilliyin bu yubiley ilində peşə bayramı münasibətilə nazirliyə müxtəlif dövlət orqanlarından, ictimai təşkilatlardan, sadə insanlardan, xarici dövlətlərdəki həmkarlarımızdan, səfirliklərdən xoş sözlərlə dolu çoxsaylı təbriklər daxil olmaqdadır. Bu əlamətdar gündə bizi təbrik edənlərə öz dərin minnətdarlığımı bildirir və mən də bu təbriklərə qoşularaq bütün şəxsi heyətə, hörmətli veteranlarımıza, respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həyatından keçmiş əməkdaşlarımızın ailə üzvlərinə möhkəm cansağlığı, sevincli günlər, xidməti işdə və şəxsi həyatda uğurlar arzulayıram!
Sonda general-polkovnik R.Usubov daxili işlər orqanlarının şəxsi heyəti adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, şəxsi heyət öz andına sadiq qalaraq qanunla müəyyən edilmiş mühüm və şərəfli vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, özünün zəngin təcrübəsi ilə xalqına, Vətəninə ləyaqətlə xidmət edəcəkdir.
Daha sonra Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi və bir qrup əməkdaşın təltif edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar, eləcə də bir qrup əməkdaşın mükafatlandırılması barədə DİN-in əmrləri elan edilmişdir.
Mükafatlar təntənəli şəraitdə sahiblərinə təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.-3 iyul.- S.
5.