Milli Azərbaycan Tarixi Muzeyində "Muzeylərin müasir durumuinkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi konfrans başa çatmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "Muzeylərin müasir durumuinkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi konfrans iyulun 2-də başa çatmışdır.

AzərTAc xəbər verir ki, tədbirin yekun iclasında bölmə rəhbərlərinin hesabatı dinlənilmiş, konfransın işi yüksək qiymətləndirilmişdir.

Bildirilmişdir ki, dörd gün davam edən konfransda Gülzadə Abdulova, Əhməd Aytac, Qafar Cəbiyev və Nino Popuaşvilinin həmsədrliyi ilə "Mədəni irsin qorunmasında muzeylər", "Tarix və mədəniyyətin tədrisi və təbliğində muzeylərin fəaliyyəti" mövzularında bölmə iclasları keçirilmiş, Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Bolqarıstan, İtaliya, Livan, Qazaxıstan və digər ölkələrin tanınmış mütəxəssisləri mövzu ilə əlaqədar məruzələrlə çıxış etmişlər.

Tədbirdə "Abşeronda mədəni turizm və qoruq-muzeylər", "Muzey və rəssamlıq təhsili", "Ağsuda arxeoloji turizm kompleksi", "Muzeylərin mədəni irsin qorunmasında rolu", "MDB ölkələrində tarix və mədəniyyətin təlim və təbliğində muzeylərin rolu", "Regionda mədəni turizmin formalaşması prosesində muzeylərin funksiyası" və digər mövzularda 44 məruzə dinlənilərək müzakirə edilmişdir.

Konfransın materialları kitab şəklində çap ediləcəkdir.

 

 

Azərbaycan.- 2011.-3 iyul.- S. 5.