Şairə dərin
ehtiramla
Gəncənin əvəzsiz simvolu olan ulu Nizami Gəncəviyə meyil-məhəbbət getdikcə artır. Qədim şəhər aybaay-günbəgün nura boyanır. Nizaminin adı ilə bağlı hər küçə, hər bağ, hər məktəb, hər bir müəssisə yeni don geyir. Ən əsası budur ki, ölməz şairin məqbərə-kompleksinin ətrafı təzədən qurulur, bədii tərtibatlı istinad divarları çəkilir, yaşıllıq, gül-çiçək hər yanı bürüyür. Bakı səmtindən Gəncəyə giriş yolu boyunca geniş bir sahədə ulu şairin əsərlərindən ibarət fraqmentlər canlandırılır. Fəvvarələr, bulaqlar inşa edilib. Həmin yolun başında isə möhtəşəm giriş qapıları ucaldılacaqdır.
Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Nizami mərkəzinin yaradılmasının vacibliyi barədə qaldırılan məsələ hamının qəlbindən xəbər verirdi. Prezident İlham Əliyev dedi ki, Nizami mərkəzinin yaradılması ilə əlaqədar səslənən təkliflər hesab edirəm ki, təqdirəlayiqdir. Heç kəsdə şübhə yoxdur ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Bunu bütün dünya bilir.
Gəncəliləri daha çox sevindirən cəhət isə budur ki, belə bir mərkəzin məhz Nizami yurdunda yaradılması qərara alınıb. İndi bu müqəddəs ocaq üçün yer müəyyən edilir, layihə hazırlanır. Şəhərin ən mənzərəli guşəsində Nizami Gəncəvi adına Kitab Evi təşkil olunur.
Qarşıdan dahi şairin anadan olmasının 870 illik yubileyi gəlir. Bu möhtəşəm
tədbirə hazırlıqla
əlaqədar neçə
vaxtdır ki, şəhər icra hakimiyyəti başçısının
sərəncamı ilə
yubiley komissiyası yaradılıb. Müxtəlif sahələr üzrə işçi qrupları təşkil olunub.
Yubiley komissiyası
genişmiqyaslı fəaliyyətə
başlayıb. Ali və orta təhsil müəssisələrində, elm və mədəniyyət
ocaqlarında silsilə
tədbirlər keçirilir.
Ölməz söz ustadının ədəbi
irsinin təbliği üçün geniş tədbirlər görülür.
Nizami şeirlərinin
ifası üzrə müsabiqələr, ədəbi-bədii
gecələr keçirilir.
Hazırlıq tədbirlərinin ilk töhfəsi olaraq bu günlərdə şəhərin mərkəzi
meydanında "Nizami
Gəncəvinin söz
buketi" adlı geniş sərgi oldu. Burada Nizaminin
əsərləri, onun
motivləri üzrə
reproduksiyalar, miniatürlər,
rəsmlərlə yanaşı,
ən müxtəlif illərdə çap olunmuş kitablar, Nizami dövrünü əks etdirən müxtəlif məişət
əşyaları, habelə
Gəncədə çalışan
nizamişünas alimlərin
əsərləri nümayiş
etdirildi.
Şəhər icra hakimiyyətinin
başçısı Elmar
Vəliyev sərgiyə
gələnlər qarşısında
çıxış edərək
ölkə rəhbəri
İlham Əliyevin ümumən qədim Gəncəyə, eləcə
də ölməz söz ustası Nizami Gəncəviyə olan hörmət və ehtiramdan minnətdarlıqla danışdı.
O dedi ki, Nizaminin adı bütün türk aləmi üçün əzizdir, ucadır. Gəncəlilər üçün
isə daha doğma, daha yaxındır. Ona görə də hər bir gəncəli
yubiley tədbirlərinə
nəsə bir hədiyyə, layiqli töhfə verməyə
çalışır. İndi
sərgidə nümayiş
etdirilən bu eksponatlar ucaldılacaq Nizami mərkəzinin muzeyini bəzəyəcəkdir.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.- 3 iyul.- S. 6.