İçveçrə Konfederasiyası Prezidentinin Azərbaycana səfərinə həsr olunmuş miniatür kitab

 

Miniatür kitablar qədim zamanlardan unikal sənət incisi kimi məşhur olmuş, insanların sevimli kolleksiya nümunəsinə çevrilmişdir. Çəkisinin yüngül, həcminin kiçik olması bu nəşrlərin bizim günlərdə də bilik mənbəyi, güclü maarifləndirmə vasitəsi kimi geniş yayılmasını, populyarlığını təmin etmişdir. Kiçik ölçülü kitablar yalnız bilik əldə etmək, yaxud hansısa mütərəqqi ideyaları cəmiyyətə təlqin etmək məqsədi ilə toplanmır. Miniatür kitabların toplanması bir çox kübar insanların, ziyalıların, cəmiyyətin digər təbəqələrinin maraq dünyasına, hobbisinə çevrilməklə onlarda xoş duyğular oyadır.

İncəsənətə, mədəniyyətə, kitabxana işinə daim yüksək qayğı ilə yanaşmış ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə 2002-ci il aprelin 23-də Bakıda açılmış Miniatür Kitab Muzeyi ötən dövrdə nəfis poliqrafiya, təsviri ustalıq nümunəsi kimi dəyərləndirilən belə kitabların toplanması və nəşri sahəsində mühüm işlər görmüşdür. Muzeyin və respublika "Kitab" Cəmiyyətinin xəttilə son illərdə müxtəlif çeşidli və məzmunlu miniatür nəşrlər çap edilmişdir. Ədəbiyyat, mədəniyyət, incəsənət, elm, təhsil, idman, xarici siyasət, diaspor quruculuğu və digər sahələrdəki nailiyyətlərimizi əks etdirən bu unikal nəşrlər kitabsevərlərin böyük marağına səbəb olur.

Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə, habelə ayrı-ayrı dövlətlərin rəhbərlərinin Azərbaycana səfərlərinə həsr olunmuş miniatür kitablar həm də respublikamızın diplomatik uğurlarını özündə əks etdirir. Bu günlərdə "Kitab" Cəmiyyətinin təşəbbüsü ilə çapdan çıxmış "İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin Azərbaycana rəsmi səfəri" adlı miniatür kitab bu baxımdan böyük maraq doğurur. "İNDİQO" nəşriyyatında buraxılmış 38X53 mm formatlı miniatür kitab supercildi və nəfis tərtibatı ilə diqqəti çəkir. Azərbaycan və rus dillərində çap olunmuş kitabda yerləşdirilmiş 45 ədəd rəngli fotoşəkil İçveç Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin Azərbaycana 2011-ci il 14-15 mart tarixində gerçəkləşən rəsmi səfəri ilə bağlı əyani təsəvvür yaradır.

320 səhifəlik miniatür kitabda İsveçrə Konfederasiyası Prezidentinin Azərbaycana səfərinin gedişi hərtərəfli işıqlandırılır, burada keçirdiyi görüşlər haqqında dolğun məlumat verilir. Kitabda ali qonağın rəsmi qarşılanma mərasimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə olan təkbətək görüşü, Prezidentlərin bəyanatları, Milli Məclisdə, Nazirlər Kabinetində olan qəbullar, ziyafətlər, eləcə də Fəxri xiyabanı və Şəhidlər xiyabanını, ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlər barədə ətraflı məlumatlar rəngli fotoşəkillərlə öz əksini tapır. Nəşrdə İçveçrə Konfederasiyası ilə Azərbaycan arasında münasibətlərin hazırkı durumu və gələcək inkişaf perspektivləri ilə bağlı aparılan ikitərəfli danışıqlara da geniş yer verilir.

Miniatür kitabda eyni zamanda, Prezident Mişelin Kalmi-Reyin Dünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhərlə tanışlığı və onun şərəfinə verilmiş işçi nahar barədə də məlumatlar yer almışdır. İsveçrə Prezidentinin səfər çərçivəsində qədim Naxçıvana səfərini, bu diyarın tarixi mədəniyyət abidələri, habelə buz kimi soyuq kəhrizləri ilə tanışlığını əks etdirən materiallar da böyük maraq doğurur.

Nəfis tərtibatda, yüksək poliqrafik üslubda çapdan çıxmış kitabın forzastında Azərbaycanın xəritəsi verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 3 iyul.- S.  6.