102-ci mövsüm premyera ilə sona
çatdı
Görkəmli
italyan bəstəkarı Pyetro Maskanyi "Kənd namusu"
operasını 27 yaşında yazaraq operada verizmin əsasını
qoymuşdur. "Verizm" (italyan dilində həqiqət,
düzgünlük deməkdir) XIX əsrin sonunda İtaliya ədəbiyyatında,
musiqisində, təsviri sənətində realistik istiqamət
olub psixoloji həqiqətlərin, sosial-tarixi ziddiyyətlərin
əks etdirilməsi təşəbbüsüdür.
Bəstəkarlar
öz əsərlərinin qəhrəmanları qismində
kübar cəmiyyətin nümayəndələrini deyil, kənd
və şəhərin kasıb sakinlərini seçir, əsas
diqqəti məhəbbət toqquşmalarındakı dramatik
olaylarda cəmləşdirirdilər. "Kənd namusu"nun
ilk tamaşası 1890-cı ilin may ayında Romanın
"Kostansi" teatrında oynanılmışdır. Opera
italyan nəşriyyatçısı və antreprenyoru
Sonsonyonun təşkil etdiyi müsabiqədə birinci
mükafata layiq görülmüşdü.
Teatr rəhbərliyinin
təşəbbüsü ilə hazırlanmış ikipərdəli
sənət şedevri Bakı operasevərləri
üçün bir hədiyyə oldu. Xalq artisti, beynəlxalq
müsabiqə laureatı Qərinə Kərimova acı taleli
gənc kəndli qadın Santusanın obrazını dramatik
soprano səsinin ifadəliliyi və artistlik məharəti sayəsində
yüksək səviyyədə yaratmaqla
tamaşaçıların hərarətli
alqışları ilə dəyərləndirildi. O,
bütün partiyanı rəvan oxuyub
tamaşaçıları heyran qoydu. Gənc əsgər
Turiddu rolunda Azərbaycan vokalçısı Samir Cəfərov
təəccüblü də olsa, bir o qədər qənaətbəxş
görünmədi. O, Avropanın Xose Karreras, Plaçido
Dominqo kimi əfsanəvi tenorlarından aldığı məsləhətləri
Azərbaycan səhnəsində həyatiləşdirə
bilmədi. Samir Cəfərov Turiddunun "Ana, mənə
xeyir-dua ver" məşhur ariyasını yetkin sənətkarlar
kimi oxuya bilmədiyindən ürəklərə yol
tapmadı, bir sözlə, təsirsiz göründü.
Fikrimizcə, gənc istedadın bu uğursuzluğunun əsas
səbəbi səhnədə keçirdiyi həyəcanlara
üstün gələ bilməməsidir. Onun lent yazılarında
məşhur italyan bəstəkarı Cakomo
Puççininin Azərbaycanın mütəfəkkir
şairi Nizami Gəncəvinin motivləri əsasında bəstələdiyi
"Turandot" operasında Kalafın böyük səs
diapazonu tələb edən ariyasını dinləyərkən
adama elə gəlir ki, oxuyan vokalçı Luçano
Pavarotti, yaxud Mario Lansadır.
Respublikanın
əməkdar artisti Əvəz Abdullayev kənd
arabaçısı Alfionun təzadlı obrazını tam
genişliyi ilə təqdim etməkdə çətinlik
çəkdi. Bunun əsas səbəbi Əvəzin
tamaşaçılara arabaçı libasında deyil, kənd
səhnələrində müasir dəbdə və
"müasir" qiyafədə görünən gənclər
kimi təqdim olunması idi. Belə müasir qiyafəli, mədəni
gəncin insan qətlinə fərman verməsi
inandırıcı görünmədi.
Arabaçı
Alfionun qəşəng arvadı Lola partiyasında Səbinə
Əsədova (metso soprano), hərbi xidmətdən təzəcə
qayıtmış Turiddunun anası Lyuçiya - Səbinə
Vahabzadə (metso soprano) öz rollarının öhdəsindən
qənaətbəxş gəldilər.
Xor
partiyalarının yüksək səviyyədə səslənməsində
əməkdar incəsənət xadimi, xormeyster Sevil
Hacıyevanın zəhməti böyükdür və
xüsusi dəyərləndirilməlidir.
Operanın
tələbkar Bakı tamaşaçıları tərəfindən
hərarətlə qarşılanmasında əməkdar incəsənət
xadimi, professor Yalçın Adıgözəlovun dirijor
professionallığının böyük rolu oldu.
Tamaşaçılar Maskanyinin qəlb oxşayan ecazkar
musiqisinin sehrinə düşdülər. Maestro
Yalçın Adıgözəlov XIX əsrin sonunda Siciliya kəndlərinin
birində Pasxa bayramı zamanı baş verən hadisələri
musiqi dilində vermək üçün çalınan
prelyudiya duanı xatırladan sakit musiqi təranələri ilə
təqdim olunur. Bir azdan həmin musiqi daha da dramatikləşir,
arada tenorun (Samir Cəfərovun) açılmamış pərdə
arxasından gələn səsi eşidilir. Bundan əqdəm
az bir zaman doğma kəndlərinə qayıtmış əsgər
öz sevgilisi Lolaya məhəbbət serenadası oxuyur.
Maestro Adıgözəlovun idarə etdiyi orkestrin müşayiəti
ilə oxunan bu serenada tamaşaçı diqqətini
xüsusilə cəlb edir. Adama elə gəlir ki, serenada məşhur
italyan tenorlarından birinin lent yazısında səslənir.
Sonradan məlum olur ki, serenadanı Turiddu partiyasının
ifaçısı Samir Cəfərovun özü italyan manerasında
çox xoşagələn oxuyur. Hadisələrin inkişaf
ardıcıllığı zamanı da Turiddunun (Samir Cəfərovun)
həmin səviyyədə oxuyacağına ümid bəsləyirsən,
lakin ümidlər puça çıxır. Müğənninin
səhnə xofu onun rəvan oxumasına imkan vermir. Yuxarıda
söylənilən tənqidi mülahizələr də
bununla əlaqədardır. Opera tamaşasının qüdrətli
alınması solistlərin ifa cəngavərliyi (yuxarı
notları qorxu bilmədən cəsartlə götürmələri
və s.) ilə sıx əlaqədardır. Solistin zil
notlardan yayınması halları tamaşaçı diqqətində
qalır və onu qıcıqlandırır. Qərb
operalarında da ifa gözəlliyi soprano, tenor, bas- bariton səslərinin
final notlarını cəsarətlə və təmiz
götürmələri ilə müəyyənləşir.
Hətta zəmanəmizin bənzərsiz tenoru Luçano
Pavarotti də final notlarının təmiz götürülməsinə
xüsusi önəm verirdi. Konsert zamanı səhnəyə əlində
böyük dəsmal tutmaqla çıxır, ciblərinə
iri mıx dəsti də qoyurdu. O, bunu bəd nəzərdən
yayınmaq üçün edirdi. Deyirdi ki, bütün bunlar
səsimin heç bir halda ilişməməsi
üçün həmayildir.
Musiqi mədəniyyyətimizin
fəxri sayılan Azərbaycan Dövlət Opera və Balet
Teatrının öz repertuarını dünyanın opera
şedevrləri ilə zənginləşdirməsi sayəsində
gördüyü tədbirlər söz yox ki, bəhrəsini
verir, onun solistlərinin səs qoyuluşlarının elmi əsaslara
söykənən təkmillik relsləri üzərinə
qaldırılması üçün geniş imkanlar
yaradılır. Bu mühüm məsələdə Bakı
Musiqi Akademiyasının müvafiq kafedralarının
yaxından iştirak edəcəklərinə böyük
ümidlər bəsləyirik.
Arif HÜSEYNOV
Azərbaycan.- 2011.-3 iyul.- S. 6.