Yeni torpaqların əkinə verilməsi:
ehtiyatlar və perspektivlər
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunları və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr edilmiş
iclasında kənd təsərrüfatının
inkişafını stimullaşdırmaq və taxıl
istehsalının artırılması üçün əlavə
tədbirlərin görülməsinin zəruriliyini xüsusi
vurğulamışdır.
Kənd
təsərrüfatında xüsusi çəkiyə malik
olan, ölkənin ərzaq təhlükəsizliyi
proqramının əsası sayılan
taxılçılığın inkişafını təmin
etmək üçün böyük fermer təsərrüfatlarının
yaradılmasını bu tədbirlər sırasına aid edən
dövlət başçısı Azərbaycanda aparılan
torpaq islahatının MDB məkanında qabaqcıl təcrübə
olduğunu vurğulayaraq yeni torpaqların istifadə edilməsi
haqda tapşırıqlar vermişdir: "Ancaq bununla bərabər,
hələ də istifadə olunmayan torpaqların istifadəyə
cəlb edilməsi üçün əlavə tədbirlər
görülməlidir. Böyük fermer təsərrüfatlarının
yaradılması üçün dövlət tərəfindən
bütün infrastruktur, təchizat məsələləri həll
olunmalıdırE Dövlət yenə də öz maliyyə
imkanlarından istifadə edib, böyük
taxılçılıq təsərrüfatının
yaradılması üçün maliyyə dəstəyini də
göstərəcəkdir. Ona görə də 2011-ci ildə,
ilk növbədə, bu məqsədlər üçün
istifadə olunacaq yerlər müəyyən edilməlidir,
onların müəyyən hissəsini biz bilirik və dəqiqləşdirilməlidir.
Mexanizm işlənib hazırlanmalıdır ki, il ərzində
artıq biz bu prosesə təkan verək".
Ölkə
rəhbərinin qarşıya qoyduğu bu vəzifələr
özlüyündə bir proqram sənədidir və
müvafiq sahədə çalışan alimlər həmin
vəzifələrin reallaşdırılması
üçün konkret və tətbiqi mümkün olan təkliflərlə
çıxış etməlidirlər. Böyük fermer təsərrüfatlarının
yaradılması məsələsi artıq müvafiq
strukturlarda baxılmış və konkret addımların
atılmasına başlanmışdır. Bu istiqamətdə
mövcud kəndli-fermer təsərrüfatlarının birləşməsi,
aqrar istehsalat kooperativlərinin, birliklərin, ittifaqların,
assosiasiyaların yaradılması prosesinin mümkün
formaları, elmi əsasları haqqında mətbuatda
maraqlı təkliflər verilmişdir.
Fermerçiliyin
inkişafı mərhələlərinin təhlili göstərir
ki, kooperasiyaların yaranması prosesini hüquqi cəhətdən
tənzimləyən müvafiq qanun layihəsi işlənilməli
və qəbul edilməlidir. Nəzərə alsaq ki, fermer
kooperasiyalarının yaranması sırf
könüllülük əsasında aparılmalıdır
və uzunmüddətli bir prosesdir, onda müvafiq struktur
bölmələri tərəfindən təbliğat, izahat və
s. formalardan istifadə etməklə fermerlər arasında
maarifləndirmə işlərinin aparılması
mühüm tədbirlər hesab olunur. Yeri gəlmişkən
qeyd edək ki, artıq bu istiqamətdə müvafiq işlər
görülmüşdür. Milli Məclisin Aqrar siyasət
komitəsi "Kooperasiya haqqında" qanun layihəsinin
müzakirələrini keçirir.
Bəs
yeni torpaqların istifadəyə cəlb edilməsi məsələsi
haradan qaynaqlanır? Azərbaycanda ərzaq məhsullarına
olan tələbatı tam həcmdə ödəmək, daxili
bazarı və strateji məhsullar üzrə idxaldan
asılılığı qorumaq, ərzaq təhlükəsizliyini
təmin etmək bu gün dövlətin ciddi önəm
verdiyi məsələlərdəndir. Nazirlər Kabinetinin
sözügedən iclasında Prezident İlham Əliyev
demişdir: "Ümumiyyətlə, biz dəfələrlə
bu barədə danışmışıq və məsələ
qaldırılmışdır ki,
çalışmalıyıq Azərbaycanda maksimum dərəcədə
ərzaq məhsullarının istehsalını təşkil
edək, idxaldan asılılığımızı minimuma
endirəkE Keçən il taxıl istehsalında tənəzzül
baş vermişdir. Bunun müəyyən təbii səbəbləri
vardır. Ancaq çalışmalıyıq ki, 2011-ci ildə
biz 2009-cu ilin səviyyəsinə və ondan da yüksəyə
qalxaq". Xatırladaq ki, 2009-cu ildə Azərbaycanda 2 milyon
988 min 305 ton taxıl istehsal edilmişdir. Deməli,
qarşıya növbəti illərdə bu səviyyəyə
çatmaq və daha yüksək nəticə əldə etmək
üçün real tədbirlərin və mexanizmin işlənməsi
vəzifəsi qoyulmuşdur.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda
Prezident İlham Əliyev çıxış edərkən
bir daha taxılçılığın inkişafı
perspektivləri haqqında konkret tapşırıqlar
vermişdir: "Kənd təsərrüfatının
intensiv şəkildə inkişafı, həmişə
olduğu kimi, bizim üçün çox vacib məsələdir.
Ancaq biz gərək reallıqlara da diqqətlə yanaşaq.
İntensiv metodları nə qədər tətbiq etsək belə,
yenə də yeni əkin sahələrinin dövriyyəyə
çıxarılması məsələləri öz
aktuallığını itirməyəcəkdir. Bir müddət
bundan əvvəl mənim tərəfimdən verilmiş
göstərişlər indi icra edilir. Biz taxılçılıq
üzrə böyük fermer təsərrüfatlarının
yaradılmasına başlamalıyıq. Hazırda müvafiq
dövlət qurumları yeni sahələri müəyyən
edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə,
əlbəttə, kompleks şəkildə
yanaşmalıyıq. Təkcə o yerləri müəyyən
etməklə kifayətlənməməliyik. Bütün
infrastrukturlar yaradılmalıdır. İlk növbədə,
suvarma, digər infrastruktur layihələri, texnika, gübrələr,
toxumlar və sairE Mən hesab edirəm ki, bütövlükdə
ən azı 100 min, bəlkə də 200 min hektar yeni torpaq
sahəsini əkin üçün dövriyyəyə
çıxarmalıyıq. Beləliklə, ərzaq təhlükəsizliyimizin
əsas sahəsi olan taxılçılığı
inkişaf etdirəcəyik və özümüzü təmin
etmək üçün bunun çox böyük rolu
olacaqdır".
Dövlət
başçısının konkret
tapşırıqlarının müvafiq dövlət, özəl
və yerli strukturlar tərəfindən tezliklə icrası məsələnin
elmi cəhətdən əsaslandırılmasını,
atılacaq addımların müasir texnika və texnologiya əsasında
həll olunmasını zəruri edir. Bu baxımdan, ölkədə
taxıl istehsalı üçün əlverişli torpaq
iqlim şəraitinin olduğu və böyük fermer təsərrüfatlarının
yaradılması məqsədilə istifadə edilə biləcək
torpaq ehtiyatı olan iqtisadi zonanın imkanları nəzərdən
keçirilməlidir.
2009-cu
ildə ölkəmizdə taxıl istehsalının iqtisadi
rayonlar üzrə təhlili göstərir ki, illik taxıl
istehsalının 38,85 faizi Aran, 15,03 faizi Şəki-Zaqatala,
11 faizi Gəncə-Qazax, 9,33 faizi Yuxarı Qarabağ, 8,47 faizi
Dağlıq-Şirvan iqtisadi rayonlarının payına
düşür. Göründüyü kimi, ölkəmizdə
istehsal edilən taxılın 39 faizə qədəri Aran
iqtisadi rayonunda tədarük edilir. Başqa sözlə, Aran
iqtisadi rayonu ölkədə ən iri
taxılçılıq regionu hesab edilir. İqtisadi rayonda
taxıl sahələrinin məhsuldarlığı 2009-cu ildə
hektardan 32 sentner təşkil etmişdir. Ölkə üzrə
isə bu göstərici 26,6 sentner olmuşdur. Deməli,
Prezidentin taxılçılığın daha sürətlə
inkişaf etdirilməsinə yönəlmiş
tapşırığına uyğun olaraq, yeni sahələrin
istifadəyə verilməsi, taxılçılıq üzrə
iri fermer təsərrüfatlarının yaradılması
ehtimalı əsasən Aran iqtisadi rayonu ərazisində daha
yüksəkdir.
Aran
iqtisadi rayonunda kənd təsərrüfatına yararlı sahələrin
sıxlığı və əkin sahələrinin xüsusi
çəkisi də bu ehtimalı şərtləndirən
başlıca səbəblərdəndir. Belə ki,
sözügedən iqtisadi rayonda kənd təsərrüfatına
yararlı sahələrin sıxlığı 0,63, əkin
sahələrinin xüsusi çəkisi isə 0,5 faiz təşkil
edir. Bu iqtisadi rayonda kənd təsərrüfatına
yararlı sahələri daha sıx olan Biləsuvar (0,82),
Saatlı (0,8), Göyçay (0,69), Neftçala (0,66), Salyan və
Zərdab (0,65) rayonlarıdır. Əkin yerinin xüsusi
çəkisinə görə isə yüksək göstərici
Zərdab (0,7), Bərdə (0,62), Kürdəmir (0,61),
Ağcabədi (0,6), Beyləqan, Sabirabad (0,57), Neftçala
(0,57) və başqa rayonlarda müşahidə edilir. Odur ki,
taxılçılıq üzrə iri fermer təsərrüfatlarının
yaradılması üçün 200 min hektar yeni
torpaqların əsasən bu iqtisadi regiona daxil olan inzibati
rayonların ərazisində dövriyyəyə
buraxılması daha məqsədəuyğundur. Məsələn,
Hacıqabulda 68, İmişlidə 66, Yevlaxda 62, Salyanda 61, Biləsuvarda
57, Göyçay və Saatlıda 54, Beyləqanda 53 faiz əkinə
yararlı torpaq ehtiyatları mövcuddur.
Onu
da qeyd edək ki, yeni torpaqların istifadəyə verilməsi
üçün mütərəqqi texnologiya və müasir
texnikanın tətbiqi imkanları təhlil olunmalıdır.
Həmin torpaqlar əvvəlcə kolluqlardan, kötüklərdən
və daşlardan təmizlənməli, sonra isə ilkin becərilməlidir.
Becərmə işlərinə xam torpağın
laydırlı şumlanması, layın çevrilərək
basdırılması, vərdələnməsi daxildir. Bunlar
isə bitki qalıqlarının məhv olması prosesini
sürətləndirir və kənd təsərrüfatı
bitkilərinin inkişaf şəraitini
yaxşılaşdırır. Yeri gəlmişkən, bir
vacib məsələ barədə: mədəni şum
qatı yaratmaq üçün daşları nəinki torpaq səthindən
təmizləmək, eyni zamanda, torpaqdakı 25-30 sm dərinliyində
olan daşları da çıxararaq kənarlaşdırmaq
lazımdır. Bunlardan əlavə, həddən çox nəmli,
yəni qrunt suları torpaq səthinə daha çox yaxın
olan sahələrdə açıq kollektorların və
kiçik qurutma şəbəkəsinin tikilməsi vacib
şərtdir.
Ümumiyyətlə,
ölkəmizdə qrunt sularının torpaq səthinə
yaxın olduğu bölgələr çoxdur və bu
torpaqların qurudularaq kənd təsərrüfatı
üçün istifadə edilməsi mühüm əhəmiyyət
daşıyan məsələdir. Bataqlıqlaşmış
torpaqların qurudulmasının məqsədi torpaqdan
artıq suyun kənarlaşdırılması və su, hava,
istilik, qidalanma rejimlərinin əlverişli şəraitlərini
təmin etmək üçün onun nəmliyinin tənzimlənməsidir.
Hazırda qurutma açıq kanalların və yeraltı
(örtülü) drenajların şəbəkəsi ilə
yerinə yetirilir.
Bataqlıqlaşmış
torpaqların qurudulması suqəbuledicinin tənzimlənməsini,
magistral və kollektor kanallarının, quruducuların
qoyulmasını tələb edir. Qurudulan ərazidən
artıq suyu qəbul və axıda bilən suqəbuledici kimi
mövcud quyulardan istifadə olunur. Torpaq altında axan su
axarının normal işini təmin etmək
üçün suqəbuledici kimi onun axarını dərinləşdirir,
düzləndirir və genişləndirirlər. Hamar səthli,
bataqlıqlaşmış, minerallı torpaqlarda magistral
kanallar bir-birindən 1,5-3 kilometr məsafədə və 1,5-2
metr dərinlikdə qoyulur.
Kollektorlar
kiçik qurutma şəbəkəsindən suyu toplayır və
magistral kanala ötürür. Minerallı torpaqlarda
kollektorların dərinliyi 1,2-1,4 metr ola bilir. Quruducular
kollektor kanallarında qrunt sularının səviyyəsini
azaltmaq üçündür. Quruducuların uzunluğu 0,5-1
kilometr, minerallı torpaqlarda dərinliyi 0,7-1 metr qəbul
edilir.
Bəs
qurutma şəbəkəsinin üstünlükləri
hansılardır? Açıq kanalların qurulması sadədir,
tam mexanikləşdirilmişdir və odur ki, örtülü
drenajdan ucuz başa gəlir. Açıq qurutma şəbəkəsinin
qurulmasına heç bir əlavə material tələb
olunmur, səth sularının yığılıb kənarlaşdırılmasını
asanlaşdırır. Bununla yanaşı,
çatışmazlıqları da mövcuddur. Böyük
en götürümlü, sürətli kənd təsərrüfatı
maşınlarının işini çətinləşdirir
və onların məhsuldarlığını
aşağı salır, açıq kanallar və onların
ətrafında yaranan, onlara bitişik becərilməmiş
zolaqlar yeni istifadəyə hazırlanmış torpaqların əhəmiyyətli
hissəsini (18 faizə qədərini) tutur və alaq
otları üçün şitilliyə çevrilir və
s.
Həddindən
çox nəmli torpaqların qurudulmasının ən əhəmiyyətli
üsulu örtülü drenajdır. Örtülü drenaj
qurulan torpaqlar əsasən yüksək məhsuldarlıqla kənd
təsərrüfatı bitkiləri əkildiyi halda tətbiq
edilir. Açıq qurutma şəbəkəsinə nisbətən
qurutmanın bu üsulu bir çox üstünlüklərə
malikdir: qurudulan sahə hissələrə bölünmür,
əksinə, böyük torpaq massivləri yaranır, sürətli
və böyük en götürümlü kənd təsərrüfat
texnikasının səmərəli istifadəsi təmin
edilir, qurudulan sahədən tam istifadə olunur, keçid
üçün körpü və boru keçidlərinin
sayı xeyli azalır.
Örtülü
qurutma sisteminin isə bəzi
çatışmazlıqları var. Məsələn,
şum qatında toplanmış səthi və artıq
suların ötürülməsi yavaş gedir, quraşdırma
işlərinin texniki mürəkkəbliyi və ağır
zəhmət tələb etməsi yüksək ixtisaslı
işçi və ustaların iştirakını tələb
edir və beləliklə, quraşdırmanın maya dəyəri
baha başa gəlir. Bu çatışmazlıqlara baxmayaraq,
örtülü drenaj daha geniş yayılmışdır.
Hazırda plastik materiallardan hazırlanmış drenajlara
üstünlük verilir. Belə halda boruların çəkisi
25-30 dəfə yüngül olur, quraşdırma işləri
sadələşir, proses tam mexanikləşdirilir,
ağır texnikaya ehtiyac qalmır.
Suvarma
kənd təsərrüfatı bitkilərinin normal inkişafı
üçün kifayət etməyən nəmliyin
tamamlanması məqsədilə torpağın üst fəal
qatının süni yolla nəmləndirilməsidir. Təcrübədə
torpağın suvarılması səthi yağış
yağdırmaqla və torpaqaltı suvarma üsulları ilə
aparılır. Səthi suvarma, yəni torpağın üstdən
nəmləndirilməsi zamanı su əvvəlcədən
hazırlanmış şırımlarla paylanır.
Yağış yağdırmaqla suvarma zamanı isə su
yağış yağdıran aparatlarla havaya atılır,
damcı halına salınır və süni yağış
formasında torpağa düşür. Nəhayət,
torpaqaltı suvarma zamanı su torpağın altı ilə
40-50 sm dərinliklə boru formalı nəmləndiricilərlə
bilavasitə bitkilərin kök sisteminə verilir.
Suvarmanın bu və ya digər üsulunun tətbiqi yerli
şəraitlərdən, başqa sözlə, iqlimdən,
torpağın relyefindən, suvarma mənbəyindən, becərilən
kənd təsərrüfatı bitkisindən və istehsal
imkanlarından asılıdır.
Göründüyü
kimi, yeni torpaqların istifadəyə verilməsi sahəsində
Azərbaycanda zəngin təcrübə mövcuddur. İndi
qalır sözügedən məsələ üzrə
qarşıda duran vəzifələrin icrasında bu təcrübədən
səmərəli istifadə etmək.
İsrafil İSMAYILOV,
Azərbaycan Dövlət Aqrar
Universitetinin
professoru, texnika elmləri doktoru
Azərbaycan.- 2011.-3 iyul.- S.
7.