Bakıda
Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika
Mərkəzi açılmışdır
İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişlər.
Xidmətin şəxsi heyəti və Müalicə-Diaqnostika Mərkəzinin kollektivi Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşıladılar.
XDMX-nin rəisi, general-polkovnik Vaqif Axundov dövlətimizin başçısına raport verdi.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı və xanımı mərkəzlə tanış oldular.
General-polkovnik Vaqif Axundov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, mərkəzin tikilib istifadəyə verilməsi həm XDMX-nin, həm də Milli Qvardiyanın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımdır. Dövlətimizin başçısının tapşırığına əsasən, Mərkəzin yaradılması üçün XDMX-yə Yasamal rayonunun ərazisində 0,6 hektar torpaq sahəsi və müvafiq maliyyə vəsaiti ayrılmışdır. XDMX-nin əməkdaşlarının sağlamlığının qorunması, onların tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi məqsədilə inşa edilən bu mərkəzdə əsasən Almaniya və digər Avropa ölkələrinin istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır.
Qeyd edildi ki, tikintisinə 2009-cu ilin mayında başlanılan səkkizmərtəbəli mərkəzin həyətyanı sahəsi abadlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin iyununda başa çatdırılmışdır. Mərkəzdə dünyada yeni tikilən tibb ocaqlarında istifadə edilən xüsusi havalandırma sistemi tətbiq olunmuşdur.
Bildirildi ki, bu müasir tibb ocağında ulu öndər Heydər Əliyevin xatirəsi əbədiləşdirilmiş, "Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir", - deyən ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan fotoguşə yaradılmışdır.
Dövlətimizin başçısı və xanımı əvvəlcə mərkəzin funksional diaqnostika şöbəsi ilə tanış oldular. Məlumat verildi ki, burada USM, kardioqram, exokardioqram, strestest, travmatologiya otaqları və iki müşahidə palatası fəaliyyət göstərir. Şöbədə quraşdırılan tibbi avadanlıq Avropa ölkələrinin istehsalıdır və ən müasir standartlara cavab verir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təcili yardım şöbəsinin fəaliyyəti ilə tanış oldular. Şöbədə xəstələrə yüksək səviyyədə ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılmışdır.
Mərkəzdə XDMX-nin və Milli Qvardiyanın formalaşmasında böyük rolu olan ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndərin və Prezident İlham Əliyevin XDMX-nin şəxsi heyəti ilə görüşlərini əks etdirən fotostendlər yaradılmışdır. Binada 70 nəfərlik konfrans zalı, kompyuterlə təchiz olunmuş iclas zalı, arxiv, dəftərxana və digər xidməti otaqlar da vardır.
Mərkəzin əməliyyat bloku ilə tanış olan Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, burada üç əməliyyat otağı yaradılmışdır. Bu blokda daxili orqan, stomatoloji, qulaq-burun-boğaz əməliyyatları aparmaq mümkündür. Buradakı reanimasiya zalı da lazımi avadanlıqla təchiz olunmuşdur. Xüsusilə ağır xəstələr üçün ayrıca reanimasiya otağının da yaradıldığı əməliyyat blokundakı avadanlıq müasirliyi və yüksək keyfiyyəti ilə diqqəti cəlb edir.
Ümumi stasionar şöbədə isə 8
adi, 2 VİP palata xidmət göstərir. Hər bir palata telefon rabitəsi
ilə təmin olunmuşdur.
Dövlətimizin başçısına və
xanımına məlumat verildi ki, mərkəzdə pnevmatik
ötürücü sistem
quraşdırılmışdır. Bu sistemin köməyi
ilə həm xəstələrə qulluq göstərilir, həm
də onların laborator analizlərinin 10-15 saniyə ərzində
göndərilməsi təmin olunur.
Mərkəzin ikinci və üçüncü mərtəbələrində
isə poliklinika şöbələri yerləşir. Kolonoskopiya və
qastroduodenoskopiya otaqlarında xüsusi avadanlıq
quraşdırılmışdır. Bu mərtəbədə,
həmçinin ginekoloji və stomatoloji müayinələr
aparmaq da mümkündür. Müalicəvi
bədən tərbiyəsi zalında oftalmoloq, nevropatoloq,
fizioterapevt otaqları və fizioterapiya zalı da fəaliyyət
göstərir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
funksional diaqnostika şəbəkəsindəki rentgen
otağında oldular. Buradakı rəqəmsal rentgen cihazı ən
son texnologiya əsasında hazırlanmışdır. Kompyuter tomoqrafiyası 4D rejimində işləyir və
bu avadanlıqla kardioloji, uroloji, damar müayinələrini
aparmaq mümkündür.
Dövlətimizin
başçısı və xanımı laboratoriyada
yaradılmış şəraitlə də tanış
oldular.
Müalicə-Diaqnostika Mərkəzinin 40 nəfərlik
yeməkxanası da vardır.
Bir sözlə, mərkəzin bütün xidmət sahələrində
ən müasir standartlara cavab verən şərait
yaradılmışdır.
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham ƏLİYEV xidmətin
şəxsi heyətini və mərkəzin kollektivini təbrik
edərək dedi:
- Sizi
gözəl Müalicə-Diaqnostika Mərkəzinin
açılışı münasibətilə ürəkdən
təbrik edir, sizə uğurlar arzulayıram.
İki il bundan əvvəl Xüsusi Dövlət
Mühafizə Xidmətinin rəisi müraciət etmişdi
ki, yeni diaqnostika-müalicə mərkəzi tikilsin. Mən bu təşəbbüsü dəstəklədim
və qısa müddət ərzində gözəl bir mərkəz
tikildi. Əvvəlki dövrdə əməkdaşlara
lazımi səviyyədə tibbi xidmət göstərilmirdi.
Çünki şərait yox idi. İndi isə burada yaradılmış şərait
hesab edirəm ki, ən yüksək səviyyədədir, həm
bina çox gözəldir, rahatdır, genişdir. Daxili dizayn da çox gözəldir. Eyni zamanda, burada ən gözəl, müasir
avadanlıq quraşdırılıb. Bu
avadanlıqlar imkan verir ki, istənilən xəstəliyin
vaxtında müayinəsi və müalicəsi mümkün
olsun. Burada müasir əməliyyat
blokları vardır. Yəni, ən
müasir, dünya səviyyəsinə cavab verən xəstəxananın
bütün əlamətləri burada vardır.
Mən çox şadam ki, qısa müddət ərzində
gözəl mərkəz tikilib və Xüsusi Dövlət
Mühafizə Xidmətinin əməkdaşlarına burada
çox yüksək səviyyəli tibbi xidmət göstərilməlidir. Mən buna əminəm.
Əlbəttə, burada quraşdırılan ən
müasir avadanlıqda işləmək, bu
avadanlığın fəaliyyətini, işini düzgün
qurmaq üçün təcrübə lazımdır. Hesab edirəm ki, bu məsələ də öz həllini
tapacaqdır. Beləliklə, sizin
üçün gözəl tibbi mərkəz
yaradılıbdır.
Xüsusi Dövlət Mühafizə Xidmətinin
çox vacib funksiyaları vardır. Dövlət obyektlərinin
qorunması, dövlət və hökumət qurumlarında
işləyən insanların təhlükəsizliyinin təmin
edilməsi, digər funksiyaları vardır. Elə etməliyik ki, xidmətdə
çalışan bütün əməkdaşların
sosial problemləri layiqincə həllini tapsın.
Bu tibbi mərkəzin açılışı bu
istiqamətdə atılmış gözəl
addımdır. Əməkdaşların sosial-məişət
problemləri də həll olunur. İstirahət
üçün geniş şərait yaradılıbdır.
Yəni, indi sizin xidmətiniz də ölkəmizin
ümumi inkişafına uyğun şəkildə inkişaf
edir, ən müasir avadanlıqla təchiz edilir. Bu tibbi mərkəzin açılışı bir
daha onu göstərir ki, əməkdaşların normal
yaşaması üçün Azərbaycan dövləti
köməyini əsirgəmir.
Bütövlükdə, ölkəmizdə səhiyyə
sisteminin təkmilləşməsi işində son illər ərzində
çox vacib addımlar atılmışdır. Ölkəmizin
demək olar ki, bütün bölgələrində yeni,
gözəl, müasir tibbi mərkəzlər
yaradılmışdır. Rayon xəstəxanaları
əsaslı təmir edilmişdir. Hər
bir bölgədə müasir müalicə-diaqnostika mərkəzləri
tikilmişdir. Əlbəttə, Bakı şəhərində
son bir neçə il ərzində
ixtisaslaşdırılmış tibbi mərkəzlər
yaradılıb və bu, imkan verir ki, Azərbaycan vətəndaşlarına
səviyyəli və keyfiyyətli tibbi xidmət göstərilsin.
Bu gün biz həm bu gözəl müalicə-diaqnostika
mərkəzinin açılışını qeyd edirik,
eyni zamanda, Bakıda yeni, böyük sağlamlıq mərkəzinin
təməl daşını da qoyacağıq. Bu mərkəz
də çoxfunksiyalı böyük mərkəz
olacaqdır. Bu mərkəzdə müxtəlif
ixtisaslar üzrə bölmələr fəaliyyət göstərəcəkdir.
Hesab edirəm ki, Bakı Sağlamlıq Mərkəzinin
tikilib istifadəyə verilməsindən sonra şəhərimizin
əsas səhiyyə istiqamətləri artıq lazımi səviyyəyə
qalxacaqdır.
Səhiyyə sisteminə göstərilən diqqət hər
bir ölkənin niyyətini göstərir. Ölkəmizdə
ilk növbədə insanların sosial məsələlərinin
həlli üçün işlər görülür.
Son illər ərzində bu məsələlər
üçün böyük vəsait də
ayrılmışdır. Növbəti illərdə
bu siyasət davam etdiriləcəkdir. Elə
etməliyik ki, Azərbaycan vətəndaşları
yaşadıqları bölgələrdən asılı
olmayaraq, istənilən yerdə keyfiyyətli tibbi xidmətlə
təmin olunsunlar.
Mən sizi bu gözəl mərkəzin
açılışı münasibətilə ürəkdən
təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm
və çox şadam ki, bu mərkəz qısa müddət
ərzində, böyük zövqlə tikilib. Burada quraşdırılan və mənə göstərilən
avadanlıq inkişaf etmiş ölkələrin ən qabaqcıl
xəstəxanalarında da tətbiq olunur. Bu, belə də olmalıdır. Azərbaycanda tətbiq olunan bütün qabaqcıl
təcrübə ən yüksək səviyyədə
olmalıdır.
Burada müalicə olunacaq xəstələrin
sağlamlığı mərkəzdə çalışan
tibb işçilərindən asılıdır. Əminəm
ki, siz çox gözəl tibbi xidmət göstərəcəksiniz
və hər halda burada yaradılmış şərait bunu
deməyə əsas verir. Bir daha sizi
ürəkdən təbrik edirəm və sizə uğurlar
arzulayıram.
* * *
Xüsusi
Dövlət Mühafizə Xidmətinin rəisi
general-polkovnik Vaqif AXUNDOV
şəxsi heyət adından minnətdarlığını
bildirərək dedi:
- Möhtərəm
Prezident, cənab Ali Baş Komandan!
Bu gün bizim üçün çox xoş bir
gündür.
Sizin bu tibb mərkəzinə gəlişiniz
bizim üçün tarixi bir hadisəyə çevrilib.
Siz bizim şəxsi heyət ilə artıq
altıncı dəfədir ki, görüş keçirirsiniz. 2005-ci ilin oktyabr ayında
bizim hərbi şəhərciyin, inzibati binanın
açılışında Sizin şəxsi
heyətlə ilk görüşünüz olub. Sizin oradakı çıxışınızda
qarşımızda qoyduğunuz vəzifələr o dövrdən
bugünədək bir proqram kimi şəxsi heyət tərəfindən
uğurla icra olunur.
Sizin
ikinci görüşünüz 2007-ci ilin oktyabr ayında
bizim müasir tələblərə cavab verən Təlim-Tədris
Mərkəzinin açılışında olub. Orada Siz şəxsi heyətin qarşısında
çıxış etdiniz. Xüsusi
Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin
qarşısında döyüş
tapşırıqlarını qoydunuz. O
tapşırıqlar bu gün şəxsi heyət tərəfindən
çox yüksək peşəkarlıqla yerinə yetirilir.
Sizin növbəti görüşünüz 2009-cu ildə
Yevlax şəhərində İxrac Neft və Qaz Boru Kəmərlərinin
Təhlükəsizliyi İdarəsinin şəxsi heyəti
üçün tikilmiş xidməti binanın
açılışında olub. O cür bina bizim 7 regional şöbədə
tikilib və şəxsi heyətin istifadəsinə verilib.
Mən bir məqamı da qeyd etmək istəyirəm ki,
2003-2011-ci illər ərzində 550-dən artıq mənzil
tikilərək şəxsi heyətin istifadəsinə
verilib. Bu, Sizin şəxsi heyətə daimi diqqət və
qayğınızın bariz nümunəsidir. Sizin
birbaşa göstərişiniz və
tapşırığınız əsasında bu Müalicə-Diaqnostika
Mərkəzi tikilib. Sizin birbaşa
göstərişiniz əsasında ayrılan maliyyə vəsaiti
əsasında bizim Nabran İstirahət Mərkəzi tikilib.
Hazırda orada 240-dan artıq əməkdaşımıza
və onların ailələrinə yüksək səviyyədə
xidmət göstərilir.
Cənab
Prezident, Sizin bundan əvvəlki görüşlərinizdən
biri də 2010-cu ildə Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Departamentinin inzibati binasının
açılışında olub. Bu binanın
açılışında da Xüsusi Dövlət
Mühafizə Xidmətinin şəxsi heyəti
qarşısında qoyduğunuz yeni vəzifələr əsasında
onun maddi-texniki bazası genişləndirilir və gücləndirilir.
Mən bütün bunlara görə, cənab Prezident,
Sizə və Mehriban xanıma dərin minnətdarlığımı
bildirirəm.
Sizin dövlətimizə, xalqımıza sədaqətiniz
bizim üçün örnəkdir. Biz
xalqa, Vətənə, dövlətə sədaqətlə
xidmət etmək prinsiplərini Sizdən öyrənirik.
Sizin fəaliyyətiniz, gecə-gündüz
işiniz gözlərimizin qabağında olduğuna görə
biz xidməti vəzifələrimizi başqa cür yerinə
yetirə bilmərik.
Ona görə də, cənab Prezident, bütün şəxsi heyət adından Sizi bir daha əmin etmək istəyirəm ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti qarşısında qoyduğunuz bütün döyüş tapşırıqları böyük şərəflə, layiqincə yerinə yetiriləcəkdir. Biz fəaliyyətimizdə, işimizdə Sizə sədaqətimizi daim nümayiş etdirəcəyik.
Sizə bir daha "Çox sağ olun!"
deyirəm, cənab Prezident. Buraya gəldiyinizə, bu mərkəzi
açdığınıza və bu dəyərli
vaxtınızı bizə sərf etdiyinizə görə
çox sağ olun.
* * *
Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.- 5 iyul.- S. 2.