Milli Məclisdə görüş
İyulun 4-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekov ilə görüşmüşdür.
Görüşdə Azərbaycanla Qırğız Respublikası arasındakı əlaqələrdən, elm, təhsil, mədəni və digər sahələrdəki səmərəli əməkdaşlıqdan danışılmışdır.
Milli Məclisin Sədri Oqtay Əsədov demişdir ki, müstəqillik illərində münasibətlərimiz yeni müstəvidə uğurla inkişaf edir. Ölkələrimiz arasında 20-dən çox mühüm əhəmiyyət kəsb edən sənədlərin imzalanması əlaqələrimizin inkişafı üçün hüquqi baza yaratmışdır.
Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu xüsusi vurğulayan Oqtay Əsədov qeyd etmişdir ki, bu səfər hər iki ölkənin parlamentləri arasında deyil, eləcə də bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəkdir.
Milli Məclisdə Qırğız Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir, qarşı tərəfdə də belə bir qrupun yaradılması əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcəkdir.
Görüşdə Ermənistanın hərbi təcavüzü, etnik təmizləmə siyasəti barədə də ətraflı məlumat verən Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qırğız xalqına minnətdarlıq etmişdir.
Axmatbek Keldibekov Azərbaycan ilə Qırğız Respublikası arasındakı səmimi dostluq və qardaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyindən danışmışdır. Bildirmişdir ki, dövlətlərimiz arasındakı münasibətlərin genişlənməsində parlamentlərin rolu böyükdür. Bu baxımdan qısa zamanda Qırğız Respublikası parlamentində Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyətə başlayacaqdır. Eyni zamanda Qırğız Respublikası və Azərbaycan parlamentləri arasında əməkdaşlığa dair Memorandum münasibətlərimizi daha da möhkəmləndirəcəkdir.
Qonaq onu da qeyd etmişdir ki, qarşıdan gələn aylarda Azərbaycan-Qırğız hökumətlərarası komissiyasının da növbəti iclası keçiriləcəkdir. İclasda iştirak etmək üçün Qırğız hökumətinin nümayəndə heyəti Bakıya gələcəkdir. Ümid edirik ki, komissiyanın səyi nəticəsində iqtisadi-ticarət dövriyyəmiz daha da genişlənəcək.
Görüşdə ölkələrimiz
arasında siyasi, iqtisadi,
mədəni əlaqələrin inkişaf
perspektivləri, qarşılıqlı səfərlərin
sayının artırılması, beynəlxalq əməkdaşlıq
və digər məsələlər ətrafında da geniş fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.- 5 iyul.- S. 6.