Azərbaycan ilə Səudiyyə Ərəbistanının Krallığı arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığı Diplomatik Akademiyasının rəhbəri Abdulkərim al Daxayeli ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanda səfərindən məmnunluq duyduğunu deyən qonaq ölkəmizin böyük inkişaf potensialının əyani şahidi olduğunu söyləmişdir. Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verən Abdulkərim al Daxayeli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə sıx əlaqələrin yaradıldığını və bir sıra istiqamətlər üzrə birgə əməkdaşlıq planlarının mövcudluğunu vurğulamışdır.

Nazir E.Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmiş, təhsil, xüsusən də peşəkar diplomatların hazırlanması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyindən danışmışdır.

Sonra tərəflər Yaxın Şərqdə cərəyan edən proseslər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

 

 

Azərbaycan.- 2011.- 5 iyul.- S.  6.