"Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin ilk iclası olmuşdur

 

İyulun 4-də Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olmuşdur.

İclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva "Eurovision-2012" mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğuladı. Bildirdi ki, müsabiqənin paytaxtımızda keçirilməsi ilə bağlı əsas istiqamətlər müəyyən edilməlidir.

Mehriban xanım Əliyeva Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırdı ki, mahnı müsabiqəsinin keçiriləcəyi yer ilə bağlı bir neçə təklif vardır. Heydər Əliyev Fondunun prezidenti hazırda dövlətimizin başçısı İlham Əliyevin həmin təklifləri nəzərdən keçirdiyini söylədi.

Sonra "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri cari məsələlərlə bağlı müzakirələr apardılar.

Qeyd edək ki, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə "Eurovision" mahnı müsabiqəsinin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. Prezident İlham Əliyevin mayın 19-da imzaladığı sərəncama əsasən, gələn il "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılmışdır. Dövlətimizin başçısının sərəncamı ilə Təşkilat Komitəsinin sədri "Eurovision"da iştirakımızın təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təyin edilmişdir. Komitə "Eurovision-2012" mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb icra olunmasını təmin etməlidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-5 iyul.- S.  7.