Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu ilə əlaqədar konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin "başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla" müddəası özgəyə məxsus oğurlanmış hesab kartı və identifikasiya nömrəsi ilə bankomatın informasiya sisteminə daxil olmaqla oradan hesab kartının sahibinin hesabında olan pul vəsaitinin çıxarılmasını ehtiva etmir.

Bankomata qanunsuz daxil olma fiziki təsir, fiziki güc tətbiq etməklə, bankomatın seyfinin kilidinin sındırılması, seyfin divarlarının qaynaq və ya digər texniki vasitələrlə kəsilməsi, cırılması və ya əridilməsi kimi hərəkətlərlə müşayiət edilərsə, bu halda törədilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin dispozisiyası ilə bağlı əks olunmuş mövqeyi cinayət qanunvericiliyinin təkmilləşdirilməsi zamanı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən nəzərə alınsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 5 iyul.- S.  7.