Regionların sosial-iqtisadi yüksəliş və quruculuq dövrü

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 20 il aqrar sferada da mühüm nailiyyətlərlə yadda qalıb. Kənd təsərrüfatındakı uğurların əsası ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlarla qoyulub. O cümlədən, ulu öndərin sayəsində ölkəmizdə həyata keçirilən və MDB-də analoqu olmayan torpaq islahatı da bugünkü aqrar inkişaf üçün geniş imkanlar yaradıb.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurlu davamı, Prezident İlham Əliyevin müəyyən etdiyi yeni inkişaf strategiyası ölkəmizdə aqrar sahənin də dinamik inkişafında həlledici rol oynayır. Azərbaycan hakimiyyətinin kəndlini torpağa daha sıx bağlayan aqrar siyasəti ildən-ilə kənd təsərrüfatı istehsalının artması ilə müşayiət edilməkdədir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər kənd təsərrüfatının bütün sahələrində əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Respublikamızın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə "Azərbaycan" qəzetinin Ağcabədidə keçirdiyi "dəyirmi masa"da ölkəmizin aqrar və eləcə də regionların sosial-iqtisadi uğurlarına rayonun timsalında nəzər salındı.

 

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

Tarixən müstəqillik hər bir xalqın ən böyük milli sərvəti olaraq dəyərləndirilib və bəşəriyyətin mövcudluq salnaməsi bunun tam real həqiqət olduğunu dəfələrlə sübuta yetirib. Öz hüquqlarını suveren şəkildə reallaşdıra bilməyən xalqların siyasi, iqtisadi, mədəni inkişafı isə adətən, hansısa ideoloji məhdudiyyətlərə məruz qalıb və bu səbəbdən özünütəsdiqin tam ifadəsinə imkan verməyib. Dünyanın ən nəhəng imperiyalarından sayılan keçmiş SSRİ-nin tərkibində yaşadığımız illərə nəzər salmaqla bunun konkret əksini görmək mümkündür. Tarixi zərurətdən irəli gələrək Sovet İttifaqının dağılması, xalqmızın suverenliyi uğrunda apardığı mübarizənin nəticəsi olaraq Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşması ölkəmiz qarşısında tamamilə yeni inkişaf mərhələsinin açılmasına gətirib çıxardı.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti tərəfindən qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" beynəlxalq hüquq məkanına yeni müstəqil subyektin daxil olduğunu təcəssüm etdirən mühüm sənəd oldu. Ancaq təəssüf ki, həmin dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, daha çox Moskvadan gələn göstəriş və direktivlər əsasında fəaliyyət göstərməyə alışmaları bu sənədin, elan olunan dövlət müstəqillyinin formal xarakter daşımasına rəvac verdi. Sonradan hakimiyyətə zor və silah gücünə gələn digər qüvvələrin fəaliyyəti daha çox avantürizm üzərində kökləndi, şəxsi mənafe milli maraqları üstələdi. Azərbaycan istər siyasi, istərsə də coğrafi cəhətdən parçalanmaq təhlükəsi ilə üzləşdi, ölkə vətəndaş müharibəsinə doğru sürükləndi. Bütün Azərbaycanda olduğu kimi, həmin ağrılı-acılı illəri Ağcabədi sakinləri də yaşadılar, olmazın əzab-əziyyətlərlə üzləşdilər.

Beləliklə, 1991-1993-cü illər Azərbaycanın yeni tarixinə dövlət müstəqillyinin formal xarakter daşıdığı dövr kimi daxil oldu. Bununla barışmaq istəməyən, hər zaman ən çətin anlarda doğru qərar verməyə qadir olan xalqımız yenidən müdrikliyini göstərərək üzünü Naxçıvana, həyatını təmənnasız olaraq doğma Azərbaycanına xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevə tutdu. Onun yenidən hakimiyyətə qayıtması xalq tərəfindən təkidli tələb və istək olaraq ifadə edildi. Çünki hər zaman dövrünün alternativsiz lideri olan ulu öndər ölkəni üzləşdiyi bəlalardan, problemlərdən xilas edə biləcək, onu intibah yoluna çıxaracaq yeganə şəxsiyyət idi. Bütün bunları Azərbaycan xalqı aydın görürdü və təsadüfi deyil ki, ölkəmizin ağır günlərində yeganə nicat mənbəyi olan Heydər Əliyevin qayıdışını xalq yeni tarixinə Qurtuluş günü olaraq həkk edib.

Ümummilli liderin hakimiyyətə qayıdışı ilə xaos və anarxiyadan xilas olan Azərbaycan həqiqi dövlət müstəqillyinə qovuşdu, yeni tarixi şəraitdə milli dövlətçiliyin əsası qoyuldu. Hadisələrin hansı məcrada inkişaf edəcəyini əvvəlcədən görərək onu yönləndirmək, fəaliyyəti ilə zamanın və məkanın fövqündə dayanmaq bacarığında olan Heydər Əliyev fenomeninə xalq tərəfindən bəslənən sonsuz etimad və məhəbbət daha da dərinləşdi. Milli həmrəyliyin yaranmasına, azərbaycançılıq məfkurəsinin daha möhkəm özüllər üzərində təşəkkül tapmasına nail olan, vətəndaş müharibəsinin qarşısını alan ulu öndər ölkəni işıqlı gələcəyə aparan möhtəşəm inkişaf strategiyasını müəyyən edərək fəal icraya yönəltdi. Sabitliyin bərqərar olması, vətəndaş təhlükəsizliyinin təminatı, əlverişli investisiya mühitinin formalaşdırılması milyardlarla dollar həcmində xarici sərmayənin Azərbaycana gəlişinə səbəb oldu. Ölkəyə göstərilən inam və etimad, həyata keçrilən yeni neft strategiyası Heydər Əliyevin şah əsərlərindən olan "Əsrin müqaviləsi" kimi möhtəşəm kontraktın imzalanması ilə nəticələndi. Bununla, Azərbaycanın hərtərəfli inkişafının möhkəm təməli qoyuldu. Qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, nizami ordunun formalaşdırılması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin ölkəmizin lehinə dəyişdirilməsinə səbəb oldu. Bazar iqtisadiyyatına keçid şəraitində elm, təhsil, səhiyyə, mədəniyyət və digər mühüm sahələrin inkişafında, eləcə də xarici siyasət sferasında böyük yüksəliş dövrünün başlaması da yenə ulu öndərin adı ilə bağlıdır.

Ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri də müəllifi olduğu inkişaf strategiyasını, həyata keçirdiyi ideya və prinsipləri davam etdirmək üçün ən layiqli siyasi varisini böyük uzaqgörənliklə müəyyənləşdirməsi oldu. Heydər Əliyev irsinin ən görkəmli nümayəndəsi olan Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Hətta sosial-iqtisadi sferada inkişafın Azərbaycan modelinin yaranması kimi tarixi nailiyyətə imza atılıb. Eyni zamanda, iqtisadi sahədə keçid dövrü uğurla başa vurulub.

Ölkə iqtisadiyyatının ən müxtəlif sahələrinin dövlət proqramı təminatı, onların bir-birini tamamlaması, qeyri-neft sektorunun daha da möhkəmlənməsi, sənayenin, kənd təsərrüfatının dinamik inkişafı, mülkiyyətin çoxnövlülüyünün təminatı, bütün bunlara xidmət edən institusional islahatlar Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində yer alır. Görülən işlərlə yerində tanış olmaq məqsədilə dövlət başçısının yerlərə müntəzəm səfərləri, ölkənin bütün bölgələrində sosial-iqtisadi vəziyyətlə yerində maraqlanması, əhali ilə mütəmadi görüşləri Prezident İlham Əliyevin fəaliyyətində daim özünü qabarıq göstərən mühüm xüsusiyyətlərdəndir.

Faktdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətlərindən bəhs edərkən ilk növbədə, onun sosialyönümlülüyü ön plana çəkilir. Bunun nəticəsidir ki, Azərbaycan əhalinin maddi-rifah halının yüksəliş tempinə görə indi dünyada öndə gedən dövlətlər sırasında yer alır. Özü də respublikamızda yaşanan sosial-iqtisadi tərəqqi ölkə üzrə proporsional qaydada paylanaraq əhalinin bütün təbəqəsini əhatə edir. Bu istiqamətdə regionların inkişafına dair qəbul edilən birinci və ikinci dövlət proqramları isə müstəsna rol oynayıb.

Həmin proqramların uğurlu icrası Azərbaycanın digər bölgələrində olduğu kimi, Ağcabədinin də simasının yeniləşərək daha da gözəlləşməsinə, burada yaşayan sakinlərin layiqli həyat tərzinin təmin olunmasına, böyük müvəffəqiyyətlərə yol açıb. Dövlət proqramlarından irəli gələn vəzifələrin həyata keçirilməsi, həmçinin dövlət başçısı tərəfindən verilən müxtəlif tapşırıqlar, imzalanan fərman və sərəncamlar Ağcabədidə yeni iş yerlərinin, istehsal müəssisələrinin, sosial obyektlərin, müasir infrastrukturun yaranmasına gətirib çıxarıb. Elə cari ilin may ayında da cənab İlham Əliyev Ağcabədidə olarkən daha bir neçə yeni müəssisə və obyektlərin açılışını etdi. Ağcabədiyə səfəri çərçivəsində rayonun mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Yaqub Məmmədov adına rayon mədəniyyət evi ilə tanış oldu. Həmçinin Prezident İlham Əliyev burada yeni inşa olunan şahmat məktəbinin binasının açılış, yeni mərkəzi rayon xəstəxanasının təməlqoyma mərasimində iştirak etdi. Dövlət başçısı Ağcabədi şəhərində yeni süd emalı zavodunun, Ağabəyli kəndində tikilən "Atena" süd məhsulları kombinatının, Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışına da qatıldı. Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirdi. Bütün bunlar Ağcabədinin dinamik inkişafı, eyni zamanda, Prezident İlham Əliyevin rayona yüksək diqqət və qayğısının bariz ifadəsidir.

Təbii ki, ölkəmizdə, onun regionlarında, o cümlədən Ağcabədidə yaşanan bu inkişaf həm də 20-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız dövlət müstəqilliyinin bəhrəsidir. Müstəqil Azərbaycanın ən sürətlə inkişaf edən rayonlarından biri kimi, Ağcabədinin bundan sonra da tərəqqisində möhtəşəm nailiyyətlərin əldə olunacağı, onun daha da müasirləşərək gözəlləşəcəyi qətiyyən şübhə doğurmur.

İndi isə söz Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin MƏMMƏDOVa verilir.

 

Şahin MƏMMƏDOV:

- Öncə dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə belə bir tədbirin Ağcabədi rayonunda keçirilməsinə görə "Azərbaycan" qəzetinin kollektivinə təşəkkürümü bildirmək istəyirəm. Bütün rayonlarımız kimi, Ağcabədi də son illərdə dinamik yüksəliş mərhələsinə qədəm qoyub. Ölkənin ahəngdar inkişafını təmin etmiş regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında Ağcabədi rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər böyük müvəffəqiyyətlə yerinə yetirilib. Hazırda ikinci Dövət Proqramının icrası davam edir. Bütün bunların nəticəsində Ağcabədi rayonu yeni inkişaf dövrünə daxil olub, öz simasını dəyişərək abad bir məkana çevrilib.

Bildiyiniz kimi, Prezident İlham Əliyev bu il may ayının 6-da Ağcabədi rayonuna səfər edib. Səfər zamanı dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, əsaslı təmirdən sonra istifadəyə verilmiş mədəniyyət evi, rayonun mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, həmçinin Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin fəaliyyəti ilə tanış oldu, yeni inşa edilən şahmat məktəbinin binasının açılış, 205 çarpayılıq mərkəzi rayon xəstəxanasının təməlqoyma mərasimində iştirak etdi. Prezident İlham Əliyev Ağcabədi şəhərində yeni süd emalı zavodunun, Ağabəyli kəndində tikilən "Atena" süd məhsulları kombinatının, həmçinin Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışına da qatıldı.

Cənab Prezidentin rayonumuza səfəri, rayonumuzda aparılan abadlıq və quruculuq işləri ilə tanışlığı fəaliyyətimizə verilən ən yüksək qiymətdir. Bu, bizi sevindirməklə yanaşı, həm də üzərimizə böyük məsuliyyət qoyur, yeni-yeni uğurlara səsləyir.

Bizim üçün hər zaman xoş notlarla xatırlayacağımız hadisələrdən biri də Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirənin mayın 6-da Ağcabədidə keçirilməsidir. Həmin müşavirədə dövlət başçısı giriş və yekun nitqində qarşımıza böyük vəzifələr qoydu, tapşırıq və tövsiyələrini verdi. Hazırda dövlət başçısının çıxışından irəli gələn məsələlərlə bağlı rayonumuzda mühüm işlər həyata keçirilməkdədir.

Məlum olduğu kimi, qədimdən heyvandarlıqla məşğul olan Ağcabədi rayonunun iqtisadiyyatında indi də bu sahə əsas istiqamətlərdəndir. Statistikaya görə, hazırda rayonda 82 min baş qaramal, 360 min başdan artıq davar vardır. Qaramalın 37 min başı sağılan heyvandır. Gün ərzində 185 tondan artıq süd sağılır. Südün bir hissəsi şəxsi istehlaka gedir, az bir qismindən isə dədə-baba qaydasında ağartı məhsulları hazırlanaraq bazarlara çıxarılır. Təhlil nəticəsində Ağcabədidə heyvandarlıq məhsullarının, ilk növbədə, isə süd emalı müəssisələrinin yaradılmasına böyük zərurət və potensial imkanlar olduğu üzə çıxdı. Biz belə müəssisələrin yaradılması üçün yerli iş adamlarına müraciət etdik, onlara torpaq sahələrinin ayrılması, fermerlərlə əlaqələrin qurulması, kəndlərdə süd qəbulu məntəqələrinin yaradılması üçün müvafiq kömək göstərdik. Nəticə etibarilə son dövrlərdə rayonumuzda bütün standartlara cavab verən iki belə müəssisə yaradıldı. İş adamları həmin müəssisələri yaradarkən Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə kreditlər də əldə etdilər. Hazırda Ağcabədiyə fasiləsiz elektrik enerjisinin, təbii qazın verilməsi, təmiz suyun olması bu müəssisələrin uğurlu fəaliyyətinə geniş imkanlar açıb.

Bütün bunlarla yanaşı, respublikamızda sahibkarlara yaradılmış münbit və işgüzar şəraitin, əməli köməyin nəticəsi kimi rayonumuzda taxıl məhsullarının saxlanması üçün 5 min tonluq anbar kompleksinin tikintisi başa çatdırılıb. Həmçinin 1000 tonluq soyuducu anbarın və Hindarx qəsəbəsində "Aqrolizinq"in Ağcabədi filialının inşası yekunlaşmaq üzrədir. Bu müəssisələrin işə düşməsi əlavə 400 yeni iş yerinin açılması ilə bərabər, rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha sürətlə inkişafına, Ağcabədi etiketləri ilə bəzədilmiş məhsulların xarici ölkələrdə satılmasına imkan verəcək. Yaradılan şəraitdən ruhlanan sahibkarlar ət məhsulları istehsal edən kombinatın, ilkin mərhələdə min baş qaramal saxlanan kompleksin də tikintisinə başlayıblar.

Ümumiyyətlə, son yeddi ildə rayonda 826 sahibkarlıq subyekti fəaliyyətə başlayıb, 15 min 868 yeni iş yeri açılıb ki, onlardan da 7 min 168-i daimidir. Bu müddətdə rayonda ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,3 dəfə, sənaye məhsulunun həcmi 6,9 dəfə, qoyulan investisiyaların həcmi isə 12,2 dəfə artıb.

Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də abadlıq və quruculuq işləri geniş vüsət alıb. Məlumat üçün qeyd edim ki, məcburi köçkünlər üçün inşaşı gələn ilə planlaşdırılan hündürmərtəbəli yaşayış binalarının inşasına bu ildən başlanılması qərara alınıb. Artıq bir neçə gündür ki, tikinti işlərinə start verilib. Buna qədər isə əlil və şəhid ailələri üçün 24 və 16 mənzilli yaşayış binaları istifadəyə verilib, 36 mənzilli daha bir binanın və sahibkar tərəfindən çoxmərtəbəli yaşayış binasının inşası davam etdirilir. Biz ağcabədililər böyük minnətdarlıq hissi ilə bildiririk ki, bütün bu iri layihələr rayonun büdcəsindən, dövlət proqramlarından əlavə görülən işlərdir.

Qısa müddət ərzində rayon mərkəzində 4 hektar sahəni əhatə edən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Üzeyir Hacıbəyli adına mərkəzi park, Şəhidlər xiyabanı, 20 Yanvar abidəsi müasir üslubda tam yenidən qurulub. Qəsəbə statusu almış Hindarxda və şəhər ərazisində yeni parklar salınıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikada ilk muğam mərkəzi tikilərək muğamsevər qarabağlılara ərməğan olunub. 360 yerlik rayon mədəniyyət evi əsaslı təmir edilib, yeni şahmat məktəbinin qapıları ağcabədili uşaqların üzünə açılıb. Qeyd etdiyim kimi, Prezident İlham Əliyev Ağcabədiyə səfəri çərçivəsində bu sosial obyektlərin açılışında iştirak edib, fəaliyyəti ilə tanış olub.

Onu da xatırladım ki, 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə rayonumuzda təbii qazın nəqli bərpa olunub, rayon mərkəzi və 10 kənd tamamilə qazlaşdırılıb. Qazlaşdırma işləri bu gün də sürətlə davam etdirilir. Dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq 14 minədək əhalisi olan 5 kəndin içməli su problemi də qısa müddətdə həll olunub.

Rayonumuzda təhsil məsələləri də diqqətdən kənarda deyil. Son illərdə yeni məktəb binalarının tikintisi sürətlənib, mövcud tədris müəssisələrinin maddi-texniki təminatı daha da yaxşılaşdırılıb. Prezident İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyevin Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məcilsin deputatı Mehriban xanım Əliyevanın köməyi ilə 2003-cü ildən bəri Ağcabədidə olan bütün ümumtəhsil məktəblərinin 58 faizi yenidən tikilib və ya əsaslı təmir olunub. Nəticədə uyğunlaşdırılmış binalarda təhsil alan şagirdlərin sayı və II-III növbədə oxuyanların xüsusi çəkisi iki dəfə azalıb. Təhsilə, böyüməkdə olan nəslə göstərilən yüksək qayğının bəhrəsi artıq özünü göstərməkdədir. Belə ki, son beş ildə ali məktəblərə daxil olan ağcabədili məzunların sayı 2,7 dəfə artıb.

Bütün bu uğurlar, görülən işlər Prezident İlham Əliyevin ölkəmizin regionlarının davamlı və tarazlı inkişafına olan diqqətinin birbaşa nəticəsidir. Ən əsası, bu uğurlar Azərbaycanın sabahına, övladlarımızın gələcəyinə inam deməkdir. Bütün qarabağlılar, o cümlədən ağcabədililər daim cənab Prezidentin qayğısını hiss edir, cəbhə bölgəsində yerləşməyinə baxmayaraq yaşayır, qurur, yaradırlar. Rayonumuz sürətlə inkişaf edir, abadlaşır, öz əvvəlki qürurunu qoruyub saxlayır. Ölkə rəhbərliyinin qayğısına bundan sonra da əməli işimizlə cavab verəcək, qarşımızda qoyulan vəzifələrin ləyaqətlə yerinə yetirilməsinə var qüvvəmizlə çalışacaq, müstəqilliyimizə yeni-yeni töhfələrimizi verəcəyik.

Ağcabədidə aqrar sektorun davamlı inkişafı ilə əlaqədar meliorasiya və su təsərrüfati işçilərinin üzərinə böyük məsuliyyət düşür. Bu barədə danışan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əli ƏLİYEV bildirdi ki, əhalinin ərzaq məhsulları ilə daha yaxşı təmin edilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında həmin sahələrin suvarma suyu ilə təmin olunması, torpaqların şoranlaşmasının qarşısının alınması qarşıda duran əsas vəzifələrdir:

- İdarənin kollektivi 60 min hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edir. Son dövrlərdə rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarının suvarma suyuna olan tələbatının ödənilməsi üçün xeyli işlər görülüb. Uzun illərdən bəri təmir görməmiş "Xan qızı" kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində əsaslı təmir və bərpa işləri aparılıb ki, bu da min hektarlarla əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsini yaxşılaşdırıb.

Son illərdə Ağcabədidə 150-dən çox subartezian quyusu qazılıb. Hindarx qəsəbəsində 850 hektardan çox sahənin suvarılması üçün yuxarı Qarabağ kanalı üzərində 1 ədəd 20 NDS nasos kompleks aqreqatı, Aran nasos stansiyasında 1 ədəd 12 NDS nasosu yenisi ilə əvəz edilib. Avşar, Qaradolaq, Hüsülü və digər kəndlərin nasos stansiyalarında yeni avadanlıqlar quraşdırılıb və nasos stansiyalarının binaları müasir standartlara uyğun olaraq yeniləşdirilib. Rəncbərlər nasos stansiyasının boru xəttinin bir hissəsinin dəyişdirilməsi və bərpa işləri başa çatdırılıb. Ü.Hacıbəyli nasos stansiyasında əlavə 1 ədəd 315 kvt mühərrik, 1 ədəd 12 NDS nasosu quraşdırılıb və buradakı boru xəttində əsaslı təmir işləri sürətlə davam etdirilir. Hər il davamlı olaraq suvarma mövsümü qabağı daha vacib olan suvarma kanallarının, dren-kollektorların lildən təmizlənməsinin, hidrotexniki qurğuların və nasos stansiyalarının saz vəziyyətdə olmasına, həmçinin subartezian quyularının fasiləsiz işləməsinə xüsusi diqqət yetirilir. Görülmüş tədbirlərin nəticəsində rayon ərazisində kənd təsərrüfatı bitkiləri il ərzində 3 dəfə suvarılır.

Bu il də iqlimin kənd təsərrüfatında yaratdığı gərginliyi aradan qaldırmaq üçün Suvarma Sistemləri İdarəsinin görəcəyi işlər çoxdur. Çalışırıq ki, əkin sahələrini lazımi vaxtlarda suvarma suyu ilə təmin edək. Bunun üçün biz aidiyyəti üzrə yaranmış problemlərlə əlaqədar Meliorasiya və Su Təsərrüfatı ASC qarşısında məsələ qaldırırıq. Görəcəyimiz əsas işlər Nəcəfqulubəyli kəndində kompleks suvarma şəbəkəsinin tikilməsi, Salmanbəyli, Xocavənd, Qaradolaq, Avşar və Qaravəlli kəndlərində suvarma suyuna olan tələbatı yaxşılaşdırmaq üçün yuxarı Qarabağ kanalı üzərində 3 nasos stansiyasının və 24 km uzunluğunda təzyiqli boru xəttinin tikilməsi, həmçinin rayonun ayrı-ayrı kənd ərazilərində 44 ədəd subartezian quyusunun qazılmasıdır.

Respublikamızın bütün regionlarında olduğu kimi, Ağcabədi rayonunda da aqrar sektorun davamlı inkişafı üçün ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələr uğurla yerinə yetiriləcək, rayonumuzda aqrar sektor gələcəkdə daha da inkişaf etdiriləcək.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı rayonda fermerlərin kənd təsərrüfatı texnikasına olan ehtiyacının ödənməsində mövcud imkanları səfərbər edir. Bu istiqamətdə görülən işlərdən danışan filialın direktoru Atamoğlan BABAYEV dedi ki, Ağcabədi hamımızın gözü qabağında çox qısa zaman kəsiyində dəyişib inkişaf edib, gözəlliklər diyarına çevrilib:

- İnkişaf, yüksəliş təkcə yeni salınan yaraşıqlı park və xiyabanlarla, abad küçələrlə, müasir görkəmli binalarla ölçülmür. Ölkəmizdə insanların həyat tərzi xeyli dərəcədə yaxşılaşıb. Ailələrimizin təknəsi bol çörəklidir. Yoxsulluq sürətlə aradan qaldırılır. Bütün bunlar Prezident İlham Əliyevin yeritdiyi müdrik siyasətin nəticəsidir. Bu siyasət həyatımızın bütün sahələrinə nüfuz edir və firavanlığımızın əsas amili kimi hər bir ölkə vətəndaşında hədsiz razılıq və böyük minnətdarlıq hissi doğurur.

Biz Prezident İlham Əliyevin mayın 6-da Ağcabədiyə etdiyi səfərin xoş təsiri altındayıq. Prezidentin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirənin məhz Ağcabədidə keçirilməsi bu sahədə rayonumuzda görülən işlərə verilən böyük dəyərdir. Müşavirədəki nitqində dövlətimizin başçısı deyib: "Əlbəttə, vaxtilə "Aqrolizinq"i yaradanda da müxtəlif fikirlər var idi. Ancaq mən hesab edirəm və həyat bunu göstərdi ki, bu, ən düzgün addım idi. İndi bəzi fikirlər var ki, "Aqroservis"lər sovet dövründən qalan mirasdır. Amma sovet dövründə də axı, müsbət hallar, müsbət təşəbbüslər kifayət qədər idi".

"Aqroservis"lərin yerli filiallarının maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət qayğısının sistemli şəkildə artırılması kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, texnikanı əkinçinin sağ əli adlandırırlar. Bəli, biz kəndlinin sağ əli olaraq təsərrüfat işlərinin əsas ağırlığını öz üzərimizə götürürük. Torpaq mülkiyyətçisi şumdan başlamış məhsul yığılıb götürülənədək bizim aqroservisin xidmətindən yetərincə bəhrələnir. Filialda kifayət qədər əkin traktorları, səpin aqreqatları, taxılyığan kombaynlar, otbiçən, kip bağlayan aqreqatlar, çox sayda müxtəlif kənd təsərrüfatı maşın-mexanizmləri var. İndiyədək elə hal olmayıb ki, təsərrüfatlardan edilən müraciətlərə biganə qalaq, torpaq istifadəçisinin sifarişini operativ şəkildə, həm də yüksək keyfiyyətlə yerinə yetirməyək. Bəzən qonşu rayonlardan olan fermerlərin çağırışına da gedir, köməyimizi heç kəsdən əsirgəmirik. Belə hallar taxıl biçini mövsümündə daha çox olur. İndi biçinin qızğın çağıdır. Zəmilərdə filialın 43 ədəd kombaynı işləyir. Kombaynların məhsuldar işləməsi, boşdayanmalara yol verilməməsi üçün səyyar təmir briqadası yaratmışıq. Zəmilərin məhsulu bol, texnikamız saz və keyfiyyətlidir. Bu il taxılçılıqda rekord nəticələr qazanmaq əzmindəyik.

Aqrar sahəyə dövlət qayğısının bir göstəricisi də torpaq istifadəçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satılmasıdır. Bu il yarı qiymətinə əkinçilərə 1200 ton mineral gübrə satmışıq.

Ölkəmizdə ərzaq təhlükəsizliyini təmin etmək uğrunda genişlənən mübarizədə biz öz yerimizi və rolumuzu görür, onun məsuliyyətini aydın dərk edirik. Kənd təsərrüfatının prioritet sahə olduğunu bəyan edən dövlət başçısının mövqeyi bizim fəaliyyətimizi istiqamətləndirir. Kəndlinin bol taxıl, ət, süd, bostan, tərəvəz məhsulları istehsal etməsi bizim səmərəli fəaliyyətimizdən də asılıdır. İşimizi elə qurmağa çalışırıq ki, başdan-başa yenidən qurulan Ağcabədidə vüsət alan abadlıq, quruculuq, sosial-iqtisadi inkişaf tempi ilə ayaqlaşa bilək.

Ağcabədinin Ağabəyli kəndində yeni istifadəyə verilən "Atena" süd məhsulları kombinatının direktoru, rayon Sahibkarlar Şurasının sədri Mülhazil BALAKİŞİYEV bildirdi ki, bu müəssisənin tikilib ərsəyə gəlməsinin əsas səbəbi Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı, yaradılmış əlverişli, şəffaf şəraitdir:

- Hələ 2007-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icra vəziyyətinə dair keçirilən tədbirdə mən də iştirak edirdim. Həmin tədbirdə cənab İlham Əliyev sahibkarlara ölkəmizə dünyanın ancaq ən müasir, ən mütərəqqi texnologiyalarını gətirməyi tövsiyə etdi.

Biz bundan ruhlanaraq paytaxtdan uzaq, cəbhə bölgəsində ucqar bir kəndə çəkinmədən dünyanın ən tanınmış şirkətlərinin istehsal etdiyi avadanlıqları, böyük investisiya tutumu olan müasir texnologiyanı gətirdik. Təbii ki, əgər son illərdə Ağcabədidə zəruri infrastruktur - sabit elektrik enerjisi, təbii qaz, su, avtomobil yolları yaradılmasaydı, belə layihələri reallaşdırmaq da mümkün olmazdı.

Sutkalıq istehsal gücü 250 ton olan "Atena" sud kombinatındakı müasir texnologiya nəinki qardaş Türkiyədə, hətta Şərqi Avropada belə, yoxdur. Bu, imkan verəcəkdir ki, yüksək rəqabət olan süd bazarına Ağcabədi məhsullarını çıxara bilək.

Apardığımız araşdırmalar göstərir ki, ətraf rayonlar da daxil olmaqla bu ərazidə olan fermerlər və ailələr ildə 300 min tondan artıq süd istehsal edirlər və məhsulun da çox hissəsini bazarlara çıxarmaq mümkün olmur. Artıq Ağcabədi və qonşu rayonların kəndlərində 21 süd qəbulu məntəqəsi yaradılıb və fermer təsərrüfatlarından südün bazar qiymətləri ilə alınmasına başlanılıb. Artıq 1200 ailə-kəndli təsərrüfatı ilə müqavilələr bağlanmış, hər gün 20 tonadək süd qəbul olunmaqdadır. Bu, fermerlərə heyvandarlığı daha da inkişaf etdirməyə, hər başdan sağılan südün həcmini artırmağa, gəlirlərin çoxalmasına şərait yaradır.

Rayon Sahibkarlar Şurasının sədri kimi demək istəyirəm ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağcabədi rayonunun sahibkarlarına ayrılan 2 milyon manat güzəştli kreditin və sahibkarların vəsaiti hesabına tikintisi başa çatan və ya inşası davam edən istehsal və emal müəssisələrində daha 600 yeni iş yeri açılması planlaşdırılır.

"Dəyirmi masa"da Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağcabədi rayonu üzrə baş məsləhətçisi Hafiz MEHDİYEV rayonda məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı:

- Ağcabədi rayonunda 25 min nəfərə yaxın məcburi köçkün məskunlaşıb. Bu ailələr rayon ərazisində 3 fin köçkün qəsəbələrində, uşaq bağçalarında, məktəb binalarında, qış yataqlarında və digər ictimai obyektlərdə yerləşiblər.

"Qaçqınların və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın uğurla icrası nəticəsində rayon ərazisində 2006-cı ilə qədər mövcud olan çadır şəhərciklərində müvəqqəti məskunlaşmış ailələrin Ağdam rayonu ərazisində salınan qəsəbələrə köçürülməsi tam icra edilib.

Rayonun "Taxta körpü" ərazisində Laçın rayonunda olan ailələr üçün üç yeni qəsəbə inşa olunub. Bunlardan 37 və 21 evlik qəsəbələr məcburi köçkünlərin istifadəsinə verilib, digər 552 evdən ibarət yeni inşa edilən qəsəbəyə isə fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşan ailələrin yaxın aylarda köçürülməsinə başlanılacaq. Bundan əlavə, fin tipli qəsəbələrdə məskunlaşmış 556 məcburi köçkün ailəsi üçün də rayon ərazisində çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Prezident İlham Əliyevin 21 fevral 2011-ci il tarixdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncamın bir bəndində Laçın rayonundan olan məcburi köçkünlər üçün Ağcabədi rayonunun "Taxta körpü" ərazisində əlavə 1500 fərdi evin tikintisi nəzərdə tutulur. 2010-cu ildə Ağcabədidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə mənzil problemi olan 10 qaçqın məhsəti türkü ailəsinə fərdi evlər tikilib verilib.

Ağcabədi Rayon İcra Hakimiyyəti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Prezident İlham Əliyevin tövsiyələrini daim rəhbər tutur, qaçqın və məcburi köçkünlərə müxtəlif maddi yardımların verilməsini təmin edir. Məcburi köçkünlərin kompakt məskunlaşdıqları ərazilərdə işıqlanma və su təminatında yaranan problemlər rayon icra hakimiyyətinin müraciəti əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal aradan qaldırılıb. 2010-2011-ci illərdə məcburi köçkünlərin məskunlaşdığı texniki peşə məktəbinin yataqxanalarında və digər binalarda yararsız dam örtükləri təmir olunub. Rayonda məcburi köçkünlərin məşğulluğunun təmin edilməsinə kömək məqsədilə lazımi şərait yaradılıb və 5 min hektara yaxın torpaq sahəsi mal-qara saxlamaq üçün onların müvəqqəti istifadəsinə verilib.

Biz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin mənnətdarlığımızı bildiririk. Əminik ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bütün problemlərin həlli kimi, işğal altında qalmış torpaqlarımız da yaxın zamanlarda azad ediləcək və yurd-yuvalarından ayrı düşmüş soydaşlarımız doğma evlərinə dönəcəklər.

 

I qrup Qarabağ müharibəsi əlili, Ağcabədi şəhər bələdiyyəsinin üzvü Ramil NAĞIYEV əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı:

- Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizə rəhbərlik etdiyi müddət ərzində daim bu sosial təbəqəyə xüsusi diqqət və qayğı göstərilib. Həmin missiya hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Pensiya və müavinətlərin dəfələrlə artırılması, əlillərin rahatlığı üçün minik avtomobillərinin ölkəyə gətirilməsi, Qarabağ əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə gözəl binaların tikilməsi və s. bunun bariz göstəricisidir.

Prezident İlham Əliyev 2008-ci il yanvarın 17-də Ağcabədi rayonuna ilk səfəri zamanı Qarabağ əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış binasını bizlərə hədiyyə edib. Bundan sonra daha bir 16 mənzilli yaşayış binası müharibədən zərər çəkmiş insanların istifadəsinə verilib. Hazırda 36 mənzildən ibarət yaşayış binasının və kəndlərdə 8 fərdi həyət evinin tikintisi başa çatmaq üzrədir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva isə həmin ailələrə ümumilikdə 120 min manat məbləğində maddi yardım göstərib.

Bu yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bütün veteran yoldaşlarım adından və şəxsən öz adımdan dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Çıxışına ulu öndər Heydər Əliyevin "Gənclər bizim gələcəyimizdir. Biz ölkəmizin xoşbəxt gələcəyini gənclərə etibar edirik və onlara arxalanırıq" sitatı ilə başlayan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz QƏNBƏROV dedi ki, bu sözlərdə Azərbaycan gəncliyinə xüsusi diqqət, inam və etimad vardır:

- Bu gün Heydər Əliyev siyasi kursu ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı Azərbaycan gəncliyinə həmişə xüsusi diqqət və rəhbər qayğısı göstərir. Ölkə Prezidentinin imzaladığı 6 aprel 2011-ci il tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam, eləcə də aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüş gənclərə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Prezident İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımızın sorağı, eləcə də Ağcabədi idmançılarının səsi dünya və Avropa çempionatlarından, beynəlxalq yarışlardan, seminarlardan gəlir. Ümumiyyətlə, idmançılarımız 2011-ci ilin son 5 ayı ərzində beynəlxalq, respublika və zona yarışlarında 120 medal və diploma layiq görülmüşlər. Bunların da 48-i I yer, 25-i II yer, 47-si isə III yerə görədir. Birinci yerlərin 9-u beynəlxalq yarışda əldə olunan nəticələrdir.

27 may 2011-ci ildə ölkə Prezidenti İlham Əliyevin Ağcabədi rayonunda Olimpiya İdman Kompleksinin tikilməsi ilə bağlı verdiyi göstəriş biz ağcabədililərin, idmançıların, gənclərin böyük sevincinə səbəb olub. Rayonumuza göstərilmiş xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə gənclərimiz adından minnətdarlığımızı bildiririk. Əmin etmək istərdik ki, göstərilən etimada əməli işimizlə cavab verəcəyik.

 

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti işləri şöbəsinin müdiri İbrahim HƏSƏNOV bildirdi ki, iqtisadi inkişaf ölkənin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da yaxından hiss olunur:

- Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramının uğurlu icrası rayonda işgüzar mühitin canlanmasına, yeni müəssisələrin işə salınmasına, yeni iş yerlərinin açılmasına şərait yaradıb, sahibkarlıq fəaliyyətinin hərtərəfli genişləndirilməsini təmin edib. Son illər ərzində Ağcabədi şəhərinin 21 küçəsində abadlıq-quruculuq işləri aparılıb. Şəhərdaxili küçələrə 300 min kvadratmetrdən çox asfalt salınıb, 72 min kvadratmetr mühafizə hasarı hörülüb, səki və meydanlara 110 min kvadratmetr dekorativ plitələr döşənib. Şəhərin küçələrinin işıqlanması üçün 1000-ə yaxın işıq dirəkləri quraşdırılıb. Bunların bir hissəsi Çin Xalq Respublikasından gətirilən 5 şamlı tökmə metaldan hazırlanan işıq dirəkləridir.

Ağcabədi şəhərində ərazisi 4 hektar olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı salınıb. Parkın tərtibatında milli ornamentlərdən geniş istifadə olunub, divarlarında müxtəlif rəngli çaylaq daşından işlənmiş ərazinin xüsusiyyətlərini özündə əks etdirən lövhələr düzəldilib. Burada ulu öndərin büstü qoyulub, Azərbaycan xəritəsi və dövlət gerbinin maketi quraşdırılmışdır. Bundan başqa, Ağcabədi şəhərində Üzeyir Hacıbəyli adına park, 15 iyun parkı, Hindarx qəsəbə parkları salınıb. Şəhidlər xiyabanında əsaslı təmir işləri aparılıb. Rayon mərkəzində ağcabədililərin təşəbbüsü ilə ulu öndərə ehtiramın təzahürü kimi daxili imkanlar hesabına Heydər Əliyev muzeyi tikilib istifadəyə verilib. Muzey öz zəngin eksponatları ilə gənclərin, eləcə də yaşlıların ziyarət yerinə çevrilib.

Hazırda Ağcabədidə şəhərdaxili küçələrə 53220 kvadratmetr asfalt salınması işi davam etdirilir. Yaxın vaxtlarda şəhərin Ü.Hacıbəyli prospektində, İ.Qayıbov, E.Sadıqov, Qarabağ, M.Əzizbəyov, 20 Yanvar küçələrində və Hindarx qəsəbəsində bütövlükdə 13170 metr məsafədə hasar divarlarının hörülməsi, suvanması, yeni səkilərin salınması, tamet tavaların döşənməsi, yağış və çirkab sularının axıdılması üçün kanalizasiya arxı, işıqlandırma sisteminin quraşdırılması və 28790 kvadratmetr şəhərdaxili yollara asfalt döşənməsi həyata keçiriləcək.

Ağcabədi Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin sahə rəisi Cahid MƏMMƏDZADƏ ölkəmizin inkişafının ana təbiətdən də yan ötmədiyini qeyd etdi:

- Fərəhli haldır ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə ekoloji salğamlığın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün uğurla davam etdirilir. Təsadüfi deyil ki, respublikamızda uğurla reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini və insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Son illərdə bu məqsədlə qəbul edilən dövlət proqramları, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin rüblük və illik iclaslarında bu məsələyə geniş yer ayırması, ekologiya ilə bağlı fərman və sərəncamlar imzalaması bunu əyani təsdiq edir.

Respublikamızda yaşıllaşdırma tədbirlərinə də xüsusi diqqət ayrılır. Ölkə rəhbərliyinin, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə respublikanın dörd bir yanında genişmiqyaslı yaşıllaşdırma işləri aparılmışdır. Məlum olduğu kimi, hələ 2007-ci ildə Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun xalqımızın mənəvi dəyərlərinə yüksək ehtiram nümayiş etdirərək "Hərəmiz bir ağac əkək!" devizi altında yaşıllaşdırma kampaniyasına start verməsi ölkənin dörd bir yanında böyük coşqu ilə qarşılandı. Bakıdan başlayan bu kampaniyaya ölkənin hər yerində ictimaiyyət tərəfindən böyük dəstək verildi.

Azərbaycanda ekoloji sağlamlığın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasını 2010-cu ilin Prezident İlham Əliyev tərəfindən "Ekologiya ili" elan edilməsi də təsdiqlədi. "Ekologiya ili"ndə prioritet istiqamətlər üzrə müvafiq layihələr hazırlanaraq uğurla həyata keçirildi. Min hektarlarla yaşıllıqlar salındı, respublikanın bütün bölgələrini əhatə etməklə bir neçə milyon ağac əkildi.

Azərbaycanda ekoloji sağlamlaşdırma tədbirləri hər zaman davam etdiriləcək. Dövlətimizin maliyyə imkanları artdıqca, təbii ki, ekologiyamızın mühafizəsi ilə bağlı tədbirlər də özündə yeni keyfiyyət göstəricilərini əks etdirəcək.

Ağcabədi rayonunda da yaşıllaşdırma tədbirləri daim diqqət mərkəzindədir. Son bir neçə ildə demək olar ki, bütün yaşayış məntəqələrini əhatə edən yaşıllaşdırma tədbirləri həyata keçirilib. Yaşıllığa qənim çıxanlara qarşı da təbii ki, qanun çərçivəsində mübarizə aparılır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda baş verən xaotik proseslər Ağcabədi rayonundan da yan ötməmişdi. Bu barədə danışan Ağcabədi şəhəri 5 saylı orta məktəbin tarix müəllimi Naibə MUSTAFAYEVA bildirdi ki, o dövr uşaqlıq illərinə təsadüf etməsinə baxmayaraq, silahlı atışmalar zamanı partaların altında gizlənmələri, valideyinləri ilə arxa yollarla evlərinə getmələri çox gözəl yadındadır:

- Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı tökülən qanları dayandırdı və ölkəni vətəndaş müharibəsindən xilas etdi. Elə həmin dövrdə uşaqlıq yaddaşıma böyük ədib Hüseyn Cavidin iki misrası əbədi həkk olunub:

 

Kəssə hər kəs tökülən qan izini,

Qurtaran dahi odur Yer üzünü.

 

Heydər Əliyev müstəqilliyimizi xilas etdi, Azərbaycan xalqını və dövlətini inkişaf yoluna çıxardı. Lakin müstəqilliyin yolları hamar olmur, azadlığı qorumaq da çətindir. Bu mənada Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sübut edir ki, o, ulu öndərin layiqli siyasi varisidir. Beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul edilən Prezident İlham Əliyevin apardığı çoxşaxəli siyasət göstərir ki, müasir və müstəqil Azərbaycanın gələcəyi etibarlı əllərdədir.

Fərəhli haldır ki, bu gün Heydər Əliyev Fondu ölkəmizin dünyada tanınması və imicinin yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə böyük dəstək verir. Azərbaycan xalqının milli mədəniyyətinin, genefondunun qorunmasında, ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılmasında böyük xidmətlər göstərən Heydər Əliyev Fondu həm də saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin daşıyıcısıdır. Fond yarandığı gündən ulu öndərin mərhəmətli, xeyirxah və nəcib əməllərini yaşadır, ölkə vətəndaşlarının zəruri istək və arzularının gerçəkləşməsinə dəstək verir.

Həyat amalı insanlara təmənnasız xidmətdən ibarət olan, xeyirxahlıq, mərhəmət, humanizm kimi dəyərləri hər şeydən uca tutan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xalqımızın tarixinə, mədəniyyətinə, musiqisinə, genefonduna göstərdiyi qayğı və diqqət ən yüksək qiymətə layiqdir.

Bu qayğı bütün xalqımız kimi biz ağcabədililəri də çox sevindirir. Heydər Əliyev Fondu bütün regionlara olduğu kimi, Ağcabədi rayonuna da xüsusi diqqət və məhəbbətlə yanaşır. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində rayonumuzda 28 yeni məktəb binası tikilib, 6 məktəb binası əsaslı təmir olunub, məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, kompüter dəstləri ilə təchiz olunub.

Dahi bəstəkarımız Ü.Hacıbəyli adına parkda Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikada ilk olaraq Qarabağ Muğam Mərkəzinin Ağcabədi torpağında tikilməsi, eləcə də Azərbaycan xalqının milli bayramı Novruz bayramı ərəfəsində ilin axır çərşənbəsində muğam müsabiqəsinin Üzeyir bəyin vətənində keçirilməsi biz ağcabədililəri nə qədər sevindirdisə, əminəm ki, dahi bəstəkarımızın ruhunu da bir o qədər şad etdi.

Heydər Əliyev Fondunun dəstəyilə rayonumuz bütünlükdə kitabla təmin olunur. Bir neçə xəstə və əlil uşağın müalicə olunmasında da fondun rolu böyükdür.

Ümumiyyətlə, ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun rayonumuza xüsusi diqqət və qayğısının nəticəsidir ki, Ağcabədi şəhərinin siması tanınmaz dərəcədə dəyişib, genişmiqyaslı quruculuq və bərpa işləri aparılıb. Bu qayğını yüksək qiymətləndirən ağcabədililər isə bütün sahələrdə həvəslə işləyir, ürəklərinin odu, əllərinin hərarəti ilə doğma Ağcabədinin gözəlliyinə yeni naxışlar vururlar. Bu naxışların vurulmasında önəmli yer tutan Heydər Əliyev Fondunun fəaliyyəti isə hər birimiz üçün xeyirxahlığın, mərhəmətin və quruculuğun əsas ünvanıdır.

 

Ağcabədi şəhər poliklinikasının oftalmoloq-həkimi Ülviyyə MƏMMƏDOVA rayonda həyata keçirilən sosial layihələrdən söz açdı:

- Ağcabədi Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlığının və quruculuq işlərinin ünvanına çevrilib. Azərbaycanın dinamik inkişafı hər bir bölgədə olduğu kimi, Ağcabədi rayonunda da uğurla davam edir. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icra edilməsi Ağcabədidə işgüzar mühitin canlanmasına, yeni müəssisələrin işə salınmasına, yeni iş yerlərinin açılmasına şərait yaradıb, sahibkarlıq fəaliyyətinin hərtərəfli genişləndirilməsini təmin edib.

Proqramın icrası ölkəmizdə səhiyyənin də inkişafını təmin edib. Ağcabədidə də bu sahədə vəziyyət ürəkaçandır. Son illərdə kənd xəstəxanaları, tibb məntəqələri, o cümlədən Şənlik, Nəcəfqulubəyli, Gələbədin, Qaradolaq, Muğanlı, Hacıbədəlli, Pərioğullar, Cəfərbəyli, Kəhrizli və sair kənd həkim ambulatoriyaları, Q.Səfərov adına Hindarx qəsəbə xəstəxanası və Qaraxanlı tibb məntəqəsi əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib. Həmçinin 5 kənd həkim ambulatoriyasına və 5 feldşer-mama məntəqəsinə yeni bina tikilib.

Artıq Ağcabədidə 205 çarpayılıq yeni xəstəxananın da tikintisi başlayıb. Ölkə başçısı ötən ay Ağcabədiyə səfəri zamanı xəstəxana binasının təməlqoyma mərasimində iştirak edib. Bu xəstəxananın tikintisi rayonumuzda əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək.

Heydər Əliyev Fondunun köməyi ilə son illər ərzində Ağcabədi rayon Mərkəzi Xəstəxanasına 7 ədəd təcili tibbi yardım avtomaşını alınıb. Bundan başqa, 2011-ci il martın 17-də Heydər Əliyev Fondunun dəstəyi ilə talassemiya, hemofiliya və digər qan köçürülməsinə ehtiyacı olan xəstələrə yardım göstərmək məqsədi ilə rayonumuzda qanvermə aksiyası keçirilib.

Fərəhlə qeyd etmək istərdim ki, ölkə rəhbərliyinin qayğısı nəticəsində son illərdə tibb işçilərinin əməkhaqları bir neçə dəfə artırılıb. Bu da tibb işçilərinin ruh yüksəkliyinin artmasına, əhalinin sağlamlığının yaxşılaşdırılması üçün daha məsuliyyətlə işləmələrinə stimul verib.

 

"Dəyirmi masa"ya yekun vuran Bəxtiyar SADIQOV dedi:

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

Burada edilən çıxışlardan, səslənən fikirlərdən bir daha aydın oldu ki, Azərbaycanın bütün regionları kimi, Ağcabədi də özünün dinamik yüksəliş mərhələsini yaşayır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyev tərəfindən zamanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirilib böyük müvəffəqiyyətlə davam etdirilən Azərbaycanın inkişaf strategiyası ölkəmizə qarşıdakı dövr ərzində də böyük uğurlar vəd edir. Əldə edilən sosial-iqtisadi nailiyyətlərdə isə regionların payı ildən-ilə artmaqda, yüksələn xətt üzrə inkişaf etməkdədir.

Regionların tərəqqisinə yetirilən diqqət onların mövcud iqtisadi potensialından tam və səmərəli istifadə olunmasına, burada yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarıb. Eyni zamanda, bu, ölkə iqtisadiyyatının tarazlı inkişafına yol açaraq yeni istehsal və emal müəssisələrinin yaranmasına rəvac verib. Bütün bunlara paralel olaraq regionlarda yeni təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektləri istifadəyə verilib, əvvəlkilər müasir tələblərə cavab verən hala gətirilib. Elə Ağcabədinin indiki gözəl simasına nəzər yetirməklə qeyd edilənlərin əyani təcəssümünü görmək mümkündür. "Dəyirmi masa"da verilən bilgilərdən, qeyd edilən məlumatlardan aydın görünür ki, Ağcabədi artıq Azərbaycanın ən sürətlə inkişaf edən rayonları cərgəsindədir. Bu da öz növbəsində Ağcabədidə sürətli inkişafa yol açan missiyanın, Prezident İlham Əliyev tərəfindən rayon rəhbərliyinə göstərilən etimadın layiqincə doğrulduğunu sərgiləyir.

Regionların inkişafına dair 2013-cü ilədək həyata keçiriləcək ikinci dövlət proqramı ölkəmizdə qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə bundan sonra da əvəzsiz töhfələr verməkdə davam edəcək. Həmçinin bu, yerlərdə kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlərin miqyasının daha da genişlənməsi ilə müşayiət olunacaq. Qeyd edilənlər Prezident İlham Əliyev tərəfindən həyata keçrilən sosial-iqtisadi siyasətin ən mühüm prioritetləri sırasında yer alır.

Azərbaycan qazandığı nailiyyətlərlə, əldə etdiyi nəticələrlə kifayətlənməyərək daim irəliyə baxan, inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşıya əsas məqsədlərdən biri kimi qoyan dövlətdir. Bu isə o deməkdir ki, qarşıdakı dövr ərzində də ölkənin sürətli inkişafına yol açan işlərin miqyası, göstərilən səylərin həcmi daha da genişlənəcək. Sözügedən konkestdə ölkənin hər bir bölgəsi, şəhəri, rayonu bu tərəqqiyə şübhəsiz ki, daha çox töhfə verməyə çalışacaq. Ağcabədinin də bu inkişafda öz sözünü deyən, xüsusi çəkiyə malik rayonlardan biri kimi çıxış edəcəyi şübhəsizdir. Əlbəttə, bu vaxta qədər rayon ümumi inkişafa, o cümlədən kənd təsərrüfatının tərəqqisinə də mühüm töhfələr verib.

Bütün bunlara yol açan ən önəmli səbəblərdən biri dövlət müstəqilliyinin verdiyi imkanlar, xalqın inkişaf yolunu, onu irəliyə aparacaq liderin kimliyini öz iradəsi əsasında müəyyənləşdirməsidir. Elə Azərbaycanın bu gün qazandığı uğurları şərtləndirən ən əsas məqamlardan biri də bu amillə bağlıdır.

Fikrimizcə, son 20 il ərzində Ağcabədinin keçdiyi inkişaf yoluna, onun fundamental əsasa malik cəhətlərinə bugünkü "dəyirmi masa"da geniş nəzər salındı. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və sürətli tərəqqiyə xidmət edən siyasətin doğma Azərbaycanımızın, onun bütün regionlarının, o cümlədən də Ağcabədinin daha da inkişaf etməsinə, gözəlləşməsinə, müasirləşməsinə gətirib çıxaracağı konkret faktlarla göstərildi.

 

 

Azərbaycan.- 2011.-5  iyul.- S.  8, 9.