Dünya azərbaycanlılarının birliyi: həmrəylik ideyasından dövlət siyasətinə

 

Müstəqil dövlət olaraq dünya birliyində öz layiqli yerini tutmuş Azərbaycan bu gün daha bir möhtəşəm hadisəni tarixinə əbədilik həkk edir. Dünya Azərbaycanlılarının sayca III Qurultayı keçirilirbu tədbir təkcə dünyanın dörd bir yanında yaşayan azərbaycanlı qardaşlarımız yox, bütün türk dünyası üçün böyük əhəmiyyətə malikdir. Çünki bu qurultayda azərbaycanlılarla yanaşı, dünyanın ən qədim qövmlərindən olan türk dünyasının digər təmsilçiləri də bir araya gəlirlər.

Mərmərə Qrupu Vəqfi olaraq Türkiyədən olan nümayəndə heyəti kimi Dünya Azərbaycanlılarının III Qurultayında təmsil olunmaq böyük şərəf və yüksək məsuliyyət hissidir. Çünki Azərbaycan və Türkiyə arasında münasibətlər xüsusi səciyyə daşıyır. Eyni soykökündən gələn, ortaq dili, dini, tarixi paylaşan ölkələrimiz arasında yaranan əlaqələr dinamik və çoxşaxəli xarakterə malikdir. Xalqlarımızın qarşılıqlı əlaqələrində səmimilik, qardaşlıq və dostluq hər zaman xüsusi önəm verilən cəhətlər olub. Ən böyük hakim sayılan zaman isə Azərbaycan və Türkiyə münasibətlərinin kifayət qədər möhkəm özüllər üzərində qurulduğunu, bütün maneə və çətinliklərə mətinliklə sinə gərdiyini dəfələrlə sübuta yetirib. Daim bir-birlərinin yanında olan ölkələrimiz sevinc və kədərlərini bölüşməyi də bacarıblar, zamanın ən çətin sınaqlarından şərəflə çıxmağı da. Böyük Atatürkün dediyi kimi, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz olub. Ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" deyə səciyyələndirdiyi Azərbaycan-Türkiyə əlaqələri bu gün hər iki ölkə liderlərinin birgə səyi nəticəsində özünün sürətli yüksəliş mərhələsini yaşayır və ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsi bunun əyani təsdiqi kimi çıxış edir.

Dünya Azərbaycanlıları Qurultayı da digər mühüm missiyaları ilə yanaşı, Azərbaycan-Türkiyə, eləcə də türk dünyası arasında birliyin möhkəmlənməsinə özünəməxsus töhfələr verir. Bu mənada, sözügedən qurultayın əhəmiyyəti, azərbaycançılıq ideologiyasının geniş intişar tapmasında, dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar arasında milli birliyin daha da güclənməsi və onların təşkilatlanmasında oynadığı rol olduqca böyükdür. O da birmənalı həqiqətdir ki, dünya tarixinə ən görkəmli şəxsiyyətlərdən biri kimi daxil olmuş Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi bu dahi insanın xalqına, Azərbaycan dövlətçiliyinə göstərdiyi tarixi xidmətdir. Çünki azərbaycançılıq müasir Azərbaycanın yaranmasına, onun dinamik inkişaf yolunda inamla irəliləməsində güclü ideoloji amil oldu.

Ötən əsrin son onilliyində mürəkkəb tarixi şəraitdə yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycanda milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq, azərbaycançılıq duyğularına əsaslanan həmrəylik ideyası yenə də Heydər Əliyevin sayəsində ictimai təşəbbüslər çərçivəsindən çıxdı. Artıq bu ideya real əməldə özünü göstərərək dövlət siyasəti səviyyəsinə yüksəlib çoxşaxəli fəaliyyətin əsas istiqamətlərindən birinə çevrildi. Xalqın milli-mədəni eyniyyətini qoruyub saxlayan ideologiyanın ölkənin mənəvi və fiziki cəhətdən güclənməsində hansı vacib rolu oynadığını bugünkü Azərbaycana baxmaqla aydın görmək mümkündür. Günümüzün Azərbaycanı isə modern inkişaf yolunda mühüm nailiyyətlərə imza ataraq inamla irəliləyən, bütün mühüm sahələrdə sürətli tərəqqi yaşayan ölkədir.

Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən biridünya azərbaycanlılarının yığcam yaşadıqları ölkələrdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən məqsədyönlü addımların atılması oldu. Nəticədə azərbaycançılıq ideologiyası və məfkurəsi təkcə Azərbaycanda yox, müxtəlif xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında da dərin kök salmağa başladı. 2001-ci il noyabrın 9-10-da Bakıda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi isə böyük tarixi əhəmiyyət kəsb etdi. Qurultayın qarşıya qoyduğu vəzifələrə nəzər salmaqla da bunu aydın görmək mümkün idi. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili başlıca vəzifələr olaraq müəyyənləşdirilmişdi. Bütün bunlar həm də Heydər Əliyevin müxtəlif xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşündə daim onlara etdiyi əsas tövsiyələr sırasında yer alırdı. Dəfələrlə Mərmərə Qrupu Vəqfi olaraq buna bilavasitə şahidlik etmişik.

Azərbaycan xalqının bu böyük oğlunun Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi aşağıdakı fikirlər isə onun hansı böyük ideyalar daşıyıcısı olduğunun real təsdiqi idi: "Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdirEBizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!!!"

Müstəqil Azərbaycanın sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirən azərbaycançılıq bu gün dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin olunmasında mühüm vasitəyə çevrilib. Qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edən bu ideologiya dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmin ölkələrin iqtisadi, ictimai-siyasi və mədəni həyatına inteqrasiya olunmasına da heç bir maneə yaratmır. Əksinə, onların yaşadıqları ölkələrdə nüfuzlu və fəal toplum kimi çıxış etməsinə, həmin dövlətlərlə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynamalarına gətirib çıxarır.

Dünya azərbaycanlılarının həmrəyliyi siyasətinin müasir dövrün tələblərinə adekvat şəkildə həyata keçirilməsi Heydər Əliyev irsinin ən görkəmli nümayəndəsi olan Prezident İlham Əliyevin fəaliyyətində ən böyük uğurlardan biri kimi xarakterizə edilə bilər. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilməsi dünyada yaşayan azərbaycanlıların da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Dövlət başçısı öz çıxışlarında bu məqamı dəfələrlə və xüsusi qeyd edib. Bununla yanaşı, müxtəlif xarici ölkələrə səfərləri çərçivəsində burada yaşayan azərbaycanlılarla görüşlərə də Prezident İlham Əliyev həmişə böyük önəm verir. Onların problemləri ilə yaxından maraqlanır, Azərbaycan reallıqlarının təbliği istiqamətində öz dəyərli tövsiyələrini verir. Bunun nəticəsidir ki, Azərbaycanın demokratik inkişafında, iqtisadiyyatının modernləşməsində dövlətlə, ölkə əhalisi ilə yanaşı, dünyanın ən müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar da yaxından iştirak etməyə çalışırlar. Belə bir istək onların həm də azərbaycanlı milli kimliyinin, etnik tarixi, coğrafi özəlliklərinin qorunmasında müəyyən rol oynayır.

Dünya Azərbaycanlılarının 2006-cı ildə keçirilmiş II Qurultayı isə azərbaycanlıların bir araya gəlməsində, fəaliyyətlərinin koordinasiya edilməsində yeni mərhələnin başlanmasına start verdi. Qurultayda kifayət qədər mühüm məsələlərə, məsələn, diaspor quruculuğu istiqamətində görülmüş işlərə, xaricdə yaşayan azərbaycanlıların üzləşdiyi bəzi problemlərə, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarının öyrənilməsinə, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasının təmin edilməsinə diqqət yetirildi. Qurultayın ən önəmli nəticələrindən biri onun azərbaycançılıq məfkurəsinə həm də yeni bir nəfəs bəxş etməsi oldu.

Müasir Azərbaycanın gücü yalnız onun sürətli iqtisadi, siyasi, mədəni inkişafı ilə məhdudlaşmır. Bu potensial öz mənbəyini həm də ölkə vətəndaşları ilə yanaşı, bu ərazidən kənarda yaşayan digər azərbaycanlılar arasında möhkəm milli həmrəyliyin, sıx birliyin təşəkkülündən götürür. Əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi və mədəni ənənələri zəminində birlik ideyası duran azərbaycançılıq milli ideologiya kimi bu gün müasir Azərbaycanı daha güclü duruma gətirir. Eyni zamanda, milli ideologiyanın əsası olan azərbaycançılıq layiqli həyatın və şəxsi azadlığın ayrılmaz atributu kimi çıxış edir. Bu, yaşadığı məkan və mühitdən asılı olmayaraq hər bir azərbaycanlı üçün keçərlidir.

Elə Dünya Azərbaycanlılarının Qurultayının fəlsəfəsinin əsasını da kifayət qədər geniş spektrə malik azərbaycançılıq ideyası təşkil edir. Bu fəlsəfənin meydana gəlməsi ulu öndər Heydər Əliyevin, daha geniş şəkil alaraq davamlı xarakterə malik olması, əbədiyaşarlığının təmin edilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ancaq bu fəlsəfə və onun mahiyyəti təkcə Azərbaycan yox, bütün türk dünyası üçünxüsusi önəmə malikdir. Bu mənada, qətiyyətlə söyləmək mümkündür ki, Dünya Azərbaycanlılarının Qurultayının daşıdığı əhəmiyyət Azərbaycan və azərbaycanlıların yaşadığı coğrafiya ilə məhdudlaşmayaraq bütün türk dünyası üçün keçərlidir.

 

 

dr. Akkan SUVER,

Türkiyənin Mərmərə Qrupu

Strateji Sosial Araşdırmalar

Vəqfinin başqanı

 

Azərbaycan.- 2011.- 5 iyul.- S. 10.