Milli birliyimiz möhkəmlənir

 

Tarixin müxtəlif mərhələlərində azərbaycanlıların bir qismi düçar olduqları xarici təsirlər ucbatından yaşamaq üçün dünyanın müxtəlif yerlərinə köç etmək məcburiyyətində qalıblar. Xüsusən sovet əsarətindən sonra soydaşlarımızın bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bir-birindən ayrı düşüblər. Lakin mühacir həyatı sürən azərbaycanlılar həmişə milli dəyərlərini qoruyub, Vətəni müsəqil görmək arzusu ilə yaşayıblar.

Yalnız Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünyaya səpələnmiş soydaşlarımızın həm Vətənlə əlaqə yaratmalarına, həm də özlərinin siyasi və mənəvi potensiallarını ölkəmiz uğrunda birləşdirmələrinə, səfərbər etmələrinə imkan yarandı. Xüsusən Ermənistanın ölkəmizə qarşı təcavüzünün açıq müstəviyə qədəm qoyduğu, ermənilərin dünyada antiAzərbaycan təbliğatı apardıqları bir vaxtda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həmrəyliyinin gücləndirilməsi, Azərbaycan lobbisinin fəaliyyətinin artırılması, diaspor quruculuğu məsələləri aktuallıq kəsb etməyə başladı. Bu məsələdə həssaslıq nümayiş etdirən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi 1991-ci ildə qəbul etdiyi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Həmin günün bütün ölkədə qeyd olunması üçün Azərbaycan Ali Soveti də qərar qəbul etdi. Hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdi.

Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə dönüşündən sonra ölkədə davamlı sabitlikiqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu. Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Buna görə də ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı milli həmrəyliyimizi nümayiş etdirən ən yüksək zirvələrindən biri oldu. Həmin qurultay dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin müstəqil respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.

Qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın, eləcə də bütün dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultayda ən yaddaqalan məqam isə ümummilli lider Heydər Əliyevin proqram xarakterli çıxışı oldu. Ulu öndər dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini söylədi.

Birinci Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın cəmləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar. Diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Milli Məclis "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Dövlət komitəsinin yaradılması və qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin genişləndirilməsini təmin etdi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul verdi.

Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları onun siyasi məktəbinin ən layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı diaspor quruculuğu işini daim xüsusi diqqət mərkəzində saxlayaraq müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla müntəzəm görüşlər keçirir, milli həmrəyliyimizin möhkəmlənməsinə öz töhfələrini verir. Ötən illərin büdcə zərfində diaspor quruculuğuna ayrılan vəsaitlərin artırılması da milli həmrəyliyə yüksək diqqət və qayğının bariz nümunəsi kimi diqqəti çəkir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir.

Fərəhli haldır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönəlmiş uzaqgörən dövlət siyasətini də inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ötən 8 ildə bu sahədə gördüyü ardıcıl və sistemli səciyyə daşıyır. Dövlət başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb. Müxtəlif illərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri ilə keçirdiyi görüşlərdə Prezident İlham Əliyev diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirib.

Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verməklə ötən illərin əlamətdar hadisələrindən biri kimi yadda qalıb.

2006-cı ildən ötən 5 ildə II Qurultayda qarşıya qoyulmuş əsas vəzifələr yerinə yetirilib. Artıq Azərbaycan diasporu bütün dünyada yaxşı təşkilatlanıb. Azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması nəticəsində respublikamızın milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını indi qəti şəkildə söyləmək olar. Ötən müddət ərzində əldə edilən ən mühüm nailiyyətlərdən biri ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirən strukturların yaradılmasıdır. Dünya Azərbaycanlılarının

II Qurultayından sonra görülən işlər sırasında xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması prosesinin sürətlənməsi də xüsusi qeyd edilməlidir. Diasporla İş üzrə Dövlət Komitəsində bu sahədə fəaliyyəti daha səmərəli etmək məqsədilə Gənclərlə şöbəsi yaradılmışdır. Əldə edilən nailiyyətlərdən biri də dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının dost dövlət və xalqların icmalarının müvafiq təşkilatları, o cümlədən türk, yəhudi diasporları ilə əməkdaşlığın əlaqələndirilməsidir.

Prezident İlham Əliyevin 2011-ci il yanvarın 21-də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamından irəli gələn "Tədbirlər Planı"na müvafiq olaraq bu gün Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək.

Bu qurultayda əvvəlki qurultaydan ötən müddət ərzində görülən işlərə dair hesabat veriləcək və Azərbaycan diasporunun daha da gücləndirilməsi yolları müzakirə edilərək müvafiq qərarlar qəbul olunacaq. Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və mənəvi həyatının bütün sahələrində fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, adamları, müxtəlif ölkələrin parlament üzvləri, siyasiictimai xadimlər, bir sözlə, Azərbaycanı sevən, onun inkişafını və qüdrətinin artmasını arzulayan insanlardır.

Dünya azərbaycanlılarının növbəti qurultayının keçirilməsi ümummilli lider Heydər Əliyevin bütün azərbaycanlıların sıx birləşməsi, onların milli həmrəyliyi istiqamətində yeritdiyi siyasətin, azərbaycançılıq ideyasının uğurla davam etdirilməsi deməkdir. Bu qurultay xaricdə yaşayan soydaşlarımızın, Azərbaycan icmalarının qarşısına yeni vəzifələr qoymaqla bərabər, azərbaycanlıların milli birliyidiaspor quruculuğu istiqamətində yeni səhifələr açacaq.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.- 5 iyul.- S.  11.