Müasir,
müstəqil Azərbaycan bütün azərbaycanlıların
vətənidir
- Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Əziz həmvətənlər!
Mən sizin hamınızı Dünya azərbaycanlılarının III qurultayının açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər birinizə cansağlığı, uğurlar arzulayıram.
Bu qurultay çox əlamətdar bir hadisədir. Azərbaycanda Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Bu ənənənin təməlini 2001-ci ildə ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq dünya azərbaycanlıları bir araya gəldilər, çox gözəl qurultay keçirildi. Ondan sonra dünyada yaşayan azərbaycanlıların təşkilatlanması üçün yeni şərait yaradılmışdır.
2002-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. İndi onun adı Diasporla İş üzrə Komitədir. Bütün qitələrdə yaşayan soydaşlarımız komitənin fəaliyyəti nəticəsində öz təşkilatlarını yaratmışlar. Bu təşkilatlar bu gün artıq bütün qitələrdə, bütün ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilmişdir. Bu gün 31 dekabr bizim milli bayramımızdır.
Bu gün nümayiş olunan filmdə ölkəmizin inkişafının müxtəlif istiqamətləri göstərilmişdir. Azərbaycan bu il müstəqilliyinin 20 illik yubileyini qeyd edir. Bu 20 il ərzində biz böyük və şərəfli yol keçmişik. İyirmiillik yubileyi qeyd edərkən ölkəmiz, xalqımız üçün ulu öndər Heydər Əliyevin verdiyi töhfələri bir daha yada salırıq. Müstəqil Azərbaycan üçün ən həlledici anlarda Azərbaycan xalqının tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev ölkəmizi bəladan, faciədən, vətəndaş müharibəsindən qurtara bilmişdir.
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyə qovuşmuşdur. Ancaq o vaxt ölkədə gedən proseslər və mövcud olan ağır vəziyyət müstəqilliyimizi sual altına qoymuşdu. Ölkədə xaos, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. İqtisadi və siyasi tənəzzül faktiki olaraq ölkəmizi uçuruma aparırdı. Bundan əlavə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və təcavüz nəticəsində torpaqlarımızın işğal altına düşməsi, daxili çəkişmələr, qarşıdurmalar və vətəndaş müharibəsinin başlanması - bütün bunlar müstəqilliyimizin ilk illərinin hadisələri idi.
1993-cü ildə Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu. Ölkəmizdə sabitlik yarandı və Azərbaycanda inkişaf dövrü başlandı. Ona görə biz tam əminliklə və qətiyyətlə deyirik: Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, müstəqil Azərbaycanın qurucusudur. Bu gün Azərbaycan onun qoyduğu yolla gedərək inkişaf edir.
Azərbaycanın inkişaf istiqamətləri 1993-cü ildə və dövlətçiliyimizin formalaşmasının ilk illərində müəyyən edilmişdir. O dövr üçün bu təşəbbüslər həlledici məna daşıyırdı. Çünki bu gün Azərbaycanın reallıqları məhz o dövrdə müəyyən edilmiş və seçilmiş istiqamətlər üzərində qurulmuşdur. Düzgün istiqamət seçilmişdir: Azərbaycan dünya birliyinə inteqrasiya etməli, açıq qapılar siyasəti aparmalı, xarici investisiyaları cəlb etməli idi. Biz bütün bunlara nail ola bilmişik. Azərbaycanda demokratik, dünyəvi dövlətin qurulması da məhz Heydər Əliyevin siyasətinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkədir. Ölkəmizdə siyasi proseslər çox müsbət istiqamətdə gedir. Siyasi sistem təkmilləşir. Ölkəmiz demokratik əsaslarla idarə olunur. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələləri bizim üçün prioritetdir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Biz bütün beynəlxalq qurumlarla, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq aparırıq.
Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Bizim Əsas Qanunumuz imkan verir ki, ölkəmiz uğurla və sürətlə inkişaf etsin.
Ölkə qarşısında duran vəzifələr icra edilir. Bir daha demək istəyirəm ki, 1990-cı illərdə düzgün müəyyən edilmiş istiqamət bugünkü reallıqlara gətirib çıxarmışdır. Bu gün Heydər Əliyev siyasəti yaşayır, davam etdirilir və yeni formalarla zənginləşdirilir.
Azərbaycanda müasir dövlət quruculuğu prosesi uğurla gedir. Eyni zamanda, biz milli mənəvi dəyərlərimizə də çox sadiqik, onları qoruyuruq. Azərbaycan dəyərləri bizim üçün müstəsna əhəmiyyət daşıyır. Əsrlər boyu Azərbaycan xalqı milli mənəvi dəyərlərini, ana dilini - Azərbaycan dilini qoruya bilmişdir. Bu gün müasir Azərbaycan dövləti bu möhkəm təməl üzərində yaranır, güclənir və bölgədə, regionda artıq çox mühüm amilə çevrilibdir.
Bizim milli dəyərlərə bağlılığımız Azərbaycan xalqının iradəsinin əlamətidir. Bununla bərabər, dünyada mövcud olan və bizim üçün məqbul sayılan ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq olunur. Azərbaycanda geniş modernləşmə siyasəti aparılır. Həyatımızın bütün istiqamətlərində modernləşmə əlamətlərini görə bilirik. Biz bundan sonrakı dövrdə də bu siyasətə sadiq qalacağıq.
Azərbaycanda, eyni zamanda, güclü iqtisadi potensial yaradılmışdır. Son illər ərzində aparılan iqtisadi islahatlar nəticəsində ölkə tam şəkildə özünü təmin edə bilir və hətta dünya üçün çox böyük problemlər yaratmış maliyyə və iqtisadi böhran Azərbaycana çox az təsir etmişdir. Ən böhranlı illərdə - 2008-ci, 2009-cu, 2010-cu illərdə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir, iqtisadiyyatımız artmışdır.
Azərbaycanda
siyasi və iqtisadi islahatlar bir-birini tamamlayır. Məqsədimiz
ondan ibarətdir ki, bu islahatların dərinləşməsi
nəticəsində güclü, müasir dövlət
yaradılsın. Biz artıq bu istiqamətdə çox
böyük nailiyyətlərə çata bilmişik.
Son 7 il ərzində
ölkə iqtisadiyyatı üç dəfə
artmışdır. Yəni, ümumi daxili məhsul 300 faiz
artmışdır. Bu da dünya praktikasında analoqu olmayan
bir təcrübədir. Sənaye istehsalı da təxminən
üç dəfə artmışdır. Yoxsulluq şəraitində
yaşayanların sayı beş dəfə
azalmışdır. Bu, onu göstərir ki, bizim tərəfimizdən
aparılan islahatlar sosialyönümlü islahatlardır. Siyasətimizin
təməlində insan amili dayanıbdır və bir
neçə il əvvəl elan edilmiş "Biz neft
kapitalını insan kapitalına çevirməliyik"
şüarı bu gün reallaşır. Bunun nəticəsində
iqtisadiyyatımızın bütün istiqamətlərində
bir canlanma və inkişaf görürük. Maliyyə
imkanlarımız genişlənir. Azərbaycanda çox
böyük quruculuq işləri aparılır. Azərbaycana
xarici və daxili investisiyalar qoyulur. Təkcə keçən
il ölkəmizə 16 milyard dollar sərmayə
qoyulmuşdur. Ümid edirəm ki, bu il bu rəqəm daha da
böyük olacaqdır. Yenə də deyirəm, aparılan
islahatlar nəticəsində ən ağır, ən
böhranlı aylarda, illərdə biz iqtisadi və
makroiqtisadi sabitliyi qoruya bilmişik. Ondan əlavə,
atılan addımlar və irəli sürülən təşəbbüslər
nəticəsində insanların maddi rifahı artıb, sosial
proqramlar icra edilib, sosial ödəmələr, maaşlar,
pensiyalar artırılır.
İqtisadi
müstəqillik, əlbəttə, imkan verir ki, biz beynəlxalq
məsələlərlə də bağlı fikrimizi
açıq-aydın ifadə edək. Bölgədə gedən
proseslərə Azərbaycanın təsir imkanları
artır. Bu da təbiidir. Çünki Azərbaycan
iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil
edir. Onu da qeyd etməliyəm ki, ümumi daxili məhsulun 80
faizi özəl sektorda formalaşır. O da öz növbəsində
göstərir ki, Azərbaycanda liberal islahatlar uğurla
aparılır.
Regional əməkdaşlıq
təşəbbüslərinin irəli sürülməsi nəticəsində
regionda çox gözəl əməkdaşlıq iqlimi
yaranmışdır. Ulu öndər Heydər Əliyevin neft
strategiyası çərçivəsində irəli
sürdüyümüz təşəbbüslər gözəl
nəticələrini verməkdədir. Azərbaycan çox
uğurlu enerji siyasəti aparır. Enerji təhlükəsizliyi
məsələlərinə gəldikdə, son aylar daha
çox Azərbaycanın adı çəkilir və bu da təbiidir.
Çünki Azərbaycanda görülən işlər və
infrastruktura qoyulan vəsait bu gün yeni vəziyyətin
yaranmasına gətirib çıxarmışdır. Biz
bundan sonra da bu siyasətə sadiq qalacağıq. Azərbaycanın
inkişafı təkcə iqtisadi addımlarla məhdudlaşmamalıdır.
Yenə də deyirəm, biz istəyirik ki, bütün istiqamətlərdə
ən qabaqcıl texnologiyalar, ən qabaqcıl təcrübə
Azərbaycanda tətbiq olunsun və insanların
yaşayış səviyyəsi ildən-ilə artsın.
Buna nail olmaq üçün bütün imkanlar vardır.
Bizim düşünülmüş strategiyamız vardır və
taktiki addımlarımız da çox uğurludur. Azərbaycan
nə xarici, nə daxili siyasətdə, nə də icra etdiyi
proqramlarda bir dəfə də olsun səhv etməmişdir.
Hesab edirəm ki, bunun nəticəsində bu gün ölkəmizin
dünyadakı hörməti böyük dərəcədə
artmışdır.
Azərbaycan
etibarlı tərəfdaş kimi tanınır, bizim
sözümüzə inanırlar. Bizimlə əməkdaşlıq
və dostluq etmək istəyən ölkələrin sayı
artmaqdadır. Müstəqillik ən böyük sərvətdir,
ən böyük uğurumuzdur. Azərbaycan 20 ildir ki,
müstəqil yaşayır, Azərbaycan xalqı azad
yaşayır. Azərbaycan xalqı öz taleyinin sahibidir, Azərbaycan
xalqının iradəsi bizim üçün ən vacib
amildir. Ölkə qarşısında duran sosial-iqtisadi məsələlərin
həlli əminəm ki, bundan sonra da uğurla icra ediləcəkdir.
Çünki bunu deməyə əsas verən bizim təcrübəmiz,
artıq əldə edilmiş maliyyə potensialımız və
iqtisadi imkanlarımızdır.
Ölkə
qarşısında duran ən ağrılı problem Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun
ki, uzun illər danışıqların aparılmasına
baxmayaraq, bu məsələ həllini tapmır.
Torpaqlarımız işğal altındadır, bütün
beynəlxalq təşkilatlar Azərbaycanın ərazi
bütövlüyünü müdafiə edir, dəstəkləyir.
Birləşmiş Millətlər Təşkilatı, ATƏT,
Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı,
Avropa Şurası, digər təşkilatlar müvafiq qərar
və qətnamələr qəbul etmişdir ki, Azərbaycanın
ərazi bütövlüyü orada müdafiə edilir və
işğalçı qüvvələrin işğal
edilmiş torpaqlardan çıxarılması da orada nəzərdə
tutulur. Ancaq əfsuslar olsun ki, məsələ həllini
tapmır. Bunun yeganə səbəbi Ermənistanın
qeyri-konstruktiv mövqeyi və sülhə hazır
olmamasıdır. Ancaq biz yaxşı bilirik ki, gec-tez Azərbaycan
ərazi bütövlüyünü bərpa edəcəkdir.
Biz istəyirik
ki, bunu sülh yolu ilə və tezliklə həll edək. Ermənistan
tərəfi də anlamalıdır ki, artıq Azərbaycanda
yaradılmış potensial Ermənistanın potensialı ilə
müqayisə edilə bilməz. Bizim iqtisadi
imkanlarımız və iqtisadi potensialımız Ermənistandakından
10 dəfə artıqdır. Vaxt keçdikcə bu fərq
daha da çoxalacaq, iki ölkə arasındakı uçurum
daha da genişlənəcəkdir. Ona görə Ermənistanın
marağında olmalıdır ki, bu məsələ tezliklə
öz həllini tapsın. Çünki Azərbaycanla rəqabət
aparmaq indi onların gücündə deyildir. Bizim təkcə
hərbi xərclərimiz Ermənistanın bütün
dövlət büdcəsindən 50 faiz artıqdır. Bu, hələ
bizim gördüyümüz işlərin birinci nəticələridir.
Biz çox yaxşı başa düşürük və
görürük ki, bizi nələr gözləyir. Azərbaycan
dünya miqyasında zəngin ölkələrin arasında
olacaqdır. Artıq beynəlxalq təşkilatların
reytinqlərində Azərbaycanın mövqeləri istənilən
istiqamətdə çox yüksəkdir.
İqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinə
görə biz MDB məkanında birinci yerdəyik.
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi və
hazırlığına görə biz MDB məkanında
birinci yerdəyik. İnsan inkişafı indeksinə görə
də ən böyük sıçrayışı Birləşmiş
Millətlər Təşkilatının hesablamalarına
görə Azərbaycan etmişdir.
Yəni
biz çox yaxşı bilirik ki, 5 il, 10 il sonra Azərbaycanın
potensialı nədən ibarət olacaqdır. Çünki
bir daha demək istəyirəm ki, bunu proqnozlaşdırmaq
üçün əsas verən gördüyümüz
işlərdir və icra edilən layihələrdir. Ona
görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tezliklə həll olunması həm Azərbaycanın,
həm də Ermənistanın maraqlarına cavab verir. Beynəlxalq
birlik də bunu istəyir, Beynəlxalq birlik də istəyir
ki, bu münaqişəyə son qoyulsun. Son aylar ərzində
bizi ruhlandıran vacib amillərdən biri də odur ki, bu məsələ
ilə bağlı vasitəçilər və onların
dövlət başçıları birmənalı şəkildə
bildirirlər ki, status-kvo qəbuledilməzdir. Status-kvo dəyişdirilməlidir.
Status-kvonun dəyişdirilməsi təbii ki,
torpaqlarımızın işğal altından
çıxmasını tələb edir.
Biz
ümid edirik ki, danışıqların nəticəsi
olacaqdır. Hər halda Azərbaycan danışıqlarda
bütün dövr ərzində konstruktivlik nümayiş
etdirmişdir. Çalışacağıq ki, bütün
imkanlardan istifadə edib tezliklə öz ərazi
bütövlüyümüzü bərpa edək.
Siz,
dünyada yaşayan azərbaycanlılar yaxşı bilirsiniz
ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan
torpağıdır. Əsrlər boyu xalqımız o ərazilərdə
yaşamışdır, yaratmışdır. Ermənilər
o əraziyə qonaq kimi gəlmişlər. Biz onların
Dağlıq Qarabağa gəlməyinin tarixçəsini də
yaxşı bilirik. Vaxtilə 1978-ci ildə ermənilər tərəfindən
Dağlıq Qarabağda onların Dağlıq Qarabağa
köçürülməsini əks etdirən abidə
ucaldılmışdır. Müharibənin ilk illərində
ermənilər o abidəni dağıtmışlar. Ancaq
tarixi dəyişdirmək mümkün deyildir.
Tarix
tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının
150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər
ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki
Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan
torpaqlarında formalaşıbdır. İrəvan
xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir.
Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru
Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində
böyük türk dünyası coğrafi cəhətdən
parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin
çox böyük mənfi mənası var idi. Biz indi iddia
etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər
bir azərbaycanlı, hər bir vətəndaş, hər bir
uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr
tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli
üçün, əlbəttə, bütün amillər nəzərdən
keçirilməlidir. Tarix bəllidir. Bu, bizim
torpağımızdır, nəinki Dağlıq Qarabağ və
digər bölgələr. Beynəlxalq hüquq normaları
tam şəkildə bizim mövqeyimizi müdafiə edir. Minsk
qrupunun həmsədr ölkələrinin dövlət
başçılarının verdiyi bəyanatda da Helsinki
Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında
açıq-aydın göstərilir ki, ərazi
bütövlüyü prinsipləri xalqların öz müqəddəratını
müəyyən etmək prinsipləri ilə ziddiyyət təşkil
etməməlidir. Beləliklə, hüquqi cəhətdən
də mövqeyimiz güclüdür.
İqtisadi
cəhətdən indi Ermənistan ilə Azərbaycan
müqayisə edilə bilməz. Bu tam başqa, necə deyərlər,
çəki dərəcələridir. Siyasi proseslərə
təsir imkanları baxımından da Azərbaycan daha əlverişli
mövqedədir. Çünki həm coğrafi baxımdan, həm
gördüyümüz işlər, infrastruktur, enerji siyasəti,
bölgədə təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi və Azərbaycanın rolu əlbəttə
ki, siyasi cəhətdən də çəkimizi daha da
artırır. Mən şübhə etmirəm ki,
bütün bu amillər, üstəgəl Azərbaycan
Ordusunun güclənməsi nəticəsində biz
Dağlıq Qarabağ münaqişəsini həll edə
biləcəyik. Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir və bərpa
ediləcəkdir.
Əziz
dostlar, əziz həmvətənlər, bir daha sizi Azərbaycanda
səmimiyyətlə salamlayıram. Mən əminəm ki, Vətənə
gəlməyiniz sizin üçün çox xoşdur.
Bakının müasir görkəmi də əminəm ki,
sizə çox xoş təəssürat
bağışlayır. Bakı dünyanın ən gözəl
şəhərlərindən biridir. Bakı bizim
paytaxtımızdır, sevimli şəhərimizdir. Şəhərimizin
gələcək inkişaf planları da vardır. Əminəm
ki, hər dəfə Bakıya gələndə siz şəhərimizin
yeni, gözəl guşələri ilə tanış
olacaqsınız. Bu fürsətdən istifadə edərək
istərdim ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti
ilə bağlı fikirlərimi sizinlə
bölüşüm.
Birinci növbədə
qeyd etməliyəm və çox şadam ki, dünyada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları
artıq tam formalaşıb. Birinci qurultaydan keçən
dövrdə, yəni 10 il ərzində böyük işlər
görülübdür, təşkilatların sayı
artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız
var idisə, hazırda onların sayı 416-ya
çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət
bu məsələ ilə əlaqədar bəlkə də həlledici
rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız
keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti
daha da məqsədyönlüdür, daha da təsirlidir.
Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları
tərəfindən keçirilmiş aksiyalar onu göstərir
ki, istənilən yerdə təşkilatlarımız öz
fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini
göstərə bilərlər. Bu, çox mühüm amildir.
Mən çox şadam ki, bu gün dünyada fəaliyyət
göstərən diaspor təşkilatları yeni səviyyəyə
qalxıbdır. Bu təşkilatlar arasında koordinasiya
işlərinin aparılması əlbəttə ki,
onların fəaliyyətini daha da gücləndirir. Mən
hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət
göstərdikləri ölkələrdə bütün Azərbaycan
icmasını birləşdirməlidir. İdeal variant ondan
ibarət ola bilər ki, hər bir azərbaycanlı diaspor təşkilatlarına
üzv olsun, onların tədbirlərində iştirak etsin,
öz dəstəyini versin, öz köməyini göstərsin
və eyni zamanda, diaspor təşkilatları tərəfindən
də lazım olanda kömək görsün. Bunu etmək
üçün bu təşkilatlar daha da güclü
olmalıdır. Mən hesab edirəm ki, ən vacib amillərdən
biri diaspor təşkilatlarının birliyidir. Bəzi hallarda
bir ölkədə bir neçə diaspor təşkilatı
fəaliyyət göstərir, böyük ölkələrdə
əlbəttə ki, onların sayı onlarladır. Əksər
hallarda cəmiyyətlər arasında əlaqələr
sağlamdır. Ancaq elə hallar var ki, orada müəyyən
ziddiyyətlər, müəyyən problemlər,
anlaşılmazlıq ortaya çıxır. Mən çox
xahiş edirəm ki, əgər belə bir hal varsa, buna son
qoyulsun. Çünki biz ölkə daxilində də, xaricdə
də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir.
Birlik olmasa, biz güclü ola bilmərik. Bu aksiomadır. Ona
görə hesab edirəm ki, diaspor təşkilatlarının
fəaliyyətinin inkişafı üçün biz birliyi
tam şəkildə təmin etməliyik. Eyni zamanda,
hazırda Azərbaycanın dünyadakı daimi və
diplomatik nümayəndəliklərinin sayı da
artmaqdadır. Keçən qurultay zamanı bizim 46 səfirliyimiz
və konsulluğumuz var idi. Hazırda onların sayı 65-ə
çatmışdır. Yaxın zamanlarda 8 ölkədə
yeni səfirlik və konsulluğun açılışı
nəzərdə tutulur. Bu, əlbəttə ki, ilk növbədə
Azərbaycan dövlətinin qüdrətini göstərir. Yəni,
onu göstərir ki, biz bütün dünya ilə əməkdaşlıq
edirik və hazırda 65-dir və 73-ə çatanda əlbəttə
ki, dünya miqyasında elə vacib ölkə qalmayacaq ki,
orada səfirliyimiz olmasın.
Səfirliklərlə
diaspor təşkilatları arasındakı əməkdaşlıq
daha da güclü, daha da məqsədyönlü
olmalıdır. Mən bu alqışları eşidirəm və
görürəm ki, nə demək istədiyimi siz də
yaxşı başa düşürsünüz. Mən
çox dərinə getmək istəməzdim, amma bəzi
hallarda səfirliklərlə diaspor təşkilatları
arasında olan ziddiyyətlər məni çox incidir. Biz
buna yol verməməliyik. Səfirlik Azərbaycan dövlətinin
bir parçasıdır, Azərbaycan dövlətinin rəsmi
nümayəndəliyidir, Azərbaycan dövlətinin xarici
ölkələrdə simvoludur. Biz elə etməliyik ki, səfirliklərlə
diaspor təşkilatları arasında daim mehriban münasibətlər
olsun. Əgər hər hansı bir problem,
anlaşılmazlıq, yaxud da ki, narazılıq varsa, o, dərhal
öz həllini tapmalıdır. Yəni, hərə bir tərəfə,
öz küncünə çəkilməməlidir ki, biz
sonra müdaxilə edək və vəziyyəti
normallaşdırmağa çalışaq. Onlar özləri
bir-birinə hörmətlə yanaşmalıdırlar,
bir-birinin fəaliyyətini dəstəkləməlidirlər,
çünki bizim bir Vətənimiz var - Azərbaycan dövləti.
Hər bir Azərbaycan vətəndaşı
çalışmalıdır ki, onun dövləti
haqqında müsbət imic formalaşsın, xalqı
haqqında reallığı əks etdirən bir təəssürat
yaransın. Əgər xarici ölkə vətəndaşları
görsə ki, azərbaycanlılar xaricdə bir-biri ilə
yola getmirlər, yaxud da ki, bir-birinin əleyhinə iş
aparırlar, istər-istəməz onlarda ölkə
haqqında, xalqımız haqqında düzgün olmayan təəssürat
yarana bilər. Ona görə də mən sizdən xahiş
edirəm ki, əgər bu vaxta qədər, indi kimin səhvindən
nə olub olub, onu gərək qoyaq kənara, o səhifəni
bağlayaq. Bundan sonra diaspor təşkilatları və səfirliklər
bir komanda şəklində, bir yumruq kimi işləməlidirlər
və Azərbaycanın nə qədər gözəl ölkə
olduğunu yaşadıqları ölkənin vətəndaşlarına
birgə çatdırmalıdırlar.
Yenə də
demək istəyirəm ki, əksər hallarda biz səfirliklərlə
diaspor təşkilatları arasında çox gözəl əməkdaşlıq
edirik. Ancaq dediyim kimi, elə hallar da var və əminəm ki,
bu qurultaydan sonra bu məsələlər də yoluna
qoyulacaqdır.
Diaspor təşkilatlarının
fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə
apardığı çirkin kampaniyaya qarşı tutarlı
bir cavabdır. Sirr deyil ki, müstəqilliyimizin ilk illərində
bizim nə böyük maliyyə imkanlarımız var idi,
xaricdə yaşayan azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar.
Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız
erməni təbliğatına qarşı Azərbaycan
reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri,
bu siyasəti alqışlayıram və bizim diaspor təşkilatlarının
üzvlərinə bu fədakar və çox gözəl
missiyaya görə minnətdarlığımı bildirmək
istəyirəm. Biz çalışmalıyıq ki, Azərbaycan
haqqında reallıqları bütün dünyaya bildirək.
Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət
göstərir. Bizə qarşı mübarizə aparır.
Onların təsir dairəsində olan bəzi siyasətçilər,
bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana
qarşı kampaniya aparırlar - ləkələmə
kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək
üçün uydurmalar, düzgün olmayan faktlar
yayırlar, yalanlar, böhtanlar yağdırırlar.
Azərbaycan
dövləti özünü qoruyur və qoruyacaqdır. Ancaq
mən çox şadam ki, diaspor təşkilatlarımız
da nəinki erməni lobbi təşkilatlarına tutarlı
cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana
qarşı çox ciddi və real faktlar əsasında
qurulmuş təbliğat işləri aparırlar. Mən
xaricdə çalışan səfirlərimizlə
görüşlərdə həmişə demişəm və
bu gün də demək istəyirəm ki, bizim
diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim
diplomatiyamız müdafiə, özünümüdafiə
xarakteri daşımamalıdır. Hücum diplomatiyamız nəticə
verir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan-Azərbaycan
münaqişəsində haqlı tərəf və zərər
çəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz
daha da ciddidir və daha da tutarlıdır. Hesab edirəm ki,
növbəti dövrdə də erməni lobbisinə
qarşı bütün dünyada mübarizəmizi davam
etdirməliyik, onların yalanlarını ifşa etməliyik,
Azərbaycan həqiqətlərini təbliğ etməliyik və
Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik.
Müxtəlif konfranslar, simpoziumlar, "dəyirmi masa"lar
keçirilir. Mən bunu alqışlayıram. Qəzetlər
buraxılır. Hesab edirəm ki, qəzetlərin sayı daha
da çox olmalıdır və mütəmadi qaydada xaricdə
Azərbaycan dilində qəzetlər buraxılmalıdır.
O ölkələrin dillərində qəzetlər, jurnallar
buraxılmalı, təbliğat xarakterli materiallar
nümayiş etdirilməlidir. Biz indi internet dövründə
yaşayırıq və Azərbaycanda internet azaddır. Bu da
çox vacib bir məsələdir. Heç bir məhdudiyyət
yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı
50 faizə çatmışdır. Bəzi hallarda yenə də
erməni təbliğatı nəticəsində, yaxud da ki,
erməni lobbisinin təsiri altında olan bəzi riyakar siyasətçilər
tərəfindən Azərbaycanda guya mətbuat
azadlığının olmaması haqqında fikirlər
eşidirik. Necə ola bilər ki, azad internet olan ölkədə,
internet istifadəçilərinin sayı 50 faiz olduğu təqdirdə,
bütün azad mətbuat mövcud olduğu təqdirdə
bizə desinlər ki, burada mətbuat azad deyil. Yəni, internet
dövründə biz bu imkanlardan da istifadə etməliyik.
İnternet saytları açılmalıdır. Azərbaycan
xalqının tarixini, mədəniyyətini, Azərbaycanın
bugünkü reallıqlarını, siyasətini əks etdirən
çoxsaylı saytlar yaradılmalıdır və Azərbaycanın
dövlət qurumları bu işlərdə də öz
köməyini göstərməlidirlər. Mən artıq
müvafiq göstərişlər vermişəm. Yəni, bir
sözlə, biz çalışmalıyıq ki, xaricdə
özümüzü olduğu kimi təqdim edək. Bu işdə
daha da böyük uğurlar əldə etmək
mümkündür.
Bununla bərabər,
mən hesab edirəm, - bəzi hallarda biz artıq bunu
görürük, - xaricdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız o ölkələrin daxili
siyasətinin amilinə çevrilməlidir. Artıq bunun
vaxtı gəlib çatıb. Həm ölkəmizin
inkişafı, həm diaspor təşkilatlarımızın
güclənməsi qarşımızda indi belə imkanlar
açır. Soydaşlarımız - azərbaycanlılar
yaşadıqları ölkələrdə dövlət,
hökumət qurumlarında təmsil olunmalıdırlar.
Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik
orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək
üçün azərbaycanlılar arasında
qarşılıqlı dəstək və birlik daha da
güclü olmalıdır. Mən hesab edirəm ki, bu,
realdır. Ümid edirəm ki, biz növbəti qurultaya qədər
artıq bu barədə də yaxşı xəbərlər
eşidəcəyik. Bu həm orada yaşayan azərbaycanlılar
üçün bir dəstək olacaq, dayaq olacaq, həm
ölkəmiz üçün. Çünki xaricdə azərbaycanlılar
nə qədər güclü olsa, dövlətimizin
maraqları da o qədər müdafiə olunacaqdır. Nə
qədər Azərbaycan güclü olsa, soydaşlarımız
özlərini o qədər də əmin, rahat hiss edəcəklər.
Ona görə də hesab edirəm ki, diaspor təşkilatlarının
bütövlükdə və onların üzvlərinin fərdi
qaydada real siyasətə, real işlərə daha da fəal cəlb
edilməsi çox arzuolunan bir məsələdir. Əlbəttə,
siz daim Azərbaycan dövlətinin dəstəyinə arxalana
bilərsiniz.
Bizim
xaricdə yaşayan soydaşlarımızın müəyyən
hissəsi kommersiya strukturlarında işləyir. Daha çox
bizneslə məşğul olurlar. Onların kifayət qədər
möhkəm iqtisadi dayaqları vardır. Biz bunu
alqışlayırıq. Biz istəyirik ki, hər bir azərbaycanlı
yaşadığı yerdən asılı olmayaraq
yaxşı yaşasın, zəngin olsun, imkanları geniş
olsun. Mən çox şadam ki, xaricdə yaşayan
soydaşlarımızın mütləq əksəriyyəti
yaxşı yaşayır. Azərbaycandan xarici ölkələrə
işləmək üçün gedən, yaxud da ki, uzun illər
orada yaşayan soydaşlarımız aşağı səviyyəli
işlərdə işləmirlər. Onlar ya biznes
strukturlarında, ya da ali məktəblərdə elmlə məşğul
olurlar. Biznes strukturları da kifayət qədər möhkəmdir.
Bizim onlardan yeganə arzumuz ondan ibarətdir ki, ətrafda olan
soydaşlara da kömək göstərsinlər.
Bununla bərabər,
bu gün Azərbaycanın da, bayaq qeyd etdiyim kimi, iqtisadi
imkanları genişlənir. Bizim investisiyalarımız indi nəinki
Azərbaycanda, eyni zamanda, xarici ölkələrə də
qoyulmağa başlamışdır. Bu da bizim strateji iqtisadi və
siyasi addımlarımızdan biridir. İndi Azərbaycanın
həm dövlət, həm də ki, özəl şirkətləri
xarici ölkələrdə işləyirlər,
kontraktları icra edirlər, investisiya qoyurlar. Bu investisiyalar bəzi
hallarda yüz milyon, bəzi hallarda milyard dollarla
ölçülür.
Azərbaycanın
müvafiq dövlət strukturlarına, dövlət şirkətlərinə
göstəriş verilmişdir və özəl şirkətlərə
tövsiyə edilmişdir ki, çalışdığı
ölkələrdə azərbaycanlıları daha da
çox işlərə cəlb etsinlər. Bu proses
başlanmışdır. Hesab edirəm ki, şirkətlərimiz
xaricdə güclənən zaman orada yaşayan azərbaycanlılar
bu işlərə daha da çox cəlb ediləcəklər.
Burada söhbət təkcə azərbaycanlıları işə
götürüb hansısa vəzifə verməkdən
getmir. Xaricdə fəaliyyət göstərən şirkətlər
Azərbaycan şirkətləri, dövlət şirkətləri
tərəfindən icra edilən layihələrdə
iştirak etməlidirlər. Podratçı, müqaviləçi
kimi iştirak etməlidirlər. Onlar daha da çox pul
qazanmalıdırlar.
İstəyirəm,
siz biləsiniz ki, dövlət və özəl şirkətlərə
bu məsələnin diqqətdən kənarda qalmaması barədə
göstəriş və tövsiyələr verilmişdir.
Hesab edirəm ki, bu gün və sabah sizin hələ
çoxlu görüşləriniz olacaqdır. Dövlət
nümayəndələri ilə görüşləriniz
olacaqdır. Bu məsələ daha da geniş müzakirə
edilə bilər və müzakirə edilməlidir.
Eyni zamanda,
biz indi xaricdə Azərbaycan mədəniyyət evlərinin
yaradılmasına başlamışıq. Bu yeni təşəbbüsdür.
Aparıcı ölkələrin mərkəzi şəhərlərində
Azərbaycan dövləti mülkiyyət almaq niyyətindədir.
Orada həm Azərbaycan mədəniyyət evlərinin fəaliyyəti
təşkil edilməlidir, eyni zamanda, Azərbaycan ticarət
evləri də yaradılmalıdır. Göstəriş
verilmişdir ki, paytaxt şəhərlərinin mərkəzi
yerlərində, mərkəzi küçələrində
Azərbaycan mərkəzləri yaradılmalıdır. Orada
Azərbaycan məhsulları təqdim edilməlidir,
satılmalıdır, digər təbliğat xarakterli
materiallar yayılmalıdır. Yəni, bu, bizim
planlarımızda var və bu ildən başlayaraq artıq bu
proses icra edilməyə başlanmışdır.
Hesab edirəm
ki, mütləq Azərbaycan diaspor təşkilatlarının
imkanları da bu işlərdə öz rolunu
oynamalıdır. Bu məsələ ilə bağlı Xarici
İşlər Nazirliyinə, İqtisadi İnkişaf
Nazirliyinə göstərişlər verilmişdir. Hesab edirəm
ki, Diasporla İş üzrə Dövlət Komitəsi də
bu işlərə qoşulmalıdır ki, biz bu işi
maksimum səmərə və xaricdə yaşayan azərbaycanlıların
maraqlarını təmin etmək şərti ilə həll
edək. Bunun da həm orada yaşayan azərbaycanlılar, həm
də bizim üçün böyük faydası
olacaqdır.
Əziz
dostlar, mənim sizə deyiləsi sözlərim çoxdur.
Ancaq vaxt keçir. Mən istəmirəm ki, qurultayın cədvəlinə
düzəlişlər edək. İstəyirəm öz
çıxışımı yekunlaşdırım. Mən
bir daha demək istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların
üçüncü qurultayı çox əlamətdar
hadisədir. İlk növbədə, ona görə ki, yenə
də biz bir yerə yığışdıq. Yenə də
həm Azərbaycan xalqına, həm bütün dünyaya
göstərdik ki, biz bir yerdəyik. Biz bir xalqıq, biz
böyük xalqıq. Bu gün güclənən Azərbaycan
bizim qürur mənbəyimizdir.
Mən əminəm
ki, siz də Azərbaycanda gedən proseslərə yaxından
bələd olan adamlar kimi, haqlı olaraq qürur hissi
keçirirsiniz. Azərbaycan müstəqil ölkə kimi
iyirmi il ərzində böyük yol keçmişdir - tam
şəkildə azad, müstəqil, gözəl iqtisadi
imkanlarla. Azərbaycanda insanlar təhlükəsiz şəraitdə
yaşayırlar. Əmniyyət, təhlükəsizlik,
ictimai-siyasi asayiş qorunur, bütün azadlıqlar
vardır. Siyasi və iqtisadi aləmdə heç bir məhdudiyyət
yoxdur. Regionda mövqelərimiz kifayət qədər möhkəmdir
və tam əminəm ki, getdikcə bizim təsir
imkanlarımız daha da artacaqdır. Bizim xaricdə yaşayan
böyük ailəmiz vardır, bu, azərbaycanlılardır.
Onlar öz doğma Vətəninə bağlı olan
adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir
ki, harada yaşamağımızdan asılı olmayaraq,
öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir,
hamımızın vətənidir. Müstəqil Azərbaycan
bütün azərbaycanlıların vətənidir. Bizim bir
vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan
dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq
məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan
bütün azərbaycanlılar həmişə bir yerdə
olsunlar. Həmişə bilsinlər ki, onların arxasında
güclü Azərbaycan dövləti dayanır və onlar hər
zaman Azərbaycan dövlətinə arxalana bilərlər.
Çıxışımı
ulu öndər Heydər Əliyevin unudulmaz sözləri ilə
yekunlaşdırmaq istəyirəm: "Biz hamımız fəxr
edirik ki, biz azərbaycanlıyıq".
AzərTAc
Azərbaycan.- 2011.-6 iyul.- S. 1, 2.