Azərbaycan
Prezidenti İlham Əliyev bir qrup ictimai xadimə
"Dostluq" ordenini və "Tərəqqi"
medalını təqdim etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı "Dostluq" ordenini və "Tərəqqi" medalını təqdim etmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təltif barədə 2011-ci il 4 iyul tarixli sərəncamı oxundu.
Dövlət başçısı Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömürə, Azərbaycan Universitetinin fəxri doktoru Ertan Demirtaşa, "Azİs" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqala, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri Mehmet Akkan Suverə, Şimali Kipr Yaxın Doğu Universitetinin qurucu rektoru Suat Günselə, Rusiya Elmlər Akademiyasının akademiki Vladimir Kolesnikova "Dostluq" ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya isə "Tərəqqi" medalını təqdim etdi.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülmüşdür.
Mükafat alanlar Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinin yüksək qiymətləndirilməsi Prezident İlham Əliyevin diaspor quruculuğuna diqqət və qayğısının əyani göstəricisidir. Bu mükafat onları daha fəal olmağa, Azərbaycan həqiqətlərinin təbliği işinə yeni töhfələr verməyə ruhlandırır.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.-6 iyul.- S. 2.