ABŞ-ın müstəqillik günü qeyd edilmişdir

 

Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin elan edilməsinin 235-ci ildönümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil etmişdir.

ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə tədbirdə çıxış etmişdir. Bu müddətin ABŞ üçün uzun bir tarixi dövr olduğunu qeyd edən səfir demişdir ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq münasibətləri vardır. Diplomat vurğulamışdır ki, Birləşmiş Ştatların səfirliyi Azərbaycanın vətəndaş cəmiyyəti, bu ölkədə müxtəlif dinlərin nümayəndələri və media qurumları ilə sıx əməkdaşlıq edir.

O, tədbir iştirakçılarını əmin etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin qəti həll olunması üçün ondan asılı olan hər şeyi edəcəkdir.

Azərbaycanın maliyyə naziri Samir Şərifov rəsmi qəbulun iştirakçılarını Azərbaycan hökuməti adından təbrik etmiş, Amerika xalqına sülh və firavanlıq arzularını çatdırmışdır.

Nazir qeyd etmişdir ki, energetika, humanitar sahələrdə və təhlükəsizlik məsələlərində Azərbaycan-Amerika münasibətləri strateji xarakter kəsb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan-Amerika əlaqələrinin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorizmə qarşı mübarizədə səylərin artırılmasına böyük töhfə vermişdir.

O, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin tərəfdaşlıq səviyyəsinə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu vurğulamışdır.

S.Şərifov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq xatırlatmışdır ki, ölkəmizin ərazisinin 20 faizi hələ də işğal altındadır. Nazir bu münaqişənin həllində ABŞ-ın və bütövlükdə beynəlxalq birliyin səylərini fəallaşdırmağın zəruri olduğunu vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-6 iyul.- S.  4.