ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtke (ABŞ) bəyanat yaymışlar.

Təşkilatın rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər iyulun 4-də Vyanada ATƏT-in baş katibi Lamberto ZannyerMinsk qrupuna daxil olan dövlətlərin nümayəndələri ilə ayrı-ayrılıqda görüşmüşlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları prosesinin cari vəziyyətinin müzakirə edildiyi görüşlərdə həmsədrlər iyunun 24-də Kazanda keçirilmiş görüşün nəticələri barədə məlumat vermişlər.

Görüşlərdə həmçinin hərtərəfli sülhə nail olmaq məqsədilə əsas çərçivə kimi qəbul olunan Baza Prinsiplərinin yekunlaşdırılması üçün tələb olunan növbəti addımlar müzakirə edilmişdir.

Bəyanatda qeyd edilir ki, tərəflər Kazan görüşündə Baza Prinsipləri üzrə yekun razılıq əldə etməsələr də, bu görüşdə irəliləyiş olmuşdur. Tərəflərin danışıqlara davam edəcəklərini təsdiq etmələri də daxil olmaqla, Kazan görüşünün nəticələri hər iki tərəfin qəbul edilmiş prinsiplər əsasında mümkün qədər tez bir zamanda razılığa gəlmələri üçün şərait yaradır. Qalan fikir ayrılıqları tərəflərə Baza Prinsiplərinin təsdiq edilməsinə və sülh prosesinin saziş hazırlanması mərhələsinə keçidinə mane olmamalıdır. Prezidentlər Medvedev, Sarkozi və Obamanın mayın 26-da Dovil bəyannaməsində qeyd etdikləri kimi, bundan sonrakı ləngimələr tərəflərin razılığa gəlmək istəyini şübhə altına alır.

Həmsədrlər Moskvada məsləhətləşmələr aparmağı və yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırlar.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.-6 iyul.- S.  4.