Bakıda keçirilən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi başa çatmışdır

 

Bakıda keçirilən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC, Turkic World Mathematical Society) IV konqresi başa çatmışdır.

AzərTAc xəbər verir ki, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın 20 ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Fransa, ABŞ, Rusiya, Böyük Britaniya və digər ölkələrdən olan alimlər iştirak etmişlər.

Çıxış edən alimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini vurğulamış, müasir dünyada bu sahələrin mühüm rolundan, TDRC-nin fəaliyyətinin əhəmiyyətindən danışmışlar.

Konqresin bölmə iclaslarında riyaziyyatın nəzəri və tətbiqi problemlərinə, bu elmin tədrisi metodikası məsələlərinə həsr edilmiş 314 məruzə dinlənilmiş, geniş müzakirə olunmuşdur.

Türk Dünyası Riyaziyyat Cəmiyyəti idarə heyətinin üzvləri seçilmişdir. Azərbaycanın təhsil naziri Misir Mərdanov növbəti 3 il müddətinə TDRC-nin prezidenti, akademik Fikrət Əliyev (Azərbaycan), professor Etibar Pənahov (Türkiyə), akademik Amanbek Jaynakov (Qırğızıstan), professor Narqozu Danayev (Qazaxıstan) vitse-prezident seçilmişlər.

Qazaxıstanın elm və təhsil naziri, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin sabiq prezidenti akademik Baxıtcan Cumaqulov TDRC-nin fəxri prezidenti seçilmişdir.

TDRC-nin fondu yaradılmış, akademik Fikrət Əliyev bu fondun prezidenti seçilmişdir.

Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunmuşdur. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir.

Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), II konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), III konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilmişdir.

Təşkilatın məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələri türkdilli ölkələrin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda, türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək verməkdir.

 

 

Azərbaycan.- 2011.- 6 iyul.- S.  6.