YUNESKO-nun Hökumətlərarası Komitəsinin sessiyasında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində mədəniyyət nümunələrinə qarşı törətdiyi vandalizm aktları diqqətə çatdırılmışdır

 

YUNESKO-nun Paris şəhərində yerləşən Baş Qərargahında Mədəni Dəyərlərin Mənsub Olduqları Ölkələrə Qaytarılmasının Təşviqi və ya Qanunsuz Mənimsəmə halında Geri Qaytarılması üzrə YUNESKO-nun Hökumətlərarası Komitəsinin (ICPRCP) 17-ci sessiyası keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, sessiyada Azərbaycanı nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin əməkdaşı təmsil etmişdir.

Tədbirdə Parfenon Mərmərləri (Böyük Britaniya Birləşmiş Krallığı-Yunanıstan), Boğazköy Sfinksi (Almaniya-Türkiyə) ilə bağlı restutisiya müraciətlərinə baxılmış, üzv dövlətlər, YUNESKO-ya tərəfdaş qurumlar tərəfindən məruzələr dinlənilmişdir.

İclas zamanı, həmçinin məsələ ilə bağlı UNIDROIT, WCO, UNODC, ICOM, İnterpol və İtaliyanın xüsusi polis xidməti olan Karabinieri bu sahədə ən son fəaliyyətləri barədə məlumat vermiş, Avropa Komissiyasının "Hermes 2011" proqramı təqdim olunmuşdur.

Sessiyada Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin təkcə ərazi iddiaları ilə məhdudlaşmadığı, zəbt olunmuş torpaqlarımızda yüz mindən çox eksponatın, zəngin mədəniyyət nümunələrinin oğurlanması, gündəlik dağıntılara məruz qalması, qeyri-qanuni arxeoloji qazıntıların aparılması və aşkar edilmiş obyektlərin mənimsənilməsi halları iştirakçıların diqqətinə çatdırılmışdır.

İclasda Azərbaycan tərəfi zəbt olunmuş ərazilərdə mədəni irsin qorunması üçün praktikikonkret tövsiyələrin hazırlanması üçün YUNESKO-ya müraciət etmişdir.

Məlumat verilmişdir ki, 1988-ci ildən başlanan erməni təcavüzü nəticəsində ölkəmizin 100 mindən artıq əşyanın toplandığı 22 muzeyi, 4,6 milyon kitab fondu olan 927 kitabxanası, 808 klub müəssisəsi, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 85 musiqi məktəbi, 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğusu, 20 ədəd kinokamerası, 423 müxtəlif texniki avadanlığı, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri həcmli və 40 kiçik həcmli attraksion işğal altında qalmışdır.

Qeyd edilmişdir ki, 1947-ci ildə Almaniyanın Bremen qalereyasından gətirilmiş və uzun müddət Azərbaycan Dövlət İncəsənət Muzeyində mühafizə olunmuş qiymətli qrafika əsərləri 1999-cu ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Bremen qalereyasına qaytarılmışdır. Dünya tarixində nadir hallarda baş verən bu humanist hərəkət Almaniya ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanmışdır. Həmçinin 2000-ci ildə Azərbaycana qeyri-qanuni yolla satılmaq məqsədilə gətirilən və İranın Səədəbad muzeyinə məxsus olan iki ədəd qədim qılınc beynəlxalq tələblərə uyğun olaraq İran tərəfinə geri qaytarılmışdır. 2010-cu ildə isə Azərbaycanın Sərhəd Qoşunları tərəfindən Rusiya qaçaqmalçılarından müsadirə edilmiş beş ədəd nadir, qədim ikona qonşu ölkəyə təhvil verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 6 iyul.- S.  6.