Paytaxtımızın rəmzi - Qız qalası

 

 Bakıda "Qız qalası" II Beynəlxalq incəsənət festivalı başa çatdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən ikinci dəfə keçirilən festival artıq ənənə halını alıbdır. Bu festivalın keçirilməsində məqsəd xarici rəssamları Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməklə yanaşı, Qız qalasını dünyada təbliğ etməkdir.

Üç gün davam edən festival Qız qalasının qarşısındakı meydanda keçirildi. Bu beynəlxalq tədbirdə dünyanın 20 ölkəsini təmsil edən rəssamlar iştirak edirdilər. Xarici ölkə rəssamları Qız qalasının maketini öz milli üslublarına uyğun olaraq müxtəlif naxışlarla, rənglərlə bəzədilər.

Mətbuatdan bəllidir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ilin may ayında beynəlxalq incəsənət festivalı ilk dəfə İçərişəhərdə keçirildi. Bu tədbirdə də dünyanın 18 ölkəsini təmsil edən 20-dən artıq rəssam iştirak etmişdir.

İncəsənət festivalının Azərbaycanın ən qədim abidələrindən olan Qız qalasının yaxınlığındakı meydanda keçirilməsi həm tarixi keçmişimizlə əcnəbiləri tanış etmək, həm də bu memarlıq nümunəsini dünyaya tanıtmaqdan ibarətdir. Yerli rəssamlar üçün maraqlı olan cəhətlərdən biri xarici fırça ustalarının Qız qalasını necə gördüklərini bilmək idi. Həqiqətən də Qız qalasının əksini maketdə öz duyğu və düşüncələrinin əksi kimi canlandıranlar heyrət və rəğbətlərini gizlədə bilmirdilər. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrinin sintezini, qarşılıqlı mübadiləni əks etdirən maraqlı əsərlər yaratdılar.

Tarixi mənbələrdən məlumdur ki, dünyada 30-dan artıq Qız qalası mövcuddur. Onun 18-i Azərbaycanda yerləşir. Maraqlıdır ki, bu qalaların içində ən möhtəşəmi və qədimi məhz Bakıdakı Qız qalasıdır.

YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi hesab olunan bu abidə Azərbaycan memarlığının incisi olmaqla yanaşı, xalqımızın qədim tarixinin və zəngin ənənələrinin təbliğinə, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır.

Bu festivalın əhəmiyyəti çoxdur. Bir tərəfdən xarici ölkələrdən gəlmiş rəssamlar şəhərimizlə tanış olur, onun gözəlliyindən vəcdə gəlir, əhalinin qonaqpərvərliyindən, mehribanlığından xəbərdar olurdular. Digər tərəfdən də onlar azərbaycanlı sənətkarların bəşər mədəniyyətinə verdikləri töhfələri, inciləri gözləri ilə görürdülər. Bu festivalın yaddaqalan məqamlarından biribudur ki, həm Bakı sakinləri, həm də şəhərimizin qonaqları rəssamların işi ilə yaxından tanış olur, yaranacaq əsərləri əvvəldən sona kimi izləyə bilirdilər.

 Cənubi Qafqazın tolerant məkanı sayılan Bakı dövlət başçısının yaratdığı sabitlik sayəsində illərdir ki, beynəlxalq tədbirlərə, konfranslara, festivallara məmnuniyyətlə və qonaqpərvərliklə ev sahibliyi edir. Şəhərimizin gözəlliyindən, insanlarımızın səmimiliyindən vəcdə gələn rəssamlar söhbət zamanı söyləyirdilər ki, onlar Bakı, onun müxtəlif ünvanları barəsində, xüsusilə də Xəzər dənizinin sahilində gördükləri gözəl mənzərələrlə bağlı təkcə təəssürat bölüşdürməyəcəklər. Həm də yeri gəldikcə, fırçalarını işə salıb Bakı mənzərələri üzərində işləyəcəklər.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 6 iyul.- S.  7.