Açılmamış
səhifələr
Həyatda 53 il ömür sürən şair, ədəbiyyatşünas, tənqidçi Mikayıl Rəfili geniş elmi dünyagörüşə, ədəbi və fitri istedada malik şəxsiyyət olmuşdur. Onun ədəbiyyata ilk gəlişi "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi ilə başlamışdır. Mikayıl Rəfilinin mətbuat, kino tarixində əvəzsiz xidmətləri var. Xarici ölkələrin ədəbiyyat incilərini ana dilimizə tərcümə edərkən o, həm də Avropa ilə Azərbaycan mədəniyyətləri arasında qırılmaz dostluq telləri yaratmışdir. Çoxşaxəli yaradıcılıq yolu keçən Mikayıl Rəfili sevimli tələbələrinə böyük savad, pedaqoji və yaradıcı təfəkkür bəxş etmişdir. Sovet dövründə yaradıcı alimin həyatının qaranlıq səhifələri açılmasa da, sonradan onun vətəninə, xalqına xidməti, gördüyü mühüm işlər yenidən tədqiqatçılar tərəfindən araşdırılmışdır.
Teyyub Qurbanın Mikayıl Rəfilinin ömür yolundan, ədəbi yaradıcılığından və başına gələn müsibətlərdən bəhs edən "Həqiqət olduğu kimi" əsərinin işıq üzü görməsi böyük ədibin ölməz ruhuna hörmət nişanəsidir.
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair-publisist, yazıçı və tədqiqatçı Teyyub Qurbanın "Həqiqət olduğu kimi" kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Şəmistan Nəzirli qeyd etdi ki, müasir dövrdə oxucuların kifayət qədər az tanıdığı ədəbiyyatşünas alim Mikayıl Rəfilinin Azərbaycan dilində əsəri azdır. Yaxşı olardı ki, tədqiqatçı alimin əsərləri yenidən çap edilərək oxuculara təqdim edilsin.
Tədbirdə M.Rəfilinin tələbələri adından şair K.Kələntərov, tədqiqatçı alim E.Əlizadə, S.Sayılov, ziyalılardan C.Həsənli, R.Məmmədzadə, M.Rəhimzadə, F.Qurbansoy, M.Musayev, S.Nəbioğlu, S.Əhmədli çıxış edərək alimin pedaqoji fəaliyyəti dövründə yaddaşlarda qalan xatirələrdən, tərcümə sahəsində, eləcə də ədəbiyyat və mədəniyyət tariximizdə gördüyü fədakarlıqlarından söhbət açdılar. Daha sonra vurğulandı ki, müəllif "Həqiqət olduğu kimi" kitabında Mikayıl Rəfili ilə bağlı oxuculara məlum olmayan hadisələri arxiv materialları əsasında diqqətə çatdırır.
Təranə CƏBİYEVA
Azərbaycan.- 2011.-6 iyul.- S.
7.