Belqradda ATƏT
Parlament Assambleyasının növbəti sessiyası öz
işinə başlamışdır
Belqradda ATƏT Parlament Assambleyasının (PA) 20-ci sessiyası öz işinə başlamışdır. Sessiyada iştirak etmək üçün Azərbaycanın qurumdakı nümayəndə heyəti Serbiyada səfərdədir. Beş gün davam edəcək sessiya "ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni start" mövzusuna həsr olunmuşdur.
Sessiya çərçivəsində qurumun daimi komitəsinin toplantısı keçiriləcək, 2011-2012-ci maliyyə ili üçün büdcəsi və bir sıra təşkilati məsələləri əhatə edən gündəlik təsdiqlənəcəkdir.
Sonra gender məsələlərinin müzakirə ediləcəyi ümumi iclas öz işinə başlayacaqdır.
ATƏT PA-nın komitələrinin iclaslarında ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılacaqdır. Müzakirələrin yekununda müvafiq qətnamələr qəbul olunacaqdır. Qətnamə layihələrində bəşəriyyətin ekstremizm, radikallıq, terrorizm, irqçilik kimi neqativ cərəyanlardan qorunması kimi ciddi problemlər, müasir dünyada kibertəhlükəsizliyin möhkəmləndirilməsində ATƏT-in mövqeyi, qurum daxilində miqrasiya siyasətinin koordinasiyası məsələləri əksini tapmışdır. Bu sənədlərdə ciddi ictimai həyəcan doğuran cinayətlərə, o cümlədən transmilli cinayətlərə, beynəlxalq miqyaslı uşaq oğurluğu hallarına, insan orqanlarının qeyri-qanuni ticarətinə, təchizat sistemində işçi qüvvəsindən alver məqsədilə qeyri-qanuni istifadəyə qarşı mübarizə məsələlərinə də xüsusi yer verilmişdir.
Qadın və kişi bərabərliyinin təmin edilməsi siyasətinin genişləndirilməsi, eləcə də ATƏT PA-da qadınların təmsil olunması məsələsi də diqqət mərkəzində olacaqdır.
AzərTAc
Azərbaycan.- 2011.-7 iyul.- S. 3.