Azərbaycan bizim qürur mənbəyimizdir
"...Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir.
Bizim bir vətənimiz
var - Azərbaycan! Bizim
bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq
ideologiyamız var - azərbaycançılıq
məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar
həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü
Azərbaycan dövləti dayanır və onlar
hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər.
...Biz
hamımız fəxr edirik ki, biz azərbaycanlıyıq".
İlham ƏLİYEV
Bakıda Dünya azərbaycanlılarının III qurultayının keçirilməsi həqiqətən tarixi hadisədir, ölkənin və onun bütün vətəndaşlarının həyatında misilsiz əhəmiyyətə malik bir tədbirdir. Bu isə nə az, nə çox - öz tarixi torpaqlarında və taleyin hökmü ilə ayrı-ayrı ölkələrdə məskunlaşan 50 milyondan artıq Azərbaycan türkü və onunla qaynayıb qarışan, azərbaycanlı adı ətrafında cəmləşən onlarca xalq və onların nümayəndələri deməkdir. Bu birliyə, bu bölünməzliyə gətirib çıxaran yollar isə çətin olduğu qədər də müxtəlifdir.
Əsrlərdən adlayıb gələn bu yolda ilk addımlardan birini ulu öndər Heydər Əliyev atdı. Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi üçün çox böyük səylər göstərən ümummilli liderin təşəbbüsü ilə hələ 1991-ci ildə Naxçıvanda 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması tarixi əhəmiyyətə malik bir hadisə idi. Bu, artıq neçə illərdir hər bir azərbaycanlı üçün əziz bir bayrama, özünü daha yaxşı tanıma və daha yaxşı anlama gününə - Azərbaycanın vahidlik və bütövlük gününə çevrilibdir.
2001-ci ildə ulu öndərin təşəbbüsü ilə Dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi bu yolda daha böyük və uğurlu bir addım oldu. Bu, eyni zamanda, dünya azərbaycanlılarının bir araya gəlməsi, onların fəaliyyətinin günün, dövrün, Vətənin tələblərinə uyğun qurulması baxımından olduqca əhəmiyyətli idi.
Ümummilli liderin müxtəlif illərdə ayrı-ayrı ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla vaxt tapıb görüşməsi, onların fikirlərini dinləməsi, problemlərinə yardımçı olması da diaspor fəaliyyətinə böyük təkan verdi. Amerika, Fransa, Almaniya, Polşa və digər ölkələrdə keçirilən belə görüşlərin bir çox iştirakçısı da artıq III qurultayın işinə qatılanlar arasındadır və ulu öndərlə keçirilən görüşlər indinin özündə də onların yaddaşında yaxşı qalıb. "Mən fəxr edirəm ki, azərbaycanlıyam..." Ulu öndərin vaxtilə söylədiyi bu kəlam artıq dillər əzbəridir. Qurultaydakı çıxışının sonunda Prezident İlham Əliyev bu fikri bir daha yada salaraq belə ifadə elədi: "Biz hamımız fəxr edirik ki, biz azərbaycanlıyıq".
2002-ci ildə ümummilli liderin təşəbbüsü ilə daha bir addım atıldı. Bu, Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması idi. İndi onun adı dəyişdirilərək Diasporla İş üzrə Komitə adlansa da, yaradılarkən qarşısına qoyulan vəzifələr dəyişməyib, əksinə, daha da gücləndirilib. Bu illər ərzində Diasporla İş üzrə Komitənin fəaliyyəti nəticəsində, demək olar ki, dünyanın hər yerində yaşayan azərbaycanlıların diaspor fəaliyyəti olduqca gücləndi, təşkilatlanma işi yeni bir vüsət aldı.
Müstəqilliyini əldə
etdikdən sonrakı 20 il ərzində regionda böyük söz sahibinə çevrilən Azərbaycanın
xaricdə ən yaxşı təmsilçisi, ən yaxın
dostu elə onun öz övladları, bu
torpağın havasını udan, suyunu içən, harada
yaşamasından asılı olmayaraq yurda, kökə bağlı həmvətənləri
oldu. Bugünkü
realıqda isə bu artıq böyük bir güc, beynəlxalq aləmdə baş verən müxtəlif proseslərə
əvəzolunmaz təsir mexanizmi deməkdir.
Dövlət başçısının qurultayda
söylədikləri bunu bir
daha təsdiq edir:
"Bizim xaricdə yaşayan
böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar
öz doğma Vətəninə
bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə
bağlıyıq. Bura bizim
vətənimizdir, hamımızın vətənidir. Müstəqil
Azərbaycan bütün azərbaycanlıların
vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz
var - Azərbaycan dili! Bizim ümumxalq
ideologiyamız var - azərbaycançılıq məfkurəsi!
Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bir yerdə olsunlar. Həmişə bilsinlər ki,
onların arxasında
güclü Azərbaycan
dövləti dayanır
və onlar hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər".
Prezident İlham Əliyev qurultaydakı çıxışında Azərbaycanın son yeddi ildəki nailiyyətlərindən də danışdı. Bu isə hər bir azərbaycanlının qəlbini qürur hissi ilə dolduran uğurlar deməkdir. Belə ki, Azərbaycan iqtisadiyyatı 3 dəfə böyüyüb, ümumi daxili məhsul 309 faiz artıb, yoxsulluğun səviyyəsi 5 dəfə azalıb. Prezident bir daha vurğulayıb ki, Azərbaycanın iqtisadi gücü olduqca artıb, onun Cənubi Qafqazdakı çəkisi 75 faizə çatıb. Ölkə rəhbəri dövlətin və hər bir azərbaycanlının qarşısında duran ən ağrılı problemdən - Qarabağ problemindən danışarkən dedi: "İrəvan anlamalıdır ki, Azərbaycanın potensialı Ermənistanın imkanları ilə müqayisə edilə bilməz. Azərbaycanın iqtisadi potensialı Ermənistanın iqtisadi potensialından 10 dəfə çoxdur. Azərbaycanla rəqabət Ermənistanın gücü deyil. Təkcə Azərbaycanın hərbi xərcləri Ermənistanın büdcəsindən 50 faiz çoxdur".
Qurultayın əvvəlkilərdən bir fərqi də ona daha çox nümayəndənin qatılması, daha böyük ruh yüksəkliyi ilə keçməsi oldu. Qeyd edək ki, 1272 nümayəndənin seçildiyi qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edib. Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç Krallığı, Niderland, İsrail, Özbəkistan, Fransa, Böyük Britaniya, Kanada və digər ölkələrdən gələn nümayəndə heyətinə təqdim olunan filmdə doğma yurdun - Azərbaycanın uğurları, Bakının artan nüfuzu və özünəməxsus gözəlliyi, yenidən tikilməsi, qurulması öz parlaq əksini tapmaqla hamını sevindirirdi. Axı bu, həm də Azərbaycanın uğurlarına sevinmək baxımından əvəzsiz bir qurultay idi. Dövlət başçısının sözləri ilə desək bu, azərbaycanlıların həyatında böyük bir hadisə idi. Belə bir hadisə üçün Vətən və millət həmişə darıxır: "Mən bir daha demək istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların üçüncü qurultayı çox əlamətdar hadisədir. İlk növbədə, ona görə ki, yenə də biz bir yerə yığışdıq. Yenə də həm Azərbaycan xalqına, həm bütün dünyaya göstərdik ki, biz bir yerdəyik. Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir".
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.- 7 iyul.- S. 4.