Bakıda
dünya şöhrətli müğənni Müslüm
Maqomayevin barelyefi açılmışdır
İyulun 6-da zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin Bakıda vaxtilə yaşadığı binada (Fikrət Əmirov, 1) barelyefinin açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, dövlət rəsmilərinin, tanınmış incəsənət və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir sənətkarın ifasında "Azərbaycan" mahnısının səsləndirilməsi ilə başlanmış və elə bu ifa ilə də yekunlaşmışdır.
Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarovun hazırladığı barelyefin üzərindəki ağ örtük götürüldükdən sonra tədbirin iştirakçılarını salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. O, barelyefin açılışının bu günə təyin edilməsinin səbəbini açıqlayaraq demişdir ki, bu gün Müslüm Maqomayevin ömür-gün yoldaşı Tamara Sinyavskayanın ad günüdür. Bu barelyef Tamara xanıma bir hədiyyədir.
Dünyanı fəth edən bariton səsli məşhur musiqiçi Müslüm Maqomayevin ecazkar səsi heç zaman qulaqlarımızdan getməyəcək və bu səs bizə hər zaman zövq verəcəkdir. Zəmanəmizin musiqi dünyasının ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Müslüm Maqomayevin cənazəsinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Moskvadan gətirilərək Bakıda doğma torpağa tapşırılmasını vətənpərvərlik nümunəsi kimi dəyərləndirmişdir. O qeyd etmişdir ki, 2012-ci ildə sənətkarın 70 yaşı qeyd ediləcək və bu münasibətlə silsilə tədbirlər keçiriləcəkdir.
Hər zaman Müslüm Maqomayevin səsinə vurğun olduğunu söyləyən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin demişdir ki, o bizim üçün çox doğmadır. M.Maqomayev Azərbaycan və Rusiya dostluğunun simvollarındandır.
"Müslüm, evinə xoş gəlmisən" sözləri ilə unudulmaz dostunu "salamlayan" xalq artisti Eldar Quliyev M.Maqomayevin bənzərsiz bir ifaçı olmasını önə çəkmişdir.
Xalq artisti Xuraman Qasımova da unudulmaz sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Müslüm Maqomayevin çoxşaxəli sənətkar olduğunu söyləyən barelyefin müəllifi Ömər Eldarov demişdir ki, belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı.
Mərasimin sonunda çıxış edən sənətkarın ömür-gün yoldaşı Tamara Sinyavskaya barelyefin açılmasında zəhməti olan bütün insanlara minnətdarlığını bildirmişdir. O demişdir: "Müslümün vətənində belə böyük bir sevgi ilə anılması mənə mənəvi güc verir. Çox sevinirəm ki, Müslüm hər zaman böyük hörmətlə anılır. Buna görə şəxsən Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq edirəm".
Azərbaycana olan böyük sevgisini də dilə gətirən Tamara Sinyavskaya vurğulamışdır ki, mən hər dəfə Bakıya gələndə mənən zənginləşirəm, buradakı səmimi münasibətlər məni olduqca sevindirir. Bütün bunları gördükdən sonra tam əminliklə deyə bilərəm ki, Müslüm Maqomayev heç vaxt unudulmayacaqdır.
Tədbirdə Rusiyada yaşayan
tanınmış azərbaycanlı müğənni Emin
Ağalarov da iştirak etmişdir.
Azərbaycan.- 2011.-7 iyul.- S. 5.