"Silk Way"
aviasiya şirkətinə məxsus təyyarə Əfqanıstanın
hava məkanında qəzaya uğramışdır
İyulun 5-dən 6-na keçən gecə Əfqanıstanın hava məkanında Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus təyyarə qəzaya uğramışdır. Təyyarənin qəzaya uğradığı Pərvənd qəzasının Siyah Gərd əyalətinin başçısı Əbdülhəlim Mücəddədinin verdiyi məlumata görə, ilkin ehtimala əsasən təyyarə Aksan kəndi yaxınlığında dağa çırpılmışdır.
Təyyarənin məxsus olduğu "Silk Way" aviaşirkətindən verilən məlumata görə, heyət 9 nəfərdən ibarət olmuşdur: Sergey Kuzmin - təyyarə kapitanı (Özbəkistan), Oleq Marşixin - ikinci pilot (Azərbaycan), İqor Çjen - şturman (Özbəkistan), Vladimir Şatobin - bort mühəndisi (Özbəkistan), Əhmədcan Xacayev - bort-rabitəçi (Özbəkistan), Elnur Mahmudov - bort operatoru (Azərbaycan), Tapdıq Qəhrəmanov - bort operatoru (Azərbaycan), Əfqan Rəhimov - aviatexnik (Azərbaycan), Mehman Hüseynov - aviatexnik (Azərbaycan).
Qəza ilə əlaqədar olaraq, "Silk Way Airlines" şirkətində "qaynar xətt" yaradılmışdır: (+994 50) 225-94-60; (+994 12) 437-47-57 (daxili 4031).
Qeyd edək ki, beynəlxalq koalisiya qüvvələrinin (ISAF) rəsmi nümayəndəsi mayor Tim Ceyms təyyarənin ISAF ilə müqavilə üzrə işlədiyini bildirmişdir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası da hadisə ilə əlaqədar məlumat yaymışdır. AzərTAc-a daxil olan məlumatda deyilir ki, Əfqanıstanın hava məkanı idarəetmə xidmətindən daxil olmuş məlumata əsasən, iyulun 6-da gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus
İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilmiş və radarlarda görüntüsü itmişdir. Eyni zamanda, Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 kilometr uzaqlıqda, 4 kilometr hündürlükdə havada işartı gördüyünü bildirmişdir.
Rabitə kəsilən ana qədər təyyarənin heyəti tərəfindən hər hansı nasazlıq və ya qəza şəraiti barədə məlumat daxil olmadığından təyyarənin havada naməlum obyektlə toqquşması ehtimal olunur.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən təyyarə iyulun 5-də yerli vaxtla saat 21:26-da Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportundan göyərtəsində 18 ton yüklə havaya qalxmışdır. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirmiş və hər hansı nasazlıq qeydə alınmamışdır.
Yükgötürmə imkanı 40 ton olan İL-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunmuşdur və sonuncu dəfə 2011-ci ilin fevralında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçmişdir.
Təyyarədə 9 heyət üzvü olmuşdur. Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü, 4 min 576 saat uçuş təcrübəsi olan pilot Sergey Kuzmindir.
Bu aviasiya hadisəsinin
araşdırılması üçün komissiya
yaradılır və Əfqanıstanın aviasiya rəhbərliyi
ilə razılaşdırılaraq hadisə yerinə mütəxəssislərin
uçuşu planlaşdırılır. Hadisə ilə
bağlı daha ətraflı məlumat komissiyanın
araşdırmalarından sonra veriləcəkdir.
Azərbaycan.- 2011.-7 iyul.- S.
5.