Vətənin keşiyində layiqincə dayanan müzəffər Azərbaycan Ordusu

 

Müasir dünya reallığında dövlətin qüdrətini xarakterizə edən əsas məqamlardan biri onun yüksək döyüş qabiliyyəti ilə seçilən silahlı qüvvələrə malik olmasıdır. Çünki belə qüvvələr təhlükəsiz şəraitdə inkişafın davam etdirilməsinin, ölkənin mümkün kənar müdaxilələrdən etibarlı şəkildə müdafiəsinin əsas təminatçısı qismində çıxış edirlər. Bu mənada təsadüfi deyil ki, dünyanın ən inkişaf etmiş dövlətləri həm də yüksək hazırlıqlı silahlı qüvvələrə, o cümlədən peşəkar orduya malik olmaları ilə fərqlənir. Yüksək tərəqqi səviyyəsinə görə dünya dövlətlərinin reytinq cədvəlinə rəhbərlik edən ölkələrin siyahısına nəzər yetirməklə də bunun konkret sübutunu görmək mümkündür.

Hazırda beynəlxalq miqyasda ən dinamik inkişaf edən ölkələrdən biri kimi qəbul edilən Azərbaycanda yaşanan tərəqqiyə paralel olaraq döyüş qabiliyyəti, peşəkarlığı ilə seçilən Silahlı Qüvvələr formalaşıb. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət Silahlı Qüvvələr sırasında öz xüsusi çəkisi ilə seçilən müzəffər Azərbaycan ordusunun yaranması ilə nəticələnib. Regionun ən güclü silahlı qüvvələri olaraq qəbul edilən Azərbaycan ordusu döyüş hazırlığı, maddi-texniki təminatı baxımından MDB, Şərqi Avropa məkanında da birincilər sırasında yer alır. Ordumuzun sürətli inkişafı həm Azərbaycanın dinamik tərəqqi tempi, həm də ölkəmizin ərazilərinin bir qisminin hələ də işğal altında olması ilə şərtlənir. Artıq Azərbaycan ordusu istənilən an ölkənin ərazi bütövlüyünü bərpa etməyə hazırdır və bunu düşmən tərəf də yaxşı bilir. Lakin problemin sülh yolu ilə həllinə ümidlər tükənmədiyindən hələ ki, Azərbaycan müharibə variantına əl atmaq istəmir. Eyni zamanda, ölkəmizdə ordunun güclənməsi, onun maddi-texniki təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin miqyası davamlı olaraq genişlənir. Çünki Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün olmasa, onda beynəlxalq hüquq normalarına müvafiq olaraq güc vasitəsilə ölkəmizin ərazi bütövlüyünün bərpası qaçılmaz olacaq.

Təqdirəlayiq haldır ki, ordunun maddi-texniki təminatında yerli istehsal olan məhsulların xüsusi çəkisi daim artmaqda davam edir. Belə məhsullar müasir tələblərə cavab verməklə yanaşı, həm də yüksək keyfiyyəti ilə seçilir. Digər tərəfdən, ordu ehtiyaclarının ödənilməsi üçün yeni məhsul növlərinin yaradılması da diqqət mərkəzindədir. Elə bunun nəticəsidir ki, ötən illərlə müqayisədə indi ölkəmizdə daha geniş çeşiddə hərbi təyinatlı məhsul istehsal edilir. Hazırda ölkəmizdə 430 adda hərbi təyinatlı məhsul buraxılır və gələcəkdə onların çeşidinin daha da artırılması nəzərdə tutulur. Bütün bunlar qarşıdakı müddətdə Silahlı Qüvvələrin maddi-texniki təminatında yerli istehsal olan məhsulların xüsusi çəkisinin daha da artacağını deməyə əsas verir. İyunun 26-da Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə keçirilən təntənəli hərbi paradda Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur. Azərbaycanda istehsal olunan hərbi texnika yüksək səviyyədədir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir. Bir sözlə, ordumuzun hərbi imkanlarını, potensialını gücləndirmək üçün nə lazımdırsa, Azərbaycan dövləti onu edir".

İqtisadi inkişafa müvafiq qaydada hərbi xərclərin artırılması ordumuzun maddi-texniki təminatının, o cümlədən silah-sursatla təchizatının daha modern hala gəlməsinə imkan verir. Hazırda Azərbaycan Silahlı Qüvvələri həm yerli istehsal, həm də xaricdən alınan texnika hesabına öz döyüş qabiliyyətini artırır. Hərbi təyinatlı yerli məhsulların istehsal həcminin artması və daha geniş çeşiddə məhsul buraxılışı ordunun və digər silahlı qüvvələrin əsas etibarı ilə daxili imkanlar hesabına maddi-texniki təminatının güclənməsinə imkan verir. Özübu, Silahlı Qüvvələrin demək olar ki, bütün növlərinə şamil edilir. Görülən işlər sayəsində həm yerli istehsal, həm də xaricdən alınan texnika hesabına ordumuzun pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən qoşunxüsusi təyinatlı bölmələrdə fərdi gecəgörmə vasitələri, eləcə də digər texniki avadanlıqlarla təminatı daha da yüksəlib. Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti müasir silahtexnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilib. Bu isə yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsinə imkan verir. Hərbi birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işlərinin aparılması, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işlərinin başa çatdırılması sayəsində maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini ordumuz hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə edib. Artıq yeni silah sistemlərinin alınması və quraşdırılması sayəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir.

Hərbi hava, dəniz qüvvələrinin döyüş qabiliyyətinin artırılması istiqamətində də görülən işlərin miqyası genişləndirilir. Bu da Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısında üstünlüyünü bir daha artırır. Azərbaycanda inşa edilən yeni gəmi zavodu işə düşdükdən sonra həm də hərbi təyinatlı gəmilərin, katerlərin istehsalı həyata keçiriləcək. Ölkəmizdə artıq müxtəlif növ pilotsuz uçuş aparatlarının istehsalı istiqamətində mühüm nailiyyətlərə imza atılıb. Yenimüasir tələblərə cavab verən hərbi təyinatlı məhsulların istehsalı məqsədilə isə Azərbaycan dünyanın bir çox ölkələri, qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq edirbu da öz müsbət nəticələrini verməkdədir. Belə ki, aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə müxtəlif xarici firma və şirkətlərlə edilən sıx əməkdaşlıq bu texnologiyaların ölkəmizdə yüksək keyfiyyət əsasında istehsalına imkan verib. Hazırda müxtəlif tipli minaatanların, qumbaraatanların, snayper tüfənginin, optik nişangahların, kollimatorların, minaların, atəş yığımlarının, aviasiya bombalarının, müxtəlif növ atıcı silahlar üçün trenajorların, tank və piyadaların döyüş maşınları üçün tırtıl dəstlərinin, müxtəlif növ patronların, əl qumbaralarının və digər məmulatların seriyalı istehsalı isə ordumuzun maddi-texniki bazasının davamlı şəkildə güclənməsində müstəsna rol oynayır. Bundan başqa, ölkənin müdafiə sənayesində yaradılan müəssisə və zavodlar təkcə hərbi təyinatlı məmulatların istehsalı ilə deyil, eyni zamanda, xalq təsərrüfatının bütün sahələri üçün müxtəlif məhsulların hazırlanması ilə də məşğul olur. Məsələn, neft-qaz sənayesində istifadə olunan fontan armaturları, fontan siyirtmələri, terminalda qazın qəbulu sistemi, tənzimlənmə və ölçü qovşaqlarının avtomatlaşdırılmış məlumat-nəzarət sistemləri, neft quyularının, dağ-mədən işlərinin perforasiyası üçün müxtəlif ölçülü perforatorlar, traktorlar üçün tırtıllar, biryarusluikiyaruslu çarpayılar, səyyar yemək termosları, smart-kartla işləyən qaz sayğacları, rəqəmsal işıqforlar, müxtəlif güclü akkumulyator batareyaları və sair artıq ölkəmizin müdafiə sənayesində yaradılan müəssisə və zavodlarda istehsal edilir.

Yaradılmaqda olan yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıqlar hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin qarşıdakı dövr ərzində daha da artacağı gözlənir. Ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması da bu məqsədə xidmət edən əsas amillərdən biridir.

Ordumuzun yüksək mənəvi-psixoloji hazırlığa malik olması da onun yüksək döyüş qabiliyyətini xarakterizə edən əsas göstəricilərdəndir. Hərbi vətənpərvərlik ruhunun yüksəkliyi, Azərbaycan əsgərinin qisas yanğısı ilə alışıb-yanması da düşməni kifayət qədər qorxudur. Milli Qəhrəman Mübariz İbrahimovun bu mənada ermənilərə verdiyi dərs tarix boyu düşmənin yaddaşından silinməyəcək! Və düşmən onu da yaxşı bilir ki, bu gün Azərbaycan ordusunda Mübarizlərin sayı yüzlərlə, minlərlədir.

Ordumuzun yüksək döyüş qabiliyyəti və maddi-texniki təminata malik olmasını xalqımız, eləcə də bütün dünya, o cümlədən düşmən Ermənistan hələ 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradda aydın gördü. 2009-cu və 2010-cu ilin iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə keçirilən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi də Silahlı Qüvvələrin yenilməzliyindən, müzəffərliyindən xəbər verən mühüm tədbirlər oldu. Bu ayın 26-da keçirilən hərbi parad isə Azərbaycan Silahlı Qüvvələrinin daha da modern hala gəldiyini, yüksək döyüş qabiliyyətinə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəm tədbirdə Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, eləcə də qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 6 min nəfərlik şəxsi heyəti, 400-dək hərbi texnikasilah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-dək silah, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları iştirak edib. Burada nümayiş etdirilən əsgəri texnikanın müəyyən hissəsinin yerli istehsal olması, bir çoxunun modernizasiyasının məhz Azərbaycanda həyata keçirilməsi paradı izləyən hər bir azərbaycanlının çox böyük qürur hissi keçirməsinə səbəb oldu.

Paradda daha bir önəmli məqam burada iştirak edən şəxsi heyətin sıralarında Azərbaycan hərb məktəbinin yetirmələrinin, kursantlarının olması idi. Ümummilli lider Heydər Əliyevin 40 il öncə yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantlarının, quru qoşunlarının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, ali hərbi dənizçilik, ali hərbi təyyarəçilik məktəblərinin kursantlarının təntənəli mərasimlə Azadlıq meydanında Ali Baş Komandanın dayandığı tribunanın önündən keçmələri Vətənimizin müdafiəsinin bundan sonra da etibarlı əllərdə olacağını göstərir. Ölkəmizin qorxmaz, igid övladları - beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyası, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbçiləri, Silahlı Qüvvələrin dəniz piyadaları, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bölməsi, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları da bu paradda Azərbaycanın yenilməz silahlı birləşmələrə malik olduğunu göstərdi.

Bununla yanaşı, hərbi parad Azərbaycan ordusunun qüdrətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, həm də onun hər an işğal altındakı əraziləri yağı tapdağından azad etməyə qadir olduğunu bir daha düşmənə xatırladan mühüm mesaj idi.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-7 iyul.- S. 6.