Hüquq elmində dəst-xətti olan alim

 

Ziyalılıq elə bir zirvədir ki, bu ucalığa qovuşanlar yüksək mənəvi keyfiyyətləri, sağlam həyat amalı və şəxsiyyətlərinin bütövlüyü ilə çoxlarından fərqlənirlər. Belə insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha aydın duyulur. Elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə onu tanıyanların rəğbətini və hörmətini qazanmış belə ziyalılardan biri də AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor Bəhram Saffan oğlu Zahidovdur. Uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış B.Zahidov 2004-cü ildə istefaya çıxdıqdan sonra fəaliyyətini elmə bağlamış, bununla da, əsl ziyalı imicini tamamlamışdır. Tədqiqatçı kimi özünü tam təsdiqləmiş, gərgin yaradıcı axtarışları ilə hüquq elmi sahəsində bir sıra yeniliklərə imza atmışdır. Hüquq elminin müxtəlif sahələrinə dair biri-birindən maraqlı 15 monoqrafiya, dərslik, kommentariya, 130-dan çox məqalə çap etdirmişdir. Onun qələmə aldığı elmi nəşrlər dərin məzmun yükü və səviyyəsi ilə bu gün nəinki ali məktəb tələbələri, hətta yetkin tədqiqatçılar üçün də zəngin mənbədir.

Ömrünün 60-cı ilini qarşılamağa hazırlaşan baş ədliyyə müşaviri, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Hüquq Elmləri üzrə Respublika Problem Şurasının sədr müavini, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına mükafatın laureatı professor Bəhram Zahidov fəaliyyəti müddətində əsl elm adamı, vətənini, torpağını sevən ziyalı, tanınmış hüquqşünas-alim kimi daim seçilmiş, dərin hörmət və nüfuz qazanmışdır.

O, 1951-ci ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olmuşdur. Orta məktəbi, Bakı Dövlət Universitetinin hüquq fakültəsini, SSRİ Baş Prokurorluğunun Sankt-Peterburq şəhərindəki İstintaq İşçilərini Təkmilləşdirmə İnstitutunu uğurla başa vurmuşdur. Alim qəsdən adam öldürmə, narkobiznes, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizənin hüquqi və kriminoloji problemlərinə həsr edilmiş çoxsaylı əsərlərin müəllifi və bu sahədə beynəlxalq ekspertdir.

Taleyində ulu öndər Heydər Əliyevin müstəsna rolu olduğunu tez-tez vurğulayan Bəhram müəllim deyir ki, "70-ci illərdə ümummilli liderin hüquq fakültəsinə qəbulla bağlı gördüyü tədbirlərin və hüquq-mühafizə orqanlarında apardığı təmizləmə siyasətinin nəticəsində mən hüquq fakültəsində oxumaq imkanı qazandım. Ali təhsilli hüquqşünas və Sov.İKP üzvü kimi Moskva Hərbi Dairəsində xidmətdə olarkən respublika rəhbərinə ünvanladığım müraciətim cavabsız qalmadı. Qısa vaxt ərzində məni prokurorluq orqanlarına işə qəbul etdilər. Bir müddət işlədikdən sonra prokuror müavini vəzifəsinə keçirildim. Beş il sonra müstəqil olaraq rayon prokuroru kimi məsuliyyətli bir vəzifəyə təyin edildim. Uğurla işlədim. Müsbət iş təcrübəm yayıldı. Buna baxmayaraq, Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra respublikanın xalq deputatı olsam da, Sabirabad rayon prokuroru vəzifəsindən qanunsuz olaraq azad edildim. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra mənim də pozulmuş hüquqlarım bərpa edildi. Mən Bakı şəhərinin Xəzər (Əzizbəyov) rayon prokuroru vəzifəsinə təyin edildim. Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyasının üzvü seçildim. Bütün bunlar həm də onlarla sadə və zəhmətkeş insanlara Heydər Əliyevin qayğı və diqqətinin nümunəsi kimi səciyyələndirilməlidir".

Bəhram Zahidov həm orta məktəbdə oxuyarkən, həm də tələbəlik illərində elmi və bədii yaradıcılığa böyük həvəs göstərirdi. Onun elmi məqalələri, bədii əsərləri mətbuatda dərc edilirdi. O, peşəkar hüquqşünas olmaqla yanaşı, eyni zamanda, həm Yazıçılar, həm də Jurnalistlər Birliyinin üzvüdür. "Qızıl qələm" mükafatı laureatıdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bəhram müəllimin tədqiq etdiyi mövzular nəinki hüquqşünasların, habelə digər elm sahələrinin mütəxəssisləri tərəfindən də yüksək dəyərləndirilir. Onun tədqiqat obyektləri olduqca rəngarəng və çoxistiqamətlidir. Cəmiyyəti və dövləti narahat edən problemlər, onların kriminoloji xüsusiyyətlərinin peşəkarlıqla üzə çıxarılması, proqnozlaşdırılması və profilaktikası sahəsində çoxsaylı elmi məqalələri və monoqrafiyaları oxucuların daim böyük marağına səbəb olmuşdur. Bəhram Zahidov hələ Quba Rayon Prokurorluğunda işləyərkən qısqanclıq motivi əsasında qəsdən adam öldürmə ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri üzərində araşdırmalar aparmağa başlamışdır. Onun "Qısqanclıq motivi ilə qəsdən adam öldürmə ilə mübarizənin problemləri" adlı monoqrafiyası hüquqşünaslar, psixoloqlar, həkimlər, ümumiyyətlə, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bu monoqrafiya Azərbaycan və rus dillərində dəfələrlə nəşr edilmiş, hazırda isə onun ingilis dilinə tərcüməsi üzərində iş davam etdirilir.

Dünyada gedən qlobal proseslər mütəşəkkil cinayətkarlığın ən təhlükəli növlərinin, o cümlədən terrorçuluğun maliyyə mənbələrindən biri olan narkobiznesin sürətlə artması və genişlənməsi ilə səciyyəvidir. Lakin narkobiznes bir çoxcəhətli kriminal təzahür kimi hüquq elmində ən az tədqiq edilən mürəkkəb problemlərdən biri olmuşdur. Bəhram Zahidovun doktorluq dissertasiyası məhz bu problemlə bağlı idi. Mövzunun kifayət qədər çətin, aktual və mürəkkəb olmasına baxmayaraq o, artıq 20 ildən çox idi ki problemi nəzəri və təcrübi cəhətdən tədqiq edirdi. Bütün bunlar onun araşdırmasının əsas predmetini təşkil edirdi. Buna görə də narkobizneslə mübarizə sahəsində dünya təcrübəsini, BMT-nin konvensiyalarını, çoxsaylı xarici elmi ədəbiyyatları, istintaq və məhkəmə təcrübəsini diqqətlə öyrənməklə o, narkobizneslə mübarizənin cinayət-hüquqi və kriminoloji problemlərinin kompleks tədqiqini uğurla başa çatdıra bilmişdir. Onun apardığı araşdırmalar beş monoqrafiyanın mövzusunu təşkil etmiş, cinayət qanunvericiliyinin bununla bağlı ayrı-ayrı normalarının təkmilləşdirilməsinə, narkotik vasitələr, psixotrop maddələr və prekursorlar haqqında yeni qanun layihəsinin hazırlanmasına imkan vermişdir. Bəhram müəllim BMT-nin narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı XXI əsrin yeni konvensiyasının hazırlanması ideyasını irəli sürmüşdür. Bu ideya beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilmişdir. Eləcə də onun bilavasitə yaxından iştirakı ilə Azərbaycan Respublikasında "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanun 28 iyun 2005-ci il tarixdə qəbul edilmiş, artıq qüvvəyə minmiş və tətbiq olunmağa başlanılmışdır.

2005-ci ildə Bəhram Zahidovun doktorluq dissertasiya işi respublikanın görkəmli hüquqşünas alimləri tərəfindən çox yüksək qiymətləndirilmiş və ona hüquq elmləri doktoru alimlik dərəcəsi verilməsi haqqında yekdil səslə qərar qəbul edilmişdir.

Narkobizneslə mübarizə probleminin əhəmiyyətini nəzərə alaraq Bəhram müəllim, eyni zamanda, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli qanunun elmi kommentariyasını hazırlamış və 2009-cu ildə onu "Qanun" nəşriyyatında çap etdirmişdir.

Bəhram Zahidovun "Heydər Əliyevin hüquqi dövlət quruculuğu siyasətinin əsas istiqamətləri", "Xocalı hadisələri - əsrin faciəsidir", "Narkotizm və islam", "Dağlıq Qarabağ münaqişəsi və narkobiznes", "Şəxsi azadlıq hüququnun cinayət hüququ mühafizəsinin bəzi problemləri", "Çirkli pulların yuyulması əməlləri ilə mübarizənin profilaktikası", "Keçid dövrü və narkobiznes", "Narkobiznes və terror", "Narkotizmlə mübarizə problemi bədii ədəbiyyatda", "Hüquq islahatları - günümüzün zərurətidir", "Hüquqi dövlətdə din-dövlət münasibətlərinin tənzimlənməsinin aktual məsələləri", "Təbiətin mühafizəsi müqəddəs vəzifədir", "Qısqanclıq motivi ilə qəsdən adam öldürmənin problemləri", "Azərbaycan Respublikasında cinayət qanunvericiliyinin təkmilləşdirilməsi problemləri", "Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri", "Məişət zorakılığının profilaktikası", "Qəsdən adam öldürmənin profilaktikası", "Narkotizmin və narkobiznesin profilaktikası", "Narkotizmlə mübarizə siyasətinin bəzi aspektləri", "Narkobiznes və qloballaşma", "Narkotizmin tarixi haqqında bəzi qeydlər", "Narkomanın sosial portreti", "Əməliyyat-axtarış fəaliyyətinin qanuniliyi üzərində prokuror nəzarətinin bəzi məsələləri", "Məişət zorakılığı ilə mübarizədə ailənin rolu" və digər çoxsaylı monoqrafiyaları, məqalələri oxucuların böyük marağına səbəb olmuşdur.

Bəhram müəllim ölkədə hüquqi islahatların həyata keçirilməsində, normativ-hüquqi aktların layihələrinin hazırlanmasında, onların müzakirəsində fəal iştirak edir, onlarla qanun layihələrinin - Cinayət Məcəlləsinin, "Prokurorluq haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunların, narkotik vasitələr, psixotrop maddələr və prekursorlar haqqında, məişət zorakılığı, ailə, qadın və uşaq məsələləri üzrə, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, çirkli pulların yuyulmasına və digər məsələlərə dair layihələrin işlənməsində fəal iştirak etmişdir. O, "Təhsil haqqında" və "Elmi fəaliyyət haqqında" qanunların hazırlanmasında öz səyini əsirgəməmişdir.

B.Zahidov vətənpərvər bir ziyalıdır. O, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlayaraq fəal iş aparmış, ictimai asayişin qorunmasında, qanunçuluğun möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyəti, keçmiş SSRİ və respublika prokurorluğu tərəfindən dəfələrlə mükafatlandırılmışdır. O, Tərtər rayonunda prokuror işləyərkən özünümüdafiə qərargahının sədr müavini kimi rayonun və onun sakinlərinin erməni silahlı birləşmələrindən qorunmasını təşkil etmiş, dəfələrlə erməni silahlıları ilə üz-üzə gəlmişdir. Bəhram müəllim, sonradan Şamaxı, Sabirabad və Xəzər rayonlarında işləyərkən də tez-tez cəbhə bölgələrində olmuş, Ağdamı, Xocalını, Tərtəri qoruyan Milli Ordunun əsgərlərinə maddi və mənəvi yardımlar göstərmişdir. O, deputat olduğu 5 il ərzində Şamaxı rayonundakı şəhid ailələrinə hər cür kömək göstərmişdir. 1992-ci ilin mart ayında Milli Məclisin tribunasından etdiyi məruzəsində Xocalıda baş vermiş cinayətlərin "soyqırımı" olduğunu hüquqi cəhətdən tam əsaslandırmış, müharibə aparan ölkənin milli təhlükəsizlik konsepsiyasının, hərbi doktrinasının təxirəsalınmadan hazırlanmasının vacibliyi ideyasını irəli sürmüşdür. Sonralar hər iki konsepsiya uğurla hazırlanmış və qəbul edilmişdir.

Bəhram müəllim ölkənin ali məktəb tələbələri üçün nəzərdə tutulan "Heydər Əliyevin hüquqi islahatları", "Azərbaycan dövlətçiliyinin hüquqi təminatı", "Azərbaycanın dövlət və hüquq tarixi" və digər fənlər üzrə çoxsaylı tədris proqramlarının müəllifidir. B.Zahidov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ekspert şurasının üzvü, birdəfəlik dissertasiya şurasının sədri, elmi seminarın rəhbəri kimi elmi kadrların yetişdirilməsində, ixtisaslarının artırılmasında, elmi adların verilməsində öz səylərini əsirgəmir. Bu gün məhkəmə, prokurorluq və polis orqanlarında, elmi-tədqiqat institutlarında və ali məktəblərdə onlarla şəxs Bəhram müəllimin məktəbinin yetirməsi olduqları ilə fəxr edirlər.

B.Zahidov prokurorluq orqanlarında şərəfli bir ömür yolu keçmişdir. O, Quba, Tərtər, Şamaxı, Sabirabad, Bakı şəhərinin Xəzər rayonu prokurorluqlarında, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mərkəzi Aparatında prokuror və böyük prokuror vəzifələrində işləyərkən prinsipiallığı, cəsarəti, habelə insanpərvərliyi və qayğıkeşliyi, təşkilatçılığı ilə özünə böyük hörmət qazanmışdır. Fəaliyyəti dövründə nümunəvi xidmətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Bəhram müəllim, bütün rütbə dərəcələrini növbədənkənar və mükafat qaydasında alaraq, cəmi 11 ildən sonra baş ədliyyə müşaviri rütbəsinə qədər yüksəlmişdir.

Bəhram müəllim "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın, "Azərbaycan Respublikasının Konstitusiyası" layihəsinin, habelə müstəqillik illərində çoxsaylı normativ-hüquqi aktların layihələrinin hazırlanması, müzakirəsi və qəbulunda fəal iştirak etmişdir.

B.Zahidov hazırda ömrünün müdriklik çağına qədəm qoymuşdur. Əminik ki, görkəmli hüquqşünas-alim və elm təşkilatçısı bundan sonra da öz xeyirxah əməlləri və elmi yaradıcılığı ilə bizi daim sevindirəcəkdir. Bu yolda ona uzun ömür və möhkəm cansağlığı arzu edirik.

 

 

Vaqif FƏRZƏLİYEV,

Azərbaycan Milli Elmlər

Akademiyasının akademik-katibi,

akademik

 

Azərbaycan.- 2011.-7 iyul.- S. 7.