Mədəniyyətimizin tarixinə dair dəyərli tədqiqat

 

Orta əsrlərdə müxtəlif elm sahələri ilə məşğul olmuş azərbaycanlı alimlər islam mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərmişlər. Ərəbdilli mənbələrdə bu alimlər tez-tez xatırlanır, onların yaradıcılığından söhbət açılır, elm aləmində rolları qeyd olunur. Belə qiymətli mənbələrdən biri də XII əsrdə yaşayıb-yaratmış məşhur tarixçi, filoloq və mühəddis Əbu Səəd Əbdülkərim ibn Məhəmməd əs-Səmaninin altıcildlik "Kitab əl-Ənsab" ("Nisbələr kitabı") əsəridir. Əsas etibarilə Mərkəzi Asiya alimlərindən bəhs edən əsərdə azərbaycanlı elm adamlarına da geniş yer ayrılmışdır. Nisbəni, yəni, yer, qəbilə mənsubiyyətini əsas götürərək ziyalılar haqqında məlumat verən əs-Səmani öz dövrü ilə kifayətlənməyib, IX-XI əslərlərdə yaşamış alimlərin həyat və yaradıcılığına da toxunur. Əhatə dairəsinin genişliyinə görə ensiklopedik səciyyə daşıyan "Kitab əl-Ənsab"ı yazarkən müəllif bir çox etibarlı tarixi mənbələrə istinad etmiş və bununla, əsərdə verdiyi məlumatların dəqiqliyini təmin etmişdir.

"Kitab əl-Ənsab" dünya şərqşünaslarının diqqətini çoxdan cəlb etmişdir. Vaxtilə İ.Kraçkovski, V.Bartold, V.Jukovski, Z.Bünyadov, M.Mahmudov, Z.Məmmədov və digər görkəmli şərqşünaslar "Kitab əl-Ənsab"ın Mərkəzi Asiyanın və Azərbaycanın mədəniyyət tarixinin və tarixi coğrafiyasının, elmi fikrinin inkişaf yolunun öyrənilməsində əhəmiyyətini qeyd etmişlər. İndiyədək ayrı-ayrı azərbaycanlı tədqiqatçılar "Kitab əl-Ənsab"a tarixi mənbə kimi müraciət etsələr də, bu əsər kompleks şəkildə araşdırılmamışdı. Tarix üzrə fəlsəfə doktoru Nərgiz Əliyevanın "Əs-Səmaninin "Kitab əl-Ənsab" əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi" monoqrafiyası bu boşluğu doldurur.

Tədqiqatçı tarixi mənbəni araşdıraraq burada müxtəlif elm sahələrində tanınmış 120-dən artıq azərbaycanlının adlarını aşkarlamışdır. Onların əksəriyyəti əsas etibarilə hədis elmi ilə məşğul olmuş mühəddislər - hədis biliciləridir. Əs-Səmaninin bəhs etdiyi azərbaycanlı mühəddislərin bir çoxu hədis elmini müsəlman Şərqinin məşhur təhsil ocaqlarında böyük ustadlardan öyrənmiş, sonralar özləri də bu sahədə təcrübə və nüfuz qazanaraq siqə (hədisi ən düzgün bilən) kimi tanınmışlar. "Kitab əl-Ənsab"da azərbaycanlı mühəddislərin həm müəllimləri, həm də onlardan hədis öyrənmiş tələbələri haqqında məlumat verilir. Mənbədə həmçinin hədis elmi ilə bu və ya digər dərəcədə əlaqəsi olmuş azərbaycanlı sufilər, dilçilər, ədəbiyyatşünaslar və şairlərin adları çəkilir.

Əs-Səmani hədis toplamaq üçün çıxdığı səyahətlər zamanı Azərbaycan şəhərlərindən yalnız ikisinə səfər etmişdir. Bununla belə, o, əslən azərbaycanlı olan çoxsaylı alimlərlə Xilafətin müxtəlif mədəniyyət mərkəzlərində görüşmüş, onlarla ünsiyyət qurmuşdur. Belə görüşlər zamanı "Kitab əl-Ənsab"ın müəllifi bu alimlərin təkcə özləri barədə yox, həm də onların ölkələri, təhsil aldıqları mədrəsələr və müəllimləri haqqında məlumat toplamışdır. Ziyalılarımızın mənşəyi, doğulduqları yaşayış məntəqələri, təmasda olduqları insanlar, elmi mühitdə və ictimai həyatda tutduqları mövqe barədə məlumatlar mədəniyyətimizin tarixinin tədqiqində böyük əhəmiyyət kəsb edir. Odur ki, mütəxəssislərin fikrincə, "Kitab əl-Ənsab" olmadan Azərbaycan mədəniyyətinin, elmi fikrinin tarixini izləmək mümkün deyil.

Əsərdə əs-Səmani Azərbaycanın ayrı-ayrı şəhərlərində təşkil edilən elmi məclislərə, bu məclislərdə gedən müzakirələrə toxunur, fəzilətli, nüfuzlu alimlərin adlarını qeyd edir. "Kitab əl-Ənsab"dan məlum olur ki, Azərbaycan şəhərləri arasında Gəncə elmi məclislərin təşkil olunduğu əsas məkanlardan biri imiş. Şəhərdə keçirilən elmi məclislərdə İbn Makula kimi görkəmli alim də iştirak etmiş, Gəncə kitabxanasının mühafizi, naxçıvanlı mühəddis Əbülfəzl Xodadad ibn Asim ibn Bəkran ən-Nəşəvinin söylədiyi hədislərə qulaq asmışdır. Diqqətəlayiq haldır ki, əs-Səmavi ən-Nəşəvini İbn Makula kimi böyük alimin ustadı kimi təqdim edir. Bu isə naxçıvanlı alimin dövrünün sayılıb-seçilən simalarından olduğunu göstərir. Tarixi mənbədə verilmiş məlumatlar həmçinin Naxçıvanda, Şirvanda və Azərbaycanın digər bölgələrində mövcud olmuş elmi mühit barədə təsəvvür yaradır.

"Kitab əl-Ənsab" bioqrafik əsər olsa da, Azərbaycanın tarixi cöğrafiyası haqqında maraqlı faktları da əhatə edir. Əs-Səmaninin söhbət açdığı azərbaycanlı ziyalıların mənsub olduqları yaşayış məntəqələrinin sayı 40-a yaxındır. Onların arasında bir vilayət, bir nahiyə, bir yer, 4 böyük şəhər, 6 orta böyüklükdə şəhər, 17 kiçik şəhər (qəsəbə), 2 kənd var. Monoqrafiyada bu toponimlər haqqında məlumatlar digər tarixi mənbələrdə verilmiş materiallarla müqayisəli şəkildə təhlil edilir. Tədqiqat nəticəsində aydın olur ki, əs-Səmaninin əslən azərbaycanlı olan alimlərin çıxdıqları yerlər haqqında verdiyi məlumatlar qısa olsa da, mahiyyət etibarilə son dərəcə qiymətlidir və bəzən Azərbaycanın tarixi coğrafiyasına dair ilk mənbə rolunu oynayır. Ziyalılarımızın mənsub olduqları yaşayış məntəqələrindən başqa, müəllif bu və ya digər alimin anadan olduğu, təhsil aldığı, fəaliyyət göstərdiyi, vəfat etdiyi, həmçinin hədis toplamaq üçün səyahət etdiyi şəhərlərin adlarını da çəkir. Bu tarixi mənbə əsasında həmçinin bəzi yaşayış məntəqələri arasında məsafələri təyin etmək mümkündür. Məsələn, əs-Səmaninin Azərbaycanın ucqarlarında yerləşən iki şəhər - Bərdə və Bərdic arasında məsafə barədə məlumat verir. Həm də bu məlumatı təqdim edərkən onun mənbəyini göstərir və bərdəli alim Əbu Bəkr Məhəmməd ibn Əli Əs-Sabuni əl-Bərdəiyə istinad etdiyini yazır: "Mən ondan Bərdə və Bərdic haqqında soruşanda dedi: Bərdədən Bərdicə 14 fərsəxdir (90-100 kilometr-red.), Bərdicin kənarından Bağdaddakı Dəclə kimi böyük olan Kür çayı axır". Diqqətəlayiq haldır ki, əs-Səmanidən sonra yaşayıb-yaratmış bir sıra tarixçilər və coğrafiyaşünaslar "Kitab əl-Ənsab"da verilmiş faktların dəqiqliyinə şübhə etməyərək ondan etibarlı mənbə kimi istifadə etmişlər. Yeri gəlmişkən, ötən əsrdə Şərqin böyük şairi Rudəkinin doğma kəndini və qəbrini məhz əs-Səmanin verdiyi məlumat əsasında tapmaq mümkün olmuşdur.

Tədqiqatçı "Kitab əl-Ənsab"da azərbaycanlı ziyalılardan bəhs edən hissələrin həm ərəbcə orijinalını, həm də tərcüməsini kitaba əlavə etmişdir. Bütövlükdə monoqrafiya müəllifinin sözügedən tarixi mənbəni araşdırarkən gəldiyi nəticələr milli mədəniyyətimizin tarixinin öyrənilməsinə əhəmiyyətli töhfə kimi qiymətləndirilməlidir.

 

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2011.- 7 iyul.- S. 7.