Şirvan xəzinəsinə aparan
yollar
Azərbaycan torpaqlarının
yeraltı və yerüstü sərvətlə - xəzinə
ilə dolu olması yaxın-uzaq düşmənlərin,
onlara göz dikənlərin zaman-zaman
rahatlığını pozub. Ona görə də yadellilər
bu torpağı torba ilə daşımaqdan belə, çəkinməyiblər.
Tarixən
başı qalmaqallar çəkmiş obalarımızdan biri
Şirvan ərazisidir. Əfsanə və rəvayət
formasında bizə gəlib çatan tarixi məlumatlarda
göstərildiyinə görə, Şirvan dağlarında
xəzinə gizlədilib. Guya, Makedoniyalı İsgəndər
dünyanı fəth edərkən topladığı xəzinəni
Şirvana göndərib. Həmin xəzinənin
Şirvanın hansı bölgəsində gizlədilməsi
barədə isə bilgi yoxdur. Teymurləngin Şimali Qafqazdan
yığdığı sərvətin Xəzinə
dağında, Şirvanşah Fərrux Yəsar Şirvan
şahlığının xəzinəsini Gülüstan
qalasında, Mustafa xanın bu mahaldan əldə etdiklərini
Fit dağında gizlətmələri barədə məlumatlar
yayılıb. Lakin indiyə kimi həmin xəzinələrin
nə yerini bilən olub, nə də uzun illər axtarılsa
da, tapan.
Əslində,
Şirvan xəzinələrlə dolu bir ərazidir, Azərbaycanın
zəngin bölgələrindəndir. Şirvanın əsl xəzinəsi
onun abidələridir, mədəni irsidir. Əsrlərin
yaşıdı olan Diri Baba, Gülüstan, Qədim
Şamaxı, Cümə məscidi, Buğurt, Yeddi Günbəz,
Orta əsr Ağsu şəhəri, Şeyx Dursun, Qulartəpə,
Mehrəvan, Cavanşir, Basqal, Lahıc, Fitdağ və s.
açılmamış, oxunmamış daş kitabələrdir.
Onlar zaman keçdikcə üzə
çıxarılmış, tədqiq olunmuş və mənəvi
sərvətlərimiz siyahısına daxil edilmişlər.
Tariximizin
açılmış və açılmamış
qatlarının tədqiqi və təbliği ilə məşğul
olan "Miras" ictimai birliyi və Ağsu arxeoloji
ekspedisiyasının birgə layihəsi əsasında iyun
ayının birinci həftəsində kütləvi
informasiya vasitələri nümayəndələri
üçün növbəti dəfə brifinq
keçirildi. "Ağsuda aparılan arxeoloji tədqiqatların
ən yeni nəticələri" və "Şirvan xəzinəsinə
aparan yollar" mədəni irs turlarının təqdimatının
keçirilməsində məqsəd sirlər xəzinəsi
üzərinə KİV vasitəsilə daha gur işıq
salmaq, onları xalqa və ölkəmizə səfər edən
turistlərə lazımi şəkildə nümayiş
etdirməkdir. Bu isə, əlbəttə, qədim mədəniyyət
abidələrimizə təkcə dövlətin deyil, həmçinin
ictimai auditoriyanın maddi və mənəvi dəstəyi,
mühafizəsi, bir sözlə, tarixi keçmişin
mirasına doğma münasibət və vətəndaşlıq
mövqeyidir.
Brifinq
iştirakçıları yolüstü "Şirvan xəzinəsinə
aparan yollar" mədəni irs marşrutuna daxil olan Diri Baba
türbəsini (Qobustan şəhərində) ziyarət
etdikdən sonra Şamaxı rayon Tarix-Diyarşünaslıq
Muzeyindəki xəzinə ilə tanış oldular. Burada
minillik tarixi əhatə edən Şirvanşahlar dövlətinin
(VI-XVI əsrlər), eləcə də bu diyarın ulu
keçmişini bu günümüzə çatdıran
eksponatlar - nadir incilər toplanıb desək, daha doğru
olardı. Ümumiyyətlə, muzey olduqca zəngindir.
Ekspedisiyanın
proqramının əsas hissəsi ötən il aşkar
edilmiş orta əsr Ağsu şəhər kompleksi ilə
yaxından tanışlıq idi. Odur ki, Ağsu Rayon İcra
Hakimiyyətinin KİV nümayəndələri
üçün təşkil etdiyi brifinq Ağsu
dolaylarında, qədim və yeni Ağsu şəhərlərinin
panoramının göründüyü bir məkanda
keçirilməsi təsadüfi deyildi.
Məlumat
üçün deyək ki, "Miras" Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
milli sərvətlərimizdən sayılan maddi-mədəniyyət
nümunələrinin araşdırılması fəaliyyətinin
əsas hissəsini təşkil edir. "Miras"ın təşəbbüsü
və maliyyə dəstəyilə AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından
ibarət birgə ekspedisiya orta əsr Ağsu şəhərini
aşkara çıxarıb və orada muzey yaradılıb.
Adı çəkilən "Şirvan xəzinəsinə
aparan yollar" mədəni irs turlarının da Azərbaycanda
arxeoloji turizmin inkişafına təkan verən layihə
olması barədə bələdçi - Milli Azərbaycan
Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə
doktoru, "Miras" mədəni irsin öyrənilməsinə
kömək ictimai birliyin sədri Fariz Xəlillinin və sədr
müavini Arzu Soltanın verdikləri məlumata görə,
bu ilin may ayında Türkiyə Cümhuriyyəti Doqquz
Eylül Universiteti Qafqaz və Orta Asiya Arxeologiyası
Araşdırma Mərkəzinin təşkilatçılığı
ilə Manisa elinin Dəmirçi qəsəbəsində III
Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı keçirilib.
Respublikamızın arxeoloq və etnoqraflarını həmin
tədbirlərdə F.Xəlilli təmsil edib. Əsas
mövzusu türkdilli xalqların etno-mədəni tarixi olan,
üç bölmədən ibarət (arxeoloji mədəniyyət,
etnik mədəniyyət və mənəvi mədəniyyət)
konfransda dünyanın 60 ölkəsindən gəlmiş
arxeoloq və etnoqraf qatılıb. Konfransda "Orta əsr
Ağsu şəhəri" mövzusunda məruzə ilə
çıxış edən Fariz Xəlilli həmkarlarının
diqqətini bir daha ölkəmizin maddi-mədəniyyət
nümunələri ilə zənginliyinə yönəldib.
IV Beynəlxalq Avrasiya Arxeologiya Konfransının Azərbaycanda
- "Orta əsr Ağsu şəhəri"ndə
keçirilməsi qərara alınıb.
Ağsu
Şirvan bölgəsinin hələ qədim dövrlərdən
inkişaf etmiş yaşayış məntəqələrindən
biridir. Ağsu özünün sərt dolayları ilə də
yaxşı tanınır. İlin yay fəslində Ağsu
dağının aşırımında hava çox sərin
keçir. Ona görə də Bakıdan bir günlük də
olsa, bura dincəlməyə gələnlərin
sayı-hesabı olmur.
Ağsu
Böyük Qafqazın ətəklərində,
Şamaxıdan 37 km məsafədə yerləşir. Şəhərdən
3 km aralıdakı Şeyx Dursun məqbərəsi 1399-cu ildə
ucaldılıb. Piri Bəxtiyar türbəsi, Qaraqoyunlu kəndində
Ağ və Qırmızı gümbəzlər, Mustafalı
kəndində Şeyx Əmir Əhməd türbəsi,
şəhərin şərqində XVIII əsrin yadigarı
olan tikililərin xarabalıqları bu yerlərin dünənindən
soraq verən maddi-mədəniyyət və dini abidələridir.
EAğsu
şəhərini keçib, yeraltı, "Orta əsr
Ağsu şəhəri"nin üzə
çıxarılmış daş küçələri
ilə irəliləyirik. Azərbaycanın, Cənubi
Qafqazın, xüsusilə, türk dünyasının XVIII əsr
şəhər mədəniyyətini öyrənmək
üçün geniş imkanlara malik olan "Orta əsr
Ağsu şəhəri"nin tədqiqinə 2010-cu ilin mart
ayından başlansa da, indiyə kimi 7000 kvadratmetr sahə
açılıb, mindən artıq eksponat burada yaradılan
muzeyə təhvil verilib. Əsası XVIII əsrdə Nadir
Şah tərəfindən qoyulan Ağsu şəhəri az
vaxt ərzində əhalisinə və ərazisinə görə
Arazdan şimalda ən böyük yaşayış məntəqəsinə
çevrilib.
Şəhərin
öyrənilmiş iki hissəsində arxeoloji sahənin
üzəri örtülüb, qalıqlar konservasiya edilib.
Tapıntılar öz yerlərində nümayiş etdirilir
ki, bu da onların bir daha erroziyaya uğramasının
qarşısının alınmasında vacib şərtlərdəndir.
Layihə
arxeoloji turizmə hesablandığı üçün
qazıntı sahəsinin üzərinin örtülməsi,
tikililərin konservasiyası, arxeoloji materialların bərpası
işləri görüldükdən sonra ekspozisiyanın
yaradılmasına başlanıb. Bu ilin fevralından 3-cü
qazıntı sahəsindəki sənətkarlıq məhəlləsi
sərgi kompleksinin açılışı olub. 4-cü
qazıntı sahəsində də analoji işlər
görülür və yaxın vaxtlada bu kompleks Azərbaycanda
arxeoloji turizmin inkişafı istiqamətində öz
sözünü deyəcəkdir.
Sənətkarlıq məhəlləsi sərgisi inventara düşməyən saxsı və fayans qırıqlarından hazırlanmış dəmirçi sexi, təndirxana və bulaqbaşı kompozisiyalarından ibarət mozaika ilə başlanır. Məhəllələrdən başlayıb əsas küçəyə çıxan yolun kənarlarında misgər, dəmirçi və sümük işi sexi görünür. Bunların qonşuluğunda isə dərzi sexi və boyaq dükanı yerləşir. Boyaq dükanının qarşısı nisbətən geniş binalarla əhatələnmiş meydandır. Bu sex və dükanlardan, bina və həyətlərdən, küçə və meydanlardan aşkar olunmuş maddi-mədəniyyət nümunələri bilavasitə tapıldığı yerdə qoyulmaqla, bir növ şəhərin ilkin görkəmi bərpa olunub. İri eksponatlar açıqda, tapıldığı yerdə, xırda və nadir tapıntılar vitrinlərdə təqdim edilir. Divarlarda şəhər ərazisində aparılan qazıntılardan görüntüləri, bununla bağlı keçirilmiş sərgi və konfransları, seminar və ekskursiyaları, tapıntıları göstərən informasiya panelləri, 3D filmin nümayiş etdirildiyi monitorlar qoyulub. Sərgi kompleksi bir marşrut boyunca olub, heç yerdə kəsişmir, quraşdırılmış kameralar kompleksi gecə-gündüz nəzarətdə saxlamağa imkan verir.
Bələdçi onu da bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi abidənin tədqiqi və konservasiyası istiqamətində görülmüş işləri nəzərə alaraq, "Orta əsr Ağsu şəhəri" arxeoloji turizm marşrutlarına daxil edib. Turizm ilinə töhfə olan bu kompleks ilin bütün fəsillərində ziyarət üçün açıqdır.
Tədbirin sonunda "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi maddi-mədəniyyət abidələrinin tədqiqi və təbliğində fərqlənən KİV təmsilçilərini diplomlarla təltif etdi. 2011-ci ilin ekoturizm ili olmasını nəzərə alsaq, adıçəkilən tədbirin əhəmiyyəti olduqca böyükdür.
Beləliklə, qeyd etməyə dəyər ki, Şirvan xəzinəsinə aparan yollar tariximizin alt qatlarınadək uzanırE
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-7 iyul.- S. 7.