Cümə məscidi Prezidentin
tapşırığı ilə yenidən qurulur
İyulun 7-də Prezident İlham Əliyev Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, Cümə məscidi 1990-cı ildə şəhər əhalisinin şəxsi vəsaiti hesabına tikilərək istifadəyə verilmişdir. Eyni vaxtda 700 nəfərin ibadət etmək imkanı olduğu bu məscid son illər təmir olunmadığından əvvəlki görkəmini itirmiş, divarlarda çatlar əmələ gəlmişdir. Məscidin həyətyanı sahəsinin də bərpasına ehtiyac vardır. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə məsciddə əsaslı təmir işlərinə və yeni minarənin tikintisinə başlanılmışdır. Bu işlərin sayəsində sumqayıtlıların dini məbədi kompleksə çevriləcək və onun görkəminə də xüsusi gözəllik veriləcəkdir.
Məscidin təmirdən sonrakı vəziyyətini əks etdirən fotostendə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, əsaslı təmir nəticəsində məscid yeni görkəmi ilə diqqəti cəlb edəcəkdir. Bununla yanaşı, dindarlar ayinləri rahat şəkildə yerinə yetirmək üçün gözəl imkanlar əldə edəcəklər.
Dövlətimizin başçısına müqəddəs "Qurani-Kərim" hədiyyə olundu.
Məscidin həyətyanı sahəsini gəzən Prezident İlham Əliyev ərazidə yaşıllaşdırma işlərinə də diqqət yetirilməsinin vacibliyini bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2011.- 8 iyul.- S.3.