Qədim Gəncədə səmərəli görüşlər

 

 Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviç iyulun 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

AzərTAc xəbər verir ki, səfərini Gəncədən başlayan Belarusun Baş naziri şəhərin Beynəlxalq hava limanında böyük hörmət və ehtiramla qarşılanmışdır. Buradan şəhərin mərkəzi meydanına gələn hörmətli qonaq ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşdur.

Sonra Baş nazir Mixail Myasnikoviç dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişdir. Qonağa məqbərədə görülən təmir-bərpa işləri barədə ətraflı məlumat verildi. Baş nazir məqbərənin xatirə kitabına ürək sözlərini yazmışdır.

Daha sonra Gəncə Avtomobil Zavoduna gələn Baş nazir burada yeni yığma sexinin açılışında iştirak etmişdir. Gəncə Avtomobil Zavodunun uğurlarından bəhs edən videosüjetə baxan Baş nazir müəssisəni gəzərək onun fəaliyyəti ilə yaxından tanış olmuşdur. Baş nazirə məlumat verilmişdir ki, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı verdiyi göstərişlərə əsasən qurulan iqtisadi əlaqələr bu gün Gəncə Avtomobil Zavodunda öz müsbət bəhrələrini verməkdədir. Ümumi ərazisi 7000 kvadratmetr olanmüasir standartlara cavab verən texnoloji avadanlıqla təchiz olunmuş yeni istehsal sahəsində kommunal təyinatlı avtomobillərin yığılması nəzərdə tutulmuşdur.

Belarusun Baş naziri sexdə yığım, boyama, sınaq və s. sahələrə baxış keçirdikdən sonra fəhlə və mütəxəssislərlə söhbət etmişdir. Bundan sonra istehsalat birliyində yeni sexin açılışı olmuşdur. Nəqliyyat naziri Ziya Məmmədovun da iştirak etdiyi mərasimi giriş sözü ilə açan Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev müəssisənin fəaliyyət göstərdiyi qısa müddətdə qazandığı uğurlardan danışmışdır. Minsk Avtomobil Zavodu ilə bağlanmış müqaviləyə əsasən, indiyədək burada 1300 "MAZ" avtomobilinin, 400 "Belarus" traktorunun yığıldığını diqqətə çatdıran Xanlar Fətiyev indiyeni bir yığım xəttinin işə salındığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycan-Belarus-Almaniya birgə əməkdaşlığı sayəsində artıq Gəncə Avtomobil Zavodu kommunal təyinatlı texnikaların yığımına da hazırdır.

Minsk Avtomobil Zavodu və Almaniyanın "Haller" şirkəti arasında bağlanmış müqaviləyə əsasən Gəncə Avtomobil Zavodunda ildə 100-150 ədədə yaxın yeni texnikanın yığılması nəzərdə tutulmuşdur. "MAZ" avtomobillərinin bazasında yığılacaq bu texnika əsasən məişət tullantılarının daşınması üçün nəzərdə tutulmuşdur. Kommunal texnikaların təkcə Azərbaycanda deyil, Türkiyə və Gürcüstanda da satışı təşkil ediləcəkdir. Yeni istehsal sahəsinin işə düşməsi isə əlavə 100 nəfərin işlə təmin edilməsinə imkan yaradacaqdır.

Sonra Azərbaycan, BelarusAlmaniya şirkətləri arasında 4 memorandum imzalanmışdır.

İmzalanma mərasimindən sonra Baş nazir Mixail Myasnikoviç çıxış edərək demişdir ki, Azərbaycan ilə Belarus arasındakı uzaq məsafəni dövlətlərimizin başçıları dostluq münasibətləri ilə yaxınlaşdırmışlar. Gəncə Avtomobil Zavodunun qazandığı uğurlar bu münasibətlərin bariz nümunəsidir. Baş nazir demişdir ki, bu gün imzalanan çox mühüm sənədlər Gəncə Avtomobil Zavodunun belaruslu tərəfdaşları ilə əməkdaşlığının daha da genişləndirilməsinə şərait yaradacaqdır. Bu gün açılışında iştirak etdiyimiz bu sexdə istehsal olunacaq kommunal texnikaların istehsalına Almaniya şirkətinin də qoşulması üçtərəfli əlaqələr baxımından gələcəkdə daha böyük əməkdaşlıq üçün yeni perspektivlər açır. Bu əməkdaşlıq hər üç ölkə üçün iqtisadi baxımdan əlverişlidir.

Almaniyanın "Haller" şirkətinin nümayəndəsi Akeel Panne yeni sexin açılış mərasimində çıxış edərək təmsil etdiyi şirkətin Gəncə Avtomobil Zavodu ilə yaratdığı əlaqələrdən söhbət açmışdır. O qeyd etmişdir ki, bu gün üç ölkə arasında imzalanan memorandum iqtisadi əlaqələrlə yanaşı, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına imkan yaradacaqdır. Sevindirici haldır ki, bir il əvvəl bu layihə ilə bağlı imzalanmış niyyət protokolu bu gün reallaşmışdır. Artıq yenimüasir bir yığım sexi yaradılmışdır ki, bunun da sayəsində yeni texnikaların istehsalına başlanacaqdır.

Layihənin uğurla reallaşmasına verdikləri dəstəyə görə Azərbaycan hökumətinə, şəxsən bu işə diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə təmsil etdiyi şirkət adından minnətdarlığını bildirən Akeel Panne ölkəmizin müstəqilliyini qazandıqdan sonra böyük yüksəlişə nail olmasından məmnunluğunu dilə gətirmişdir. Bildirmişdir ki, ölkə başçısının müdrik siyasəti nəticəsində sürətlə inkişaf edən Azərbaycan bu gün öz iqtisadiyyatını misli görünməmiş səviyyəyə qaldırmışdır.

Mərasim başa çatdıqdan sonra Belarusun Baş naziri kütləvi informasiya vasitələri nümayəndələrinə Azərbaycana səfərinin məqsədini açıqlamış, zavodda çalışan belaruslu mütəxəssislərlə söhbət etmişdir.

Həmin gün Belarusun Baş naziri Mixail Myasnikoviç Gəncə Beynəlxalq hava limanından Bakıya yola düşmüşdür.

 

Azərbaycan.- 2011.- 8 iyul.- S.5.