"2011-2021-ci illərdə Azərbaycan
təhsilinin inkişafı üzrə Milli
Strategiya"nın hazırlanması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Son illər
ərzində aparılan davamlı islahatlar siyasəti ölkəmizin
iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə
güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi
inkişafı və insanlarımızın rifah
halının yaxşılaşmasını təmin
etmişdir. Məqsədyönlü iqtisadi inkişaf
strategiyasının həyata keçirilməsi nəticəsində
Azərbaycan orta gəlirli dövlətlər sırasına
daxil olmuşdur.
İnkişafın innovasiya mərhələsinə keçilməsi,
rəqabətədavamlı milli
iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi
başlıca olaraq insan
kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin
dünya standartlarına cavab
verməsini tələb edir.
Respublikamızın mövcud
potensialı müasir və innovativ təhsil sisteminin
təkmilləşdirilməsi üçün
geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm
amilinə çevrilməsini təmin etməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq ölkəmizdə informasiya
cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan
iqtisadiyyata keçidin
yeni təhsil modelinə tələbatını
nəzərə alaraq qərara alıram:
1. "2011-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli
Strategiya"nın hazırlanması ilə bağlı
aşağıdakı tərkibdə Dövlət
Komissiyası yaradılsın:
Dövlət
Komissiyasının sədri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Dövlət
Komissiyasının üzvləri
Elçin Əfəndiyev
- Azərbaycan Respublikası Baş nazirinin müavini
Misir Mərdanov - Azərbaycan Respublikasının
təhsil naziri
Samir Şərifov - Azərbaycan Respublikasının
maliyyə naziri
Əli Abbasov - Azərbaycan Respublikasının
rabitə və informasiya texnologiyaları naziri
Elman Rüstəmov - Azərbaycan
Respublikası Mərkəzi
Bankının sədri
Məleykə Abbaszadə - Azərbaycan Respublikası
Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının sədri
Şahmar Mövsümov - Azərbaycan Respublikası
Dövlət Neft Fondunun icraçı direktoru
Fatma Abdullazadə - Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Humanitar siyasət məsələləri şöbəsinin
müdiri
İsmayıl Sadıqov - Azərbaycan Respublikası
Nazirlər Kabineti Aparatının elm, mədəniyyət,
xalq təhsili və sosial problemlər şöbəsinin
müdiri
2. Bu sərəncamın 1-ci hissəsi
ilə yaradılmış
Dövlət Komissiyası
"2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə
Milli Strategiya"nın layihəsini üç ay müddətində
hazırlayıb təsdiq
olunmaq üçün
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 iyul 2011-ci il
Azərbaycan.- 2011.-
12 iyul.- S.1.