Fiziki şəxslərin də onlayn rejimində qeydiyyata alınmasına başlandı

 

Xəbər verildiyi kimi, Vergilər Nazirliyi tərəfindən sahibkarlığın qeydiyyatının müasir beynəlxalq standartlara tam uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində cari il iyul ayının 1-dən etibarən fiziki şəxslərin İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatına başlanmışdır. İndi isə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün onlayn rejimində qeydiyyata alınmasına start verildi.

Bununla bağlı "Hyatt Bakı" mehmanxanasında keçirilən təqdimat mərasimində dovlət strukturlarının, beynəlxalq və yerli təşkilatların, sahibkarlıq birliklərinin nümayəndələri iştirak etmişlər.

Tədbiri açan vergilər nazirinin birinci müavini Natiq Əmirov müasir dövlət idarəçiliyinin informasiyakommunikasiya texnologiyalarına söykəndiyini bildirmiş, ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına əsaslanaraq vergi inzibatçılığının təkmilləşdirilməsi barədə danışmışdır. Nazir müavini elektron hökumətin qurulması çərçivəsində daha bir layihənin reallaşdırıldığını bildirmiş, bundan sonra fərdi sahibkarların vergi orqanlarında uçotunun elektron formata keçiriləcəyini qeyd etmişdir. Sonra o, elektron qeydiyyat sisteminin

(e-qeydiyyat) tətbiqi barədə ətraflı məlumat verərək bildirmişdir ki, e-qeydiyyat sisteminin tətbiqi Prezident İlham Əliyevin 23 may 2011-ci il tarixdə imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən qəbul olunmuş Tədbirlər Planı çərçivəsində həyata keçirilmişdir. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə tətbiq olunan bu sistem sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipinin davamı olaraq həyata keçirilən mühüm layihələrdən biridir.

Nazirliyin baş idarə rəisi Zaur Fətizadə isə onlayn qeydiyyat rejiminin vergi ödəyicilərinə verdiyi üstünlüklər barədə danışaraq qeyd etmişdir ki, yeni sistemin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınırlar. "Bir pəncərə" prinsipinin tətbiqi ilə fərdi sahibkarlar qeydiyyata durmaq üçün 2 gün sərf edirdilərsə,

e-qeydiyyatın tətbiqi biznesə başlama üçün tələb olunan vaxtı bir neçə dəqiqəyə qədər azaldır. Bununla yanaşı, fiziki şəxslərin onlayn rejimində qeydiyyatı həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxtmaddi resurs sərfiyyatının azaldılmasına imkan verəcək, həmçinin şəffaf qeydiyyat prosedurlarının aparılmasını təsbit edəcək. İlkin qiymətləndirmələrə görə, e-qeydiyyatın tətbiqi ildə 1 milyon manata yaxın vəsaitin qənaət edilməsinə imkan verəcək.

Tədbir çərçivəsində yenilənmiş İnternet Vergi İdarəsinin təqdimatı da olmuşdur. İnternet Vergi İdarəsində fərdi sahibkarların e-qeydiyyatı bölməsi yaradılmış, www.e-taxes.gov.az portalının dizayn və naviqasiyası təkmilləşdirilmiş və sadələşdirilmiş, yeni formatda istifadəçi təlimatları yerləşdirilmişdir. Həmçinin saytda sahibkarlıq subyektləri üçün qeydiyyat, bank hesabının açılması, fəaliyyətin dayandırılması, ƏDV qeydiyyatına alınma üçün e-ərizələr də təqdim edilmişdir.

Tədbirdə Prezident Administrasiyasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, yerli və beynəlxalq təşkilatların, sahibkarlıq birliklərinin nümayəndələri çıxış etmiş, informasiya texnologiyalarının tətbiqinin verdiyi üstünlüklər, e-qeydiyyat sisteminin biznes mühitinin sadələşməsinə verdiyi faydalar barədə danışmışlar.

Təqdimat mərasiminin sonunda KİV nümayəndələri üçün brifinq keçirilmişdir.

 

Azərbaycan.- 2011.- 8 iyul.- S.9.