ATƏT-dən Dağlıq Qarabağ çağırışı

 

ATƏT Parlament Assambleyası təşkilat çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha fəal səylər göstərməyə çağırmışdır.

AzərTAc xəbər verir ki, bu barədə ATƏT PA-nın bazar günü Belqradda başa çatan illik iclasının yekun bəyannaməsində qeyd edilmişdir.

Assambleyanın rəsmi saytında yerləşdirilən sənəddə bildirilir ki, ATƏT Parlament Assambleyası son vaxtlar Dağlıq Qarabağ ətrafında gərginliyin artması ilə bağlı təəssüfləndiyini bildirmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, həmçinin də Moldova və Gürcüstandakı həll olunmamış münaqişələrin nizamlanması üçün ATƏT çərçivəsində daha fəal siyasi səylər göstərməyə çağırmışdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ilə başlamışdır. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər arasında atəşkəs rejiminə dair razılaşma əldə edilmişdiro vaxtdan ATƏT-in Minsk qrupunun, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bugünə qədər yerinə yetirməmişdir.

 

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.1.