Avropa Parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilmişdir

 

Strasburqda Avropa Parlamentinin plenar sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin vəziyyətinə dair müzakirələr keçirilmişdir.

AzərTAc xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun hesabatından sonra parlament üzvləri məsələ ilə bağlı müzakirələr aparmışlar.

Estoniyadan Avropa Parlamentinin üzvü Kristina Oyuland 2010-cu ildə Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə uyğun olaraq erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdır. Avstriyalı deputat Ulrike Lunaçek Ermənistanı işğal olunmuş əraziləri boşaltmağa çağırmışdır. Latviyadan olan deputat İnes VaderAİ-nin münaqişənin həllində kifayət qədər fəal olmadığını vurğulamışdır. İ.Vader bildirmişdir ki, münaqişənin həlli üçün erməni qoşunları işğal etdikləri torpaqlardan çıxarılmalıdır ki, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıda bilsinlər. O, Ketrin Eştonun Azərbaycan və Ermənistana nəzərdə tutulan səfərinin münaqişənin həllinə yardım edəcəyinə ümidvar olduğunu demişdir. Avronest Assambleyasının prezidenti, Avropa Parlamentinin üzvü Kristian Vigenin də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin artmasından narahatlığını ifadə etmiş, Avropa Parlamentinin münaqişənin həllində daha əhəmiyyətli rol oynamasının vacibliyini diqqətə çatdırmışdır.

K.Vigenin Avropa Parlamentinin iki ölkə arasında dialoqun aparılmasına yardım etməsinin, münaqişənin həllində daha əhəmiyyətli rol oynamasının vacibliyini qeyd etmişdir.

 

Azərbaycan.- 2011.- 8 iyul.- S.9.