Azərbaycanda səfərdə olan Çinin nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

İyulun 11-də Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası çərçivəsində yaradılmış Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Vilayəti arasında iqtisadi-ticarət üzrə işçi qrupunun ilk iclasının iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

İclas iştirakçıları Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.2.