ATƏT Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırılmışdır

 

Serbiyanın paytaxtı Belqradda ATƏT Parlament Assambleyasının yay sessiyası davam edir.

Sessiyada iştirak edən Azərbaycan parlament nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələ qaldırmışdır.

Sessiya çərçivəsində assambleyanın daimi komitəsinin iclası keçirilmişdir. İclasda assambleyanın maliyyə məsələlərinə, üzv dövlətlərin üzvlük haqlarına, 2011-2012-ci illər üçün büdcəsinə baxılmışdır. Assambleyanın baş katibi Spenser Oliver çıxışında beynəlxalq katibliyin işindən danışmış, təşkilatın seçkiləri müşahidə missiyalarında təmsil olunan deputatların sayının ildən-ilə artdığını bildirmişdir.

Makedoniya, Qazaxıstan və Türkiyədə keçirilmiş seçkilərdə müşahidə missiyalarının rəhbərlərinin hesabatları dinlənilmiş və müzakirələr aparılmışdır.

Qadın və kişi bərabərliyinin təmin olunması ilə bağlı sənədin layihəsinin ümumi iclasda müzakirəyə çıxarılması təklif edilmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Bahar Muradova assambleya sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyinatı məsələsini qaldırmışdır. Assambleya sədri Petros Eftemiu bu məsələnin yaxın vaxtlarda həll ediləcəyini bildirmişdir.

Assambleyanın ümumi iclasında ATƏT-in fəaliyyətdə olan sədri çıxış edərək regiona səfərindən, görüşlərindən danışmış, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığından təəssüf hissi keçirdiyini, problemin həlli istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirmişdir.

Məsələ ilə bağlı Bahar Muradovanın sualına cavab olaraq sədr bildirmişdir ki, Azərbaycan və Ermənistan özləri ayrı-ayrılıqda Minsk qrupunun fəaliyyətinə qiymət verməlidirlər. Qrup çoxlu təkliflər irəli sürüb və irəli sürməkdə davam edir. Hər iki ölkənin təkliflərə reaksiyaları təhlil olunmalıdır.

Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Azay Quliyev həmsədrlərin assambleya qarşısında çıxış etməsi mümkünlüyü məsələsini qaldırmış, Ermənistanın hər zaman danışıqları pozmaq cəhdlərini tənqid etmişbuna qiymət verilməsinin vacibliyini vurğulamışdır.

 

Azərbaycan.- 2011.- 8 iyul.- 9.